Modern.az

Qərb Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Qərb Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Qərbi Azərbaycan

22 May 2023, 13:14

Ermənistan və Azərbaycan arasında danışıqlarda intensivlik müşahidə edilir. Bildiyimiz kimi, mayın 1-dən 4-nə kimi Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında görüş keçirilib. ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə aparılan danışıqlarda nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

 

Daha sonra mayın 14-də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş baş tutub. Görüşdə əsasən sülh müqaviləsinin detalları müzakirə edilib.

 

Mayın 19-da isə Moskvada XİN başçıları səviyyəsində növbəti görüş keçirilib. Lavrovun iştirakı ilə baş tutan görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması barədə müzakirələr aparılıb. Bundan əlavə, mayın 25-də liderlər səviyyəsində Moskvada növbəti görüş planlaşdırılır. Məlumata görə, iyun ayında Kişinyovda, iyul ayında isə yenidən Brüsseldə yüksək səviyyədə təmaslar olacaq.

 

Göründüyü kimi, son zamanlar həm Qərb, həm də Rusiya Azərbaycan və Ermənistan arasında instensiv görüşlərin keçirilməsinə çalışır. Görüşlərdə, şübhəsiz ki, Azərbaycan üçün olduqca əhəmiyyətli hesab edilən Zəngəzur dəhlizi də gündəmin əsas müzakirə mövzusu olub. Ermənistan hələlik Azərbaycanın qərb rayonları ilə Naxçıvanı əlaqələndirən dəhlizin açılmasına razılıq vermir. Lakin mayın 14-də Brüsseldə keçirilən görüşdən sonra Şarl Mişel deyib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrdə irəliləyiş əldə ediblər. Bu isə dəhliz mövzusunun aktual olduğunu təsdiqləyir.

 

Zəngəzur dəhlizinin geosiyası əhəmiyyəti olduqca böyükdür.  Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib ki, Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var: "Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır". 

 

Aydındır ki, tərəflər arasında vasitəçilik edən aktorlar, eləcə də digər beynəlxalq güclər Zəngəzur dəhlizi ilə bağlı fərqli maraqlar güdür. 

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən politoloq Qabil Hüseynlinin fikrincə, Qərb Zəngəzur dəhlizinin açılmasına etiraz etmir.

 

"Kommunikasiya vasitələri açıldıqda Qərb dövlətləri buna dəstək verir. Həmçinin, Rusiya da Zəngəzur dəhlizinin açılmasını istəyir. Çünki Rusiyanın Qərblə əlaqələri pozulduqdan sonra rəsmi Moskva əsas fikrini cənub istiqamətində logistik əlaqələrin qurulmasına yönəldib. Məsələn, Şimal-Cənub dəmir yolu xətti və onun bir hissəsi olacaq Zəngəzur dəhlizi vasitəsilə Rusiya Türkiyə ilə ticarət əlaqələrini daha da canlandıracaq, eyni zamanda Qərbdən aldığı məhsulların bir qismini qardaş ölkədən ala biləcək. Rusiya İranla da əlaqələrdən böyük mənfəət götürəcək", - deyə politoloq bildirib.

 

 

Q.Hüseynlinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkə İrandır:

 

"Baxmayaraq ki, burada İranın da maraqlarına uyğun məqamlar var, amma Tehran rejimi yolun açılması ilə Türkiyənin bölgədə daha böyük nüfuza malik olmasından ehtiyatlanır. Həmçinin, İran türkdilli ölkələr arasında Turan birliyinin möhkəmlənməsindən çəkinir. Bütövlükdə götürəndə, Zəngəzur dəhlizi 1991-ci ilə qədər mövcud olub. Həmin dəmir yolu vasitəsi ilə Mosvka və İran arasında sərnişin, yük qatarları işləyib. Yəni demək istəyirəm ki, bunun praktikası var. İran nə qədər istəsə də, bu layihənin gerçəkləşməsinə mane ola bilməyəcək. Zəngəzur dəhlizinin açılması Ermənistanın üçün böyük əhəmiyyət kəsb edir. Ancaq Ermənistan tərəfi elə bilir ki, bu layihə gerçəkləşmədən də kommunikasiya vasitələrini açmaq olar. Hesab edirəm ki, Zəngəzur dəhlizi barədə razılıq olmadan Azərbaycandan İrana gedən, eyni zamanda Türkiyədən keçən dəmir və şosse yolları Ermənistan üçün qapalı olacaq".

 

Beynəlxalq iqtisadiyyat üzrə ekspert Orxan Bağırov isə ABŞ və Avropa İttifaqının regionda əməkdaşlığın inkişaf etməsi üçün Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu düşünür.

 

"Çünki bu dəhlizin regionun inkişafı və əməkdaşlıq üçün böyük əhəmiyyəti var. Ümumiyyətlə, tarixən də Zəngəzur dəhlizinin keçdiyi ərazi bizim regionda əsas yükdaşınan ərazilərdən biri olub. Həmçinin, qərblə şərqi birləşdirən yollar bu ərazidən keçib. Ona görə də Zəngəzur dəhlizi tarixi əhəmiyyətə malikdir. Erməni işğalına görə Zəngəzur dəhlizi bağlandıqda əməkdaşlıq üçün böyük maneələr yarandı. Yolun bağlanmasıyla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə kəsilmiş oldu", - ekspert bildirib.

 


 

O.Bağırov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması həm də bölgədə konfliktlərin bitməsi deməkdir.

 

"Avropa İttifaqı maraqlıdır ki, regionda sabitlik olsun. Çünki Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biridir. Avropanın enerji bazarında ölkəmizin rolu getdikcə artır. Bildiyimiz kimi, Zəngəzur dəhlizinin açılması şərq-qərb istiqamətində, orta dəhlizdə yeni istiqamətin yaranması deməkdir. Hazırkı geosiyasi şərtlər daxilində, Rusiyanın və İranın sanksiya altında olması şimaldan və cənubdan keçən yolların istifadəsi üçün maneələr yaradıb. Ona görə də Azərbaycandan keçən orta koridorun əhəmiyyəti artmaqdadır. Gələcəkdə bu yol ilə daşınacaq yüklərin artma ehtimalı çox böyükdür. Bu proses artıq başlayıb. Yəni Zəngəzur dəhlizinin açılması orta koridora yeni qol əlavə edəcək. Yükdaşımaların icrası üçün daha geniş imkanlar yaradacaq. Məhz bu baxımdan həm ABŞ, həm də Avropa dəhlizin açılmasında maraqlıdır. Zəngəzur dəhlizinin açılması Qərbin Çin ilə əlaqələrinin inkişafına töhfə verəcək. ABŞ və Avropa İttifaqının istədiyi odur ki, yola Rusiya nəzarət etməsin. Bildiyimiz kimi, 10 noyabr sazişinə əsasən Zəngəzur dəhlizinə Rusiya sülhməramlıların nəzarət etməsi qeyd olunub. Qərb fikirləşir ki, ora Ermənistan ərazisi olduğu üçün nəzarəti məhz ermənilər həyata keçirməlidir. Bir növ Rusiyanın həmin ərazidə əsas fiqur olmasını istəmirlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır