Mayın 14-də Türkiyədə prezident seçkiləri ilə yanaşı, parlament seçkiləri də baş tutdu. Prezident seçkiləri ikinci tura qalsa da, yeni parlament tərkibi artıq formalaşdırılıb. Parlamentdə partiyaların tutduğu yerlərin sayı isə dəyişib, 2018-ci illə müqayisədə fərqli mənzərə yaranıb.
Modern.az partiyaların 2018 və 2023-cü illərdə parlamentdə tutduqları yerlərin sayındakı fərqi təqdim edir:
Ədalət və İnkişaf Partiyası (AKP)
2018-ci ildə keçirilən parlament seçkilərində 42,56 faiz səs toplayaraq 295 millət vəkili ilə parlamentdə təmsil olunan AKP 14 mayda eyni uğuru göstərə bilməyib. Səsləri 35,58 faizə enən AKP 28-ci çağırışda 267 millət vəkili ilə Türkiyə Böyük Millət Məclisində olacaq.
Cümhuriyyət Xalq Partiyası (CHP)
2018-ci il parlament seçkilərində CHP 22,65 faiz səs toplayıb. Beləliklə,partiya parlamentdə 146 deputat yeri tutub. Son parlament seçkilərində isə partiyanın səsi 25,33 faizə yüksəlib. CHP yeni dövrdə parlamentdə 169 millət vəkili ilə təmsil olunacaq.
Milliyyətçi Hərəkat Partiyası (MHP)
"Cümhur İttifaqı"na daxil olan MHP üçün mənzərə çox da dəyişməyib. 2018-ci ildə 11,1 faiz səslə 49 deputat yeri tutan MHP 2023-cü il seçkilərində 10,07 faiz səs toplayıb. MHP-nin səsi azalsa da, deputatlarının sayı 49-dan 50-yə yüksəlib.
Xalqların Demokratik Partiyası (HDP)
2018-ci il il parlament seçkilərində bu partiya 11,70 faiz səs toplayıb. Nəticəyə uyğun olaraq partiyanın 67 namizədi parlamentə düşməyə müvəffəq olub. HDP 2023-cü il 14 may seçkilərində Yaşıl Sol Partiyanın siyahısı ilə iştirak edib. Yaşıl Sol Partiya 8,81 faiz səs toplayıb. 61 namizəd deputat mandatı qazanıb.
İYİ Partiya
2018-ci il parlament seçkilərində İYİ partiya 9,96 faiz səs toplayaraq 43 namizədinin deputat mandatı qazanmasına nail olub. Builki seçkilərdə nəticə elə də fərqli deyil. 14 mayda keçirilən parlament seçkilərində partiya 9,69 faiz səs toplaya bilib. Beləliklə, İYİ Partiyanın da səsi cüzi azalsa da, 44 namizədi deputat mandatı qazanıb.
Səadət Partiyası
Əvvəlki seçkilərdə 1,34 faiz səs toplayan partiya Türkiyə Böyük Millət Məclisinə deputat göndərə bilməyib. Səadət Partiyası bu dəfə CHP siyahılarından seçkilərə qatılıb. Bununla da partiyanın 10 namizədi deputat mandatı qazana bilib.
HÜDAPAR
AKP siyahılarından seçkilərə qatılan HÜDAPAR ilk dəfə parlamentə daxil olub. HÜDAPAR-ın 4 namizədi deputat mandatı qazanıb.
Yenidən Rifah Partiyası (YRP)
Bu yaxınlarda "Cümhur İttifaqı"na daxil olmaq qərarına gələn Yenidən Rifah Partiyası mayın 14-də keçirilən parlament seçkilərində 2,82 faiz səs toplayıb. Partiya parlamentdə 5 deputatla təmsil olunacaq.