Modern.az

Dövlət Komitəsində Heydər Əliyevin 100 illiyi qeyd olunub - FOTOLAR

Dövlət Komitəsində Heydər Əliyevin 100 illiyi qeyd olunub - FOTOLAR

Diaspor

9 May 2023, 17:18

Diasporla İş üzrə Dövlət Komitəsində müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdən öncə ümummilli liderin  Diasporla İş üzrə Dövlət Komitəsinin binasının girişindəki büstü ziyarət olunub.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Toplantını açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ulu öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, eyni zamanda Azərbaycan diasporunun formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, dahi şəxsiyyətin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın, mədəniyyət paytaxtımız Şuşa şəhərinin işğaldan azad edilməsi vəsiyyətini yerinə yetirib.

 

Komitə sədri nəzərə çatdırıb ki, dövlət başçısının tapşırıqları, Heydər Əliyev Fondunun dəstəyi və ölkəmizin  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu sistemli fəaliyyətin nəticəsi Vətən müharibəsi dövründə də ciddi şəkildə özünü göstərib.

 

Tədbir iştirakçılarına ümummilli lider Heydər Əliyevin Azərbaycanın diaspor  quruculuğu siyasətindən bəhs edən sənədli film və xüsusi buraxılış kimi nəsr olunan jurnal, eyni zamanda dahi şəxsiyyətin ölçüyəgəlməz fəaliyyətini əks etdirən kitablar  təqdim olunub. Qeyd edək ki, həmin kitablar Komitənin dəstəyi ilə yerli və xarici nəşriyyatlarda çap olunub.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov Azərbaycanın ikinci müstəqilliyinin qorunub saxlanılmasında və diaspor quruculuğunda Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib, onu dünya azərbaycanlılarının müəllimi adlandırıb, xalqımızın böyük oğlu ilə bağlı xatirələrini bölüşüb.

 

Milli təhlükəsizlik üzrə ekspert Seymur Şeydayev Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında və sovet dövründə azərbaycanlı dissidentlərin həbsdən xilas olmasında ulu öndərin rolundan söz açıb.

 

Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə ümummilli liderin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə güneyli mühacirlərə diqqət və qayğısından, müstəqil Azərbaycanın Prezidenti kimi xarici səfərləri zamanı Güney Azərbaycandan olan soydaşlarımızla görüşlərindən bəhs edib.

 

Çıxış edən diaspor nümayəndələri xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının əsasında Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının dayandığını vurğulayıblar. Görkəmli dövlət xadiminə sonsuz sevgi, sayğı və ehtiramlarını ifadə edən tədbir iştirakçıları nəzərə çatdırıblar ki, Azərbaycanın qüdrətlənməsində, xalqımızın bütövləşməsində əvəzsiz xidmətləri olan, diasporumuzun formalaşması, dövlətin qüdrətinin həm də diaspor və lobbinin gücü ilə ölçülməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev əbədi olaraq tarixin ən uca zirvəsində yaşayacaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı