Modern.az

“Qayınata evinin küncünə sıxışmış qəzetçilərlə qonşu olmaq istərdim” – MÜSAHİBƏ

“Qayınata evinin küncünə sıxışmış qəzetçilərlə qonşu olmaq istərdim” – MÜSAHİBƏ

Media

29 İyun 2013, 15:46

 

Modern.az-ın müsahibi “Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlıdır. O, mənzil üçün fərdi qaydada Mətbuat Şurasına müraciət edib.

-  Əflatun Amaşov açıqlamasında bildirib ki, 70 jurnalist Mətbuat Şurasına ev almaq üçün fərdi qaydada müracət edib. Siz də müraciət edənlərin içərisində varsınız...

– İyunun 3-də mənim jurnalistikaya gəlişimin 22 ili tamam oldu. Qəzetçiliyə tələbə ikən başlamışam. O zamandan indiyə qədər aktiv jurnalistika ilə məşğul olmuşam, ölkənin aparıcı media orqanlarında işləmişəm. Azərbaycanda jurnalistikaya aid olan, bu işə ömür sərf edənlərin sırasında mən də varam. Ancaq bu illərdə şəxsi mənzil ala bilməmişəm. Hər kəsə bəllidir ki, jurnalist maaşı ancaq gündəlik ehtiyacların ödənməsinə çatır. Sonuncu iş yerim olan “Yeni Müsavat”da ötən ilin aprelindən çalışdığıma görə redaksiyadan mənzillərə iddialı olanların siyahısına düşə bilmədim. Bilirsiniz ki, şərtlərə görə jurnalist sonuncu iş yerində 3 il çalışmalıdır. Ancaq Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşdüm və 20 ildən artıq Azərbaycanda azad sözə xidmət edən bir şəxs kimi sənədlərimi qəbul etməsini xahiş etdim. 

-Bildiyim qədər, siz jurnalistlər üçün ayrıca bina tikilməsinin təşəbbüsçülərindənsiniz...

-Elədir. 8 il öncə Parlament Jurnalistlər Birliyinin üzvləri olaraq jurnalistlər üçün ayrıca bina tikilməsini gündəmə gətirdik. Elşad Eyvazlının təşkilatçılığı ilə Mətbuat Şurasının sədri ilə çoxsaylı söhbətlərimiz oldu, rəsmi şəxslərlə danışıqlar apardıq. Biz jurnalistlərə mənzillərin güzəştli şərtlərlə uzunmüddətli kredit yolu ilə satılmasını təklif edirdik. Ancaq sonradan məsələnin prezident səviyyəsində məsələnin bu cür həllinə qərar verildi. 

-Müzakirələr zamanı bir çoxları jurnalistlərin ev almasını rüşvət kimi dəyərləndirdi. Bu məsələyə sizin münasibətiniz necədir?

– Rüşvət hesab etsəydim, təbii, müraciət etməzdim. Bu bina dövlət vəsaiti hesabına tikilib. Jurnalistlər isə Azərbaycan dövlətinə xidmət edən ən fədakar zümrədir. Təbii, söhbət bu peşənin əsl sahiblərindən gedir. Bu məsələyə “rüşvətdir” deyə etiraz edənləri də anlamıram. Bunu deyən şəxslərin çoxu bir zamanlar onların valideynlərinə dövlətin verdiyi evlərdə yaşayıb və yaşamaqda davam edir. Demək olarmı ki, onların valideynləri Kommunist Partiyasından rüşvət alıblar? Belə çıxır, hakimiyyəti bəyənməyənlər metroya minməməli, yeni körpülərdən keçməməlidir, çünki həmin obyektlər dövlət vəsaitinə tikilib. Absurd bir ittihamdır.

– Ümumiyyətlə, məlumatınız varmı daha kimlər fərdi qaydada müraciət ediblər?

– Xeyr. Siyahıda kimlərin olması haqqında bilgim yoxdur. Sadəcə, Əflatun Amaşovun dilindən 70 nəfərin fərdi qaydada müraciət etdiyini eşitmişəm.

– Fərdi qaydada müraciət edənlərin mənzillə təmin olunmasından nə qədər əminliyiniz var?

– Düşünürəm ki, bu siyahıda da mənzilləri almağa haqqı çatan jurnalistlər var. Jurnalistika daimi iş yeri anlayışına daxil olan peşə deyil. Elə sənətlər var, eyni müəssisədə çalışıb vəzifə pillələrini qalxmaq, karyera qurmaq mümkündür. Jurnalist isə hər zaman yaradıcı potensialı üçün daha münasib imkanlar təklif edilən iş yerlərinə can atır. Bu səbəbdən çoxumuzun Əmək Kitabçası ümumi dəftərə bənzəyir. Elə jurnalist ola bilər ki, 7 ildir eyni redaksiyada çalışır, mənzilə də ehtiyacı var, ancaq Mətbuat Şurasının mənzillərin verilməsi şərtləri elan edilməmişdən öncə daha yaxşı şərtlərlə başqa işə keçib. Bu, onun iddiaçı olmasının qarşısını almamalıdır. Ona görə də redaksiya siyahıları ilə yanaşı fərdi müraciətlərin qəbul edilməsi müsbət haldır.

– Aygün Muradxanlı kiminlə qonşu olmaq istəyərdi?

– Qələmini ucuz tutmayıb uzun illər övladlarını kirayələrdə, ata, qayınata ocağının bir küncünə sıxışmış şəkildə böyütmək məcburiyyətində qalanlar qəzetçilərlə. Ən vacibi də aktiv jurnalistika ilə məşğul olanlarla. Belələri çoxdur. Bu son illər media aləmi ilə bağlı hökumətin ən böyük layihəsidir. Problem xeyli mübahisə və müzakirələrdən keçib. Ümid edirəm, 156 nəfərlik siyahıda mənzillərə haqqı çatan əsl jurnalistlərin adı olacaq. 

Pərvin ARZUQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi