Modern.az

Qərbi Azərbaycandan olan neçə nəfər siyahıya alınıb? - AÇIQLAMA

Qərbi Azərbaycandan olan neçə nəfər siyahıya alınıb? - AÇIQLAMA

12 May 2023, 10:37

“Qərbi Azərbaycandan etnik təmizləmə, soyqırımıları nəticəsində qovulmuş, sıxışdırılıb çıxarılmış, deportasiya olunmuş soydaşlarımızın qeydiyyatının aparılması vacib və ümummilli məsələdir. Təəssüf ki, uzun illər bu iş lazımi səviyyədə aparılmayıb. Qərbi Azərbaycan İcması yaranan gündən biz bu məsələni önə çəkdik, çünki insan haqları üzrə təməl hüquqları pozulan insanların hüquqlarını tələb ediriksə, ilk növbədə onların dəqiq siyahısı ortada olmalıdır. Biz bu siyahıyaalmaya sonuncu deportasiyadan – 1987-1991-ci illər hadisələrindən başlamışıq. Hazırda biz siyahıyaalmanı 300-ə yaxın yaşayış məntəqəsi üzrə tamamlamaqdayıq. Söhbət 300 min nəfərə yaxın insandan gedir”.  

 

Bunu Modern.az-a açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib. 

 

İcma sədrinin sözlərinə görə, faktlar əsasında arayışlar hazırlanır: “Qərbi Azərbaycan İcmasında 1987-1991-ci illər deportasiyası zamanı indiki Ermənistan ərazisində ermənilər tərəfindən öldürülmüş, döyülmüş, şikəst edilmiş, evi, əmlakı talanmış, yandırılmış, bir sözlə, fiziki, maddi və mənəvi təzyiqə məruz qalmış insanlarımızın siyahıları üzrə dəqiqləşdirmələr aparılır və şahid ifadələri, sənədlər əsasında arayışlar hazırlanır".

 

"Təbii ki, biz bununla kifayətlənən deyilik, təkcə sonuncu deportasiya zamanı yox, son 200 il ərzində Qərbi Azərbaycanda soydaşlarımız etnik təmizləməyə məruz qalıb. Bununla bərabər mədəni irsimiz mənimsənilib və ya məhv edilib. Təkcə son yüz ildə dörd dəfə kütləvi deportasiya və soyqırımına, bütün əsr boyu isə etnik təzyiqlərə və köçlərə məruz qalmışıq. Bunların hamısının dəqiq qeydiyyatı aparılır və Ermənistandan hesabı sorulacaq. Tarixi ədalətin bərpa olunmasının zamanı gəlib”, - deyə Əziz Ələkbərli vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı