Seçilməklə hər şey bitmir, demokratik qaydada da idarə etməlisən
İstanbulun Gəzi parkında ələvi, kommunist və ateistlərin Türkiyənin hakimiyyətə seçki ilə gəlmiş AKP iqtidarına qarşı görünməmiş dirənişi ilə müşahidə olunan aksiyalar başlananda bu hadisələrin Yaxın Şərqə sıçrayacağı söylənilirdi. Necə ki müsəlman Şərqində “ərəb baharı” adlanan inqilab dalğası Türkiyədə AKP-nin dinc şəkildə hakimiyyətə gəlməsi ilə başlanmışdı.
2002-ci ildə parlamentdə mütləq əksəriyyət qazanan AKP islahatlara başlamış, Türkiyə cəmiyyətinin böyük dəstəyini qazanmışdı. AKP-nin Türkiyədəki uğurları Yaxın Şərqin müsəlman ölkələrinə təsirsiz qalmayacaqdı. Bu təsir özünü 2011-ci ildə göstərməyə başladı. Tunisdə başlanmış quduz diktatorlar, harın oliqarxlar əleyhinə inqilab üç ərəb dövlətində rejimin dəyişməsi ilə, müsəlman demokratların hakimiyyətə gəlməsi ilə sonuclandı. Tunis, Misir və Liviyada diktatorlar devrildi, xalq azad seçki ilə öz hakimiyyətini qurdu. İnqilab Suriyada ləngidi. Suriya supergüclərin maraq dairəsinə daxil olduğu üçün diktator Bəşər Əsəd üçün nəfəslik yarandı. İran və Rusiya Əsədə qahmar çıxdılar, onun devrilməsinə imkan vermədilər. Əsədin hakimiyyətdə qalması, əksinqilabı gücləndirdi. Əsədi dəstəkləyən şər dövlətləri savaş müstəvisini dəyişdilər. Öncə Türkiyə qarışdı, ardınca Misirdə əksinqilab baş qaldırdı.
Baş verən hadisələrdə İranın, Rusiyanın və Avropanın islam düşməni dairələrinin mənəvi dəstəyi aşkar görünürdü. Amma əksinqilabın boy göstərməsində Ərdoğanın aşırı sünniliyi və Məhəmməd Mursinin səriştəsizliyi də rol oynadı. Ərdoğan özünü millətin vahidliyinin mücəssiməsi kimi yox, sünni çoxluğun, islamçı əksəriyyətin lideri kimi apardı. Unutdu ki, Türkiyədə əsrlərlə islam xilafətinə düşmən olan 10 milyonluq ələvi toplumu və onların siyasətə, orduya uzanmış qolları var. Misirdə Məhəmməd Mursi də eyni səhvləri təkrarladı. Türkiyədə də, Misirdə də, müsəlmanlar əksəriyyətdi. Amma Ərdoğanı və Mursini hakimiyyətə gətirən demokratiyanın altun quralı azlığın hüquqlarına hörmətdi. Hazırda dünyada kimin istəyib-istəməməsindən asılı olmayaraq islam passionarlığı dövrü yaşanır. Ərdoğan və Mursi bu dalğanı önə çıxardığı adamlardı. Ola bilər ki, Ərdoğan da mənəvi lideri Ərbakan kimi qurban getsin. Amma onun təmsil etdiyi xətt hələ uzun müddət hakim olacaq. Son 20 ildə Türkiyə siyasətində Ərdoğan kimi parlaq lider olmamışdı. AKP-nin zəfərlərinin böyük əksəriyyəti onun adı ilə bağlı idi. Görünür, Ərdoğanın buraxdığı xətalar həm də onun zəfərlərinin yaratdığı psixoloji ilə bağlı oldu. Ərdoğan unutdu ki, Türkiyə islam xilafətindən sonra 90 il dünyəvi cümhurriyyət dövrü yaşayıb. Bu cür ölkələrin yönünü birdən-birə şəriət yoluna çevirmək mümkün olmur.
Mursi də eyni səhvi təkrarladı. Misirdə ölkənin islam qaydaları ilə yaşamasını istəməyən 15 milyon xristian qibti yaşayır. Onlar şəriət qaydaları ilə idarə olunmaq istəmirlər. Müsəlman qardaşları bu kimi məsələləri nəzərə almalı, turizm ölkəsi olam Misirdə çimərlikləri qadağan etməyə təşəbbüs etməməli idi. Amma gecdir. Xəta artıq buraxılıb. İstanbulda, Qahirədə baş verən aksiyalar göstərir ki, islamçı hakimiyyətlər güzəştə getməyi, lazım gəlsə qurban verməyi bacarmalıdırlar. Ərdoğan artıq başlayıb. Ölkədə iki ələvi univeristetinin açılması, ələvi toplumuna müəyyən güzəştlərin edilməsi bunun göstəricisidir. Misirdə də dörd nazir istefaya göndərilib. Türkiyənin və Misirin xalqın iradəsi ilə iqtidar olmuş hakim partiyaları nəzərə almalıdırlar ki, super güclər: mason, islam düşməni Avropa dövlətləri, geopolitik maraqlara görə İran və Rusiya onların varlığını istəmir və daxildə güclü iş aparırlar. Qərbin media maqnatları da onların əleyhinədir.
Bu halda yeganə yol xalqın istəklərini nəzərə almaq, qıcıq doğurucu fitnəkar çıxışlardan, “Biz Çaldıran ovasından keçmişik” kimi qərəzli ritorikalardan çəkinməkdir. Ən əsası, Türkiyə və Misir təkcə müsəlman inancına sahib olan insanlardan ibarət deyil. Milyonlarla namaz qılmayan, oruc tutmayan, məscidə getməyən ələvi, ateist, xristian var. Onlar da vətəndaşdırlar. Kütləvi hicablaşma, dünyəvilikdən imtinaya çağırış bu insanları sokaklara tökəcək. Unutmaq lazım deyil, ki sadə xalq həmişə əzilənin yanında olur.
Türkiyə və Misir dərsləri bir daha göstərdi ki, demokratik yolla seçilmək, iş başına gəlmək hələ hər şey deyil. Ən əsası demokratik yolla idarə etməyi bacarmaq, demokariyaya sadiq qalmaqdır.