Modern.az

Azərbaycan müxalifətindən Kılıçdaroğluna ETİRAZ

Azərbaycan müxalifətindən Kılıçdaroğluna ETİRAZ

Ölkə

9 May 2023, 09:12

Azərbaycanın müxalifət partiyaları Türkiyədə "Millət İttifaqı"nın prezidentliyə vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun “Yeni İpək Yolu” layihəsinə münasibət bildiriblər. Ölkəmizin müxalif namizədin təqdim etdiyi layihədən kənarda qalması Kılıçdaroğlunun uğursuz seçki vədi kimi qiymətləndirilib və siyasi cameə tərəfindən etirazla qarşılanıb.

 

Məlumat üçün bildirək ki, CHP sədri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub. 

 

Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub.  

 

Xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu "Yeni İpək Yolu" layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib. 

 

Modern.az etirazla qarşılanan “Yeni İpək Yolu” layihəsi barədə Azərbaycan müxalifət təmsilçilərinin fikirlərini öyrənib.

 

 

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn hesab edir ki, Kılıçdaroğlu bununla xeyli səs itirib.

 

"Ümumiyyətlə "Bir kəmər bir yol" şimal və cənub dəhlizlərinin qovuşmasını nəzərdə tutur. Bu layihənin gerçəkləşməsi üçün Azərbaycan üzərindən bir sıra işlər görülüb. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələtdə azad iqtisadi zonanın, yeni dəniz limanının yaradılması və digər logistik layihələri buna misal kimi göstərə bilərik. Açığı, Kılıçdaroğlunun seçki kampaniyası zamanı irəli sürdüyü "Türk yolu" adlı layihəyə böyük əhəmiyyət vermək lazım deyil. O, primitiv də olsa layihəni nümayiş etdirdi. Kılıçdaroğlu öz planınını sadəcə bir vərəq üzərində göstərib, həyatının "ən böyük layihəsi" adlandırıb. Mən düşünürəm ki, Kılıçdaroğlu sözügedən layihəni təqdim etməklə xeyli səs itirdi", - keçmiş baş nazir deyib.

 


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu: "Bu, seçki kampaniyasıdır və həmin layihə Kılıçdaroğlunun şəxsi fikrindən başqa bir şey deyil. Yəni bizim nə deyəcəyimizdən daha çox Türkiyədə olan seçicilərin nə düşündüyü önəmlidir. Onlar Kılıçdaroğlunun fikirlərini dəyərləndirməlidir.

 

Onu da qeyd edim ki, Kılıçdaroğlunun fikirlərində çox sayda qəbuledilməz nüanslar var. Ancaq bizim qəbul edib-etməməyimizin onların seçki kampaniyasına heç bir təsiri yoxdur. Ancaq söyləyim ki, mən onunla eyni fikirləri bölüşmürəm".

 

 

Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədlinin fikrincə, Kılıçdaroğlunun göstərdiyi "türk yolu" layihəsi onun ən uğursuz addımlarından biridir:


"İranın Azərbaycana və Türk dünyasına olan mövqeyi hər kəsə bəllidir. Kılıçdaroğlunun irəli sürdüyü layihə haqqında kifayət qədər yazılar dərc olundu. Təbii ki, bu fikrə müxalif olanlar da var. Mən düşünürəm ki, sözügedən layihə Kılıçdaroğlunun indiyə qədər seçki platformasında olan ən uğursuz addımlarından biri idi. Sözün açığı, Kılıçdaroğlunun belə bir layihə ilə çıxış etməsi onun səs itirməsi ilə nəticələnə bilər. Ümumiyyətlə, söhbət Orta Asiya ilə Avropanı birləşdirən qədim ipək yolundan gedirsə, Azərbaycan həmin layihədən kənarda qalmamalıdır", - deyə o bildirib.

 


Müsavat başqanının müavini Osman Kazımov vurğulayıb ki, CHP sədrinin təqdim etdiyi layihənin reallaşması şübhə doğurur:

 

"Sözügedən layihənin baş tutub-tutmayacağını hələ bilmək olmaz. Bütün bunlar seçki kampaniyasına hesablanıb. Biz Türkiyədə ki seçkilərə hörmətlə yanaşırıq. Türkiyədə kimin seçilməsindən asılı olmayaraq, Azərbaycana münasibət dəyişməyəcək". 

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür