Azərbaycanda bu həftədən etibarən qəbul imtahanlarına start verilir.
Rəsmi məlumata görə, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Mayın 21-də III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan baş tutacaq.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.
Bəs tələbə olmaq istəyən abituriyentlər imtahan zamanı əsasən nələrə diqqət yetirməlidirlər? İmtahan hazırlığı necə olmalıdır?
Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti İlqar Orucov bildirib ki, abituriyentlər imtahan zamanı vaxtı düzgün dəyərləndirməlidir:
“Abituriyentlərin daha çox diqqət yetirməli olduğu məqamlar var. Bu məqamlar ondan ibarətdir ki, abituriyentlər ilk növbədə özlərini imtahana psixoloji olaraq hazırlamalıdır. Əlbəttə ki, imtahanda həyəcan, narahatlıq olur. Bu baxımdan abituriyentlər öncə psixoloji olaraq imtahana hazır olmalıdır. İmtahan zamanı ilk növbədə vaxta qənaət etməli, hər keçən saniyəni düzgün dəyərləndirməlidirlər. İmtahan sualları abituriyentə təqdim edildikdə şagirdlər öncə cavabını bildiyi suallara, daha asan hesab etdiyi suallara fokuslanmalı, sonra ikinci mərhələdə saxladığı sualları cavablandırmalıdır”.
Ali məktəblərə qəbul imtahanında psixoloji hazırlıq önəmli faktordur. Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Günel Bayramova gündəlik rejim və qidalanmanı abituriyentlərin diqqət etməli olduğu əsas nüanslar kimi qiymətləndirib.
“Her yeniyetmə üçün imtahan çox məsuliyyətli və vacib prosesdir. Abituriyentlərin bu dönəmi maksimum rahat keçirməsi üçün ilk növbədə ailənin və müəllimlərin onları dəstəkləməsi, pozitivə kökləmələri önəmlidir. İmtahandan öncə həyəcanın olması normal haldır. Lakin həyəcan ifrat dərəcədə olduqda əlavə sakitləşdiricilərdən və ya dərman vasitələrindən istifadə etmək doğru deyil. Çünki bu vasitələr əks təsir etdiyi zaman biz abituriyentlərə daha çox zərər vermiş oluruq. Diqqət etməli olduğumuz şey şagirdlərin gündəlik rejimi və qidalanmasıdır. Gündəlik rejimdə əsas nüanslar 8 saatlıq fasiləsiz gecə yuxusu, vitaminlərlə zəngin məhsullara üstünlük verərək qidalanmadır. Bunlar insanı müsbət enerji ilə kökləyəcək və beyin fəaliyyətinin aktivləşməsinə kömək edəcək. Həmçinin şagirdlər mövzuları daha yaxşı qavramaq üçün 40 dəqiqə oxuma prosesindən sonra 10-15 dəqiqə fasilə verməlidir. Bu proses onların daha tez və rahat öyrənməsinə kömək edəcək”.
Təəssüf ki, bəzən valideynlər və müəllimlər tərəfindən yeniyetmələrə psixoloji gərginlik və həyəcan aşılanır. Əslində belə məqamda ailələrin dəstəyi çox önəmlidir. Abituriyentlərdə həyəcan səviyyəsinin qalxmaması üçün bu barədə çox danışmamaq məsləhət görülür. İmtahan təkcə bilik səviyyəsinin ölçülməsi üçün deyil, həmçinin yeniyetmənin gələcəkdə baş verən stressli situasiyalara reaksiyasını formalaşdıran sınaqdır”, - deyə psixoloq vurğulayıb.
Aytac Əsədova