“Bildiyiniz kimi Amerika ilə Azərbaycan arasında qarşılıqlı hörmət və anlaşma mühitinin formalaşmasına xidmət edən Azərbaycan-Amerika Alyansı dəfələrlə bu və ya digər şəkildə ölkə dəyərlərinin, iqtisadi, siyasi, mədəni nailiyyətlərin okeanın o tayında tanıdılması istiqamətində böyük layihələr həyata keçirib”.
Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədov bildirib.
Facebook səhifəsində bu barədə məlumat verən A.Məmmədovun sözlərinə görə, Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə reallaşan layihələr Amerika mətbuatını və ictimaiyyətini Azərbaycanla daha artıq tanış etməyə istiqamətlənir.
“İstər musiqili-bədii gecə, geniş Xocalı tanıtım kampaniyası, 10 May Gül Bayramı, istərsə də Forbes.com saytının Azərbaycan haqqında hazırladığı silsilə materiallar – hər layihə ilə Alyans missiya və əqidəsində möhkəm olduğunu bir daha isbat edir.
Təsisçisi olduğum Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə reallaşan layihələr geniş miqyas alaraq, Amerika mətbuatını və ictimaiyyətini Azərbaycanla daha artıq tanış etməyə istiqamətlənir.
Alyans iki ölkə arasında münasibətlərin yaxınlaşması istiqamətində tədbirlərini və layihələrini müntəzəm şəkildə davam etdirir. Belə ki, Alyansın fəxri prezidenti, keçmiş konqresmen, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin və Avropa, Avrasiya və fövqəladə hallar altkomitəsinin sədri Den Börton bu günlərdə The Washington Times qəzetində dərc etdiyi böyük məqalədə ölkəmiz ilə tanışlıqdan əlavə, Azərbaycanın regionun bir sıra taleyüklü məsələlərində ABŞ-la mümkün tərəfdaşlığından bəhs edib.
Qeyd edim ki, The Washington Post qəzetindən sonra Vaşinqtonun ikinci ən nüfuzlu qəzeti hesab olunan The Washington Times Konqress, Ağ Ev, Dövlət Departamenti və digər qurumlar tərəfindən diqqətlə izlənilir”-deyə A.Məmmədov bildirib.
Modern.az