Modern.az

Təxribatlar Qarabağ və Şərqi-Zəngəzurdakı işlərə mane ola bilməz 

Təxribatlar Qarabağ və Şərqi-Zəngəzurdakı işlərə mane ola bilməz 

12 May 2023, 11:52

“Məlum olduğu kimi, mayın 4-də Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər etdi. Səfər çərçivəsində Prezident bir çox şəhər və rayonda, o cümlədən Cəbrayıl və Qubadlıda yeni kənd, məktəb və xəstəxanaların təməlini qoydu. Artıq bir neçə dəfədir Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək, burada görülən işlərlə yaxından tanış olur, gərgin iş qrafikinə baxmayaraq, hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin həm Qarabağda, həm də Şərqi Zəngəzurda görülən işlərə nə dərəcədə əhəmiyyət verdiyini və həssas yanaşdığını göstərir. Bu gün görülən işlər irimiqyaslı layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına bənzəyir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov səsləndirib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyev bölgədə infrastrukturla yanaşı, yeni iş yerlərinin yaradılması məsələsinə də xüsusi önəm verir. Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nda görülən işlər xüsusi diqqət çəkir.

 

"Burada bir çox yeni müəssisələrin, zavodların yaradılması bölgə insanlarının işlə təmin olunmasına böyük töhfə verəcək. Prezident İlham Əliyev bölgəyə səfər zamanı Şuşada da bir sıra yeni müəssisələrin, mədəniyyət abidələrinin, o cümlədən, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin təmirdən sonra açılışında iştirak etdi. Bu da öz növbəsində Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduğunu göstərdi.

 

Onu da qeyd etmək lazımdır ki, bütün bu işlər Azərbaycan dövlətinin hesabına, xaricdən heç bir dəstək olmadan həyata keçirilir. Eyni zamanda, bütün işlər heç bir sosial layihə təxirə salınmadan həyata keçirilir. Bu, həm də bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq. Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bunun üçün bütün addımlar zamanında atılır. Məlum olduğu kimi, səfərdən sonra Ermənistan təxribata əl atdı. Azərbaycan Ordusu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistan bilməlidir ki, bu cür təxribatlar Azərbaycanın Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirdiyi layihələrin qarşısını ala bilməz”,- deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI