Modern.az

Satıcısı iy verən meyvə - tərəvəz yarmarkası - REPORTAJ+FOTOLAR

Satıcısı iy verən meyvə - tərəvəz yarmarkası - REPORTAJ+FOTOLAR

Reportaj

1 İyul 2013, 12:01


Axırıncı dəfə yarmarkadan reportajı təxminən iki il əvvəl hazırlamışdım. O vaxt Dərnəgüldə təşkil olunan bir yarmarkadan yolum düşmüşdü, səhv etmirəmsə. Bu dəfə isə ünvan Yasamal rayonu ərazisində təşkil olunmuş kənd təsərrüfatı yarmarkasıdır. Əslində buna reportajdan daha çox, bazar qeydləri, yaxud bazar təəssürartları da demək olar.

Günorta saatlarıdır. Camaat bir ucdan yarmarkaya doğru irəliləyir. Bu yarmarka “Respublikanski” kimi tanınan xəstəxana ilə üzbəüz yerləşdiyindən ərazidə ciddi tıxac var. Daha doğrusu ikiqat tıxac demək olar bu mənzərəyə. Çünki bir yandan yarmarkaya piyada gələn insanlar, digər tərəfdən isə xəstəxananın qarısında səliqə-sahmansız park olunmuş maşınlar eybəcər mənzərə yaradıb.

Amma söhbətimin mövzusu avtomobillərin pakı olmadığından birbaşa mətləbə keçirəm. Yarmarkaya günorta saatlarında gəldiyimdən istiyə dözə bilmirəm. Bircə onu bilirəm ki, irəlilədikcə satıcıların sayı çoxalır. Maraqlıdır ki, meyvə-tərəvəz yarmarkasında ayaqqabı, milçəköldürən, qabsürtən də satılır. Hayıf ki, sadaladıqlarımın şəklini çəkməyi və hansı rayonda “yetişdirildiyini” soruşmağı unuduram. Ən azından yenilik kimi maraqlı olardı ki, 50 qəpiyə satılan milçəköldürən, yaxud ondan bir az baha olan qabsürtən hansı rayonun bostanlarından, bağlarından “yığılıb”. Amma qismət olarsa, bir dəfə şəxsən bu barədə cənab nazir İsmət Abbasovdan soruşaram. Burası belə. İndi keçək orasına. Bazarı deyirəm təbii ki.

Amma gəlin əvvəlcə sizə bazardakı qiymətlərin siyahısını təqdim edim sonra.

Üzum yarpağı 2.50 manat
Pomidor 0.80-1 manat
Kartof 0.70- 1 manat
Lobya 1 manat
Badımcan 50-70 qəpik
Soğan 60-80 qəpik
Ərik 2 manat
Gilas 2-2.5 manat
Göyəti 6 dəstəsi 1 manat
Şaftalı 2 manat
Xiyar 0.60-1 manat
Bibər 2 manat
Gavalı 1 manat

İndi siz yayın cırhacırında xiyarın qiymətinə baxın.

İrəliləyirəm. Hər kəs öz işindədir. Alıcılar “... bir tük çəkmək də qənimətdir” prinsipini əsas tutaraq alacaqları məhsulun qiymətini heç olmasa 10 qəpik aşağı salmaq istəyirlər. Satıcılar isə ənənəvi üsullarını işə salıblar - “bacı, əgər bazarda bundan ucuz mal tapsan, gətir özüm alacam. Hələ sənə də iki kilo pay verəcəm”.

Heç şübhəsiz ki, bu istidə hansısa alıcı o boyda bazarı-çünki buranın adı yarmarka olsa da, qiymətlər bazardakından geri qalmır-gəzmək fikrində deyil. Bu arada ətrafa göz gəzdirirəm. Yarmarkanı təşkil edən Kənd Təsərrüfatı Nazirliyindən kimsə gözə dəymir. Bəlkə də mən gecikmişəm. Səhər tezdən gəlib təmizliyi-filanı “yoxlayıb” gediblər. Amma deyəsən yox. Yerdəki qəzet parçaları adamın gözünə girir.
Bu arada daha bir qeyd. Görəsən yarmarkaya mal gətirən satıcıların təmizliyinə baxan kimsə varmı? Çünki bayaqdan alıcı ilə “atışan” bir satıcının yanından keçəndə düşünürsən ki, “fransız ətirləri istehsal edən şirkətlər niyə bu qoxudan istifadə edib yeni brendlərini buraxmırlar”. Adamın iyi rəsmən baş çatladır. Ayaqları o qədər tərləyib ki, yanından keçəndə “tapoçka”nın fırçıltısı adamın ətini ürpəşdirir. Burası da belə.



Artıq istiyə dözmək çətinləşir. Yarmarkadan çıxmaq vaxtıdır. Görəsən zənbilləri dolu insanlar satıcının qarama bağlamış ayaqlarını, qalaqlanmış zibilləri görə-görə niyə məhz buranı seçirlər. Axı normal marketlərdə də ərik iki manata, pomidor bir manatadır.

P.S.Sonuncu sualı özüm bazarlıq eləyəndən sonra düşünmüşəm.








İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI