Modern.az

Gülçöhrə Məmmədova: “Oğluma bir söz, tələbəmə başqa söz deyə bilmərəm” - MÜSAHİBƏ

Gülçöhrə Məmmədova: “Oğluma bir söz, tələbəmə başqa söz deyə bilmərəm” - MÜSAHİBƏ

1 İyul 2013, 10:57

“Tutduğum vəzifələrin heç birinə özüm can atmamışam”

Modern.az saytının “Pəncərə” layihəsindəki müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədovadır. 

– İllər öncə siz də Memarlıq və İnşaat Universitetinin məzunu olmusunuz. Hazırdasa bu universitetin rektorusunuz.

– 1971-ci ildə memarlıq fakültəsinə qəbul olmuş və 1976-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirmişəm. Həyatımın ən maraqlı çağları o illərdə başladı. Tələbəlik dövrü çox məhsuldar bir dövrdü. Hər bir insanın gələcək karyerasının əsası məhz, o illərdə qoyulur. Tələbə gənclərlə görüşəndə həmişə deyirəm ki bu illərə məsuliyyətlə yanaşın.

– İllər keçdi və siz təhsil aldığınız universitetin rektoru oldunuz.
– Əslində təhsil aldğım universitetdən heç yana getmədim. Həmişə bu universitetdə olmuşam. Kafedranın assistentindən başlamış rektor vəzifəsinə qədər ucalmışam. 2000-ci ildə rektor olmuşam. İxtisasımı çox sevirdim. İndi də çox sevirəm. Sırf, sənətimlə məşğul olmaq istəyilə bu uinversitetə gəlmişdim. Təbii ki sıravi memar, sıravi işçi olmaq istəmirdim. 

– Görünür, iddialarınınz böyük  olub.
– Bəli, yaxşı memar olmaq, mövqe tutmaq istəyirdim. Hər bir uğur qazanmaq istəyən gəncin içində bu olmalıdır. Qarşıya qoyduğun məqsədə doğru can atmalısan. O məqsədə çatmaq üçün bir çox şeylərdən imtina etməlisən. 

– Məsələn, nədən?

– Başqaları istirahət edəndə, əylənəndə, dostlarla oturub saatlarla söhbət edəndə sən çalışmağa məcbur olmalısan. İnsan kimi mövqeyin güclü olsun deyə mütləq çalışmaq lazımdır

– Bu qədər çalışırsınız, iş-güc sizi yormur?

– Əlbəttə. Amma maraqlıdır. İndiki iş rejimim sakit şəraitdə keçsə, darıxaram. Bu illər boyu həyatın sürətli tempinə adət etmişəm.

– Yəqin, tələbələriniz də ciddi görkəminizə adət edib.

–Qeyri-ciddi adam rektor ola bilməz.

– Ciddi görkəm ailədə qeyri-ciddi olmur ki?

– Xeyr. Ailədə də beləyəm. Özünə, başqalarına ciddi yanaşan insan övladlarına da tələbkarlıqla yanaşmalıdır.

– Övlada qarşı hədsiz dərəcədə tələbkar olmaq düzgündür?

– Bir çox valideynlər çalışır ki, uşaqları ən kiçik səhvlərdən qorusun. İnsan səhv edə-edə irəli gedir. Səhv etmirəmsə, Çörçilin belə bir fikri var: “O insan səhv edir ki, elədiyi böyük səhvdən sonra həvəslə ikinci səhvinə doğru gedir”. Həyatda o cür insanlar uğur qazanır. Təbii ki çərçivəni çox daraltmaq olmaz. Ailədə övlada bir qədər sərbəstlik də vermək lazımdır. Mənim ailədə ciddi olduğumu övladlarım da təsdiq edərlər. Bu o demək deyil ki övladlarım qayğını, ana nəvazişini hiss etmirlər. Bunlar öz yerindədir.

– Neçə övladınız var?

– İki. Bir qız, bir oğlan. Oğlum evlidir. 7 yaşında bir nəvəm var. Qızımın isə 20 yaşı var. Tələbədir.

– Valideyn kimi övladlarınıza hansı tövsiyələri verirsiniz?

– Tələbələrimə hansı tövsiyəni verirəmsə, övladlarıma da o tövsiyələri verirəm. Müəllim, rektor tələbələrini övladlarından seçməməlidir. Oğluma bir söz, tələbəmə başqa söz deyə bilmərəm. Nəyəsə çatmaq istəyirsənsə işlə, çalış. Tənbəl olma.

– Bu qədər işin içində övladlarınıza həmişə vaxt ayıra bilmisiniz?

– Əlbəttə. Həmişə ictimai işlə məşğul olmuşam. Bu universitet yeni açılanda komsomol komitəsinin katibi olmuşam.

– Maraqlıdır, uşaqlarınızın böyüməsində sizə kömək edən olmayıb?

– Oğlumun böyüməsində anamın böyük rolu olub. Hətta, məktəbə gedənə qədər anam kömək edib. Qızım dünyaya gələndə isə hər işimi özüm görmüşəm.

– Gözəl simanız var. Bunu sizə deyiblər?

– Yox (gülür).

– Bəs gözəllik nədir, sizcə?

– Çox zaman gözəl sima aldadıcı olur. Siması çox gözəl olan bir insanla 10 dəqiqə söhbət etdikdən sonra o gözəllik sənin gözündə məhv olur. Çünki onun içi boşdur. Elə insan var ki, zahirən o qədər də cəlbedici olmasa da, onunla ünsiyyət zamanı hiss edirsən ki, xəzinə qarşısındasan. Gözəllik müvəqqətidir.

– Belə başa düşdüm insanlığa üstünlük verirsiniz.

– İnsanlıq da insanın zahiri görünüşündə əks olunur, onu gözəlləşdirir. Hətta sima gözəl olmasa belə.

– Nəvənizlə necə vaxt keçirirsiniz?

– Nəvəm çox şirindir. İş elə gətirib ki, onlar uzaqda yaşayır. Nəvəmi ildə 5-6 dəfə görmək şansım olur. Nəvəm özünü böyük insan kimi aparır. Şıltaq qız deyil. Sakit və ağıllı uşaqdır. Övladdan fərqli olaraq nəvəni kənardan şirin-şirin müşahidə etmək mümkündür.

– Nəvəniz uzaqda olduğuna görə yəqin rəfiqələrinizlə tez-tez görüşürsünüz?

– Çox nadir hallarda. Əgər iki-üç gün gərgin iş rejimindən sonra dincəlmək istəyirəmsə, rəfiqələrimə zəng edib deyirəm ki, gəlin bir saatlıq bulvara gedək. Dediyim kimi, o da nadir hallarda.

– Rəfiqələriniz arasında millət vəkilləri var?

– Təbii ki, xanım millət vəkillərilə söhbətlərimiz, görüşlərimiz olur. Amma insanın ən yaxın dostları gənclik illərindən qalan dostlardır.

– Necə oldu millət vəkili seçildiniz?

– Səmimi olaraq deyim ki, tutduğum vəzifələrin heç birinə özüm can atmamışam. Yaxud özüm öz namizədliyimi təklif etməmişəm. Sadəcə, yuxarı təşkilatlar, mənsub olduğum partiya rəhbərliyi var. Təbii ki universitetdə müəllim işlədiyim vaxtları nəzərdə tuturam. Bütün vəzifələrə bu prinsip əsasında nail olmuşam. Heç vaxt heç kimə deməmişəm ki, filan vəzifə boşdu, məni ora təyin edin.

– Bir ara millət vəkili olmadınız. Sonra yenə millət vəkili seçildiniz. Nə baş verdi?

– Elə həmin şey baş verdi. Həmişəki kimi mənə təklif gəldi.

–Yerevan şəhərində doğulmusunuz. O illəri necə xatırlayırsınız?

– Orta məktəbi Bakıda bitirmişəm. İlk məktəb illərim, uşaqlığım Yerevanda keçib. Təəssüf ki, mən doğulanda nə nənələrim, nə də babalarım vardı. Atam 3 çağırış Ermənistanda Ali Sovetin deputatı olub. Qohumlarımız Yerevanın ətrafındakı kəndlərdə yaşayırdı. Yerevanda çox yaxşı azərbaycanlı mühiti vardı. Adət-ənənələrimiz qorunub saxlanılırdı.

– Azərbaycanlılar zorla vətənlərindən çıxarılan ərəfədə gəldiniz Bakıya?

– O zaman böyük bacım burda yaşayırdı. Mənim də orta məktəbi bitirməyimə az qalmışdı. Məhz bu səbəblərdən atam məsləhət bildi ki Bakıya köçək.

– Həyat yoldaşınızla necə tanış oldunuz.?

– Sevib ailə həyatı qurmuşuq. Düşünürəm ki, hər bir ailədə tərəflər bir-birini başa düşməli, dostluq telləri möhkəm olmalıdır.

– Yoldaşınız sizi həmişə anlayıb?

– Əlbəttə. Yoldaşım məni həmişə başa düşüb. Yəqin məni anlamasaydı, keşməkeşli yolu keçib bu vəzifəyə ucala bilməzdim.

– Bir sözlə, həyat yoldaşınız sizə stimul verir.

– Əlbəttə, mənə stimul verən ailəmin məni dəstəkləməsi və başa düşməsidir. Ailədə qadının qadın işi var, kişinin kişi işi. Heç sevmirəm həyat yoldaşım mətbəxə keçib nəsə bir iş görsün. Nə o eləmir, nə də mən heş vaxt iddialı olmuşam. Deməmişəm ki, işim çoxdu, elmi iş yazıram, sən də get filan yeməyi bişir. Mən qadınam. Mənim borcum bunu da etməkdi, onu da. Evə bazarlığı isə həmişə həyat yoldaşım edir.

– Bəs sizin bazarlıq etdiyiniz vaxtlar olur?

– Çox nadir hallarda.

– Evə gedəndə paltarınızı dəyişib mətbəxdə nəsə bişirirsiniz?

– Yox. Yemək bişirməyə vaxtım olmur. Şənbə, bazar günlərində məmnuniyyətlə, nəsə bişirirəm. Vaxtilə yemək bişirməkdən zövq alırdım. İndi bəlkə də bir çox yeməklər yadımdan çıxıb. Rektor vəzifəsini tutmamışdan əvvəl, dostlarım yemək yemək üçün bizim evə yığışırdılar. Narazı olan yox idi.

– İndi narazı olan var?

– Bazar günləri mətbəxə keçib bir şey hazırlayıram. Yoldaşım da, qızım da razıdır.

– Gülçöhrə xanım, hər gün belə yaxşı formada olursunuz?

– Əslində yorğun günlərimdən biridir.

– O zaman yorğunluqdan necə xilas olursunuz?

– Yorğunluqdan xilas olmağın dərmanı səhər bir fincan tünd kofe içməkdir.

– Tünd kofe içmək ürəyə ziyandı axı...

– Əhvalı yüksəldir. Kofe içmək mənə çox yaxşı təsir edir. Yorğunluğumu götürür.

– Gözəl bədən formanız var. Pəhriz saxlayırsınız?

– Kompleksiyam belədir. Dieta saxlamıram.

– Sizin kimi formada olmaq istəyən çox xanım var.

– Bəlkə formada olmasaydım dieta saxlamazdım. Təbiətə qarşı güclə mübarizə aparmaq olmaz.

– Modanı sevirsiniz?

– Sevirəm. Hər dəbdə olan geyim zövqümlə üst-üstə düşmür. Zövqümə yad olan geyimləri heç vaxt özümə rəva görmürəm. İnsan öz stilini dəbdə olan tendensiya ilə zənginləşdirməlidir. Dəbli geyinməyi hər kəs bacarmır.







Namidə Bingöl

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi