Modern.az

O, kimyaçıların sevimlisi, Sumqayıtın nüfuzlu ağsaqqalı idi - FOTOLAR

O, kimyaçıların sevimlisi, Sumqayıtın nüfuzlu ağsaqqalı idi - FOTOLAR

17 May 2023, 14:54

  Bu gün də Sumqayıt kimyaçılarının ağsaqqalı kimi unudulmayan, SSRİ-nin “Əlaçı kimyaçısı” olan Qubad Əmir oğlu Dadaşov Azərbaycanın neft-kimya sənayesinin ilk qurucularından olmuş, 1957-ci ildən etibarən keçmiş Sintetik Kauçuk zavodunda əmək fəaliyyətinə başlayaraq, istedadlı kimyaçı-texnoloq kimi yarım əsrdən artıq həmin müəssisədə çalışmış, zavodun “Əməkdar veteranı” fəxri adına layiq görülmüşdü.

  Qubad Dadaşov 17 may 1933-cü ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində dünyaya gəlmişdi.  O, 7-illk təhsilini kənd məktəbində almış, 10 illik təhsilini isə Salyan şəhər 2 №-li orta məktəbində davam etdirmişdi. Məktəb illərinin II Dünya müharibəsinin ağır dövrünə düşməsinə, bütün çətinliklərə baxmayaraq, o, 1952-ci ildə orta məktəbi uğurla bitirərək, elə həmin il o zamankı M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Sənaye İnstitununa (sonradan Azərbaycan Neft və Kimya İnstitutu adlanmışdı) daxil olmuş, oranı 1957-ci ildə “Əsas üzvü sintez texnologiyası” ixtisası üzrə bitirərək, ali təhsilli mühəndis-texnoloq kimi təyinatla o vaxtlar respublikanın ilk neft-kimya müəssisəsi olan Sumqayıt Sintetik Kauçuk zavoduna göndərilmişdi.


Kimya istehsalatı sanki çoxdan onu gözləyirdi...

  İlk vaxtlar gənc mütəxəssis kimi zavodun Е-7-1 sexində mühəndis-texnoloq kimi çalışan Q.Dadaşovun işgüzarlığı, bilik və bacarığı nəzərə alınaraq il yarım sonra növbə rəisi vəzifəsinə təyin edilir.

  İşə daim can yandırması, növbədə işi lazımi səviyyədə təşkil edb, hər ay yüksək məhsul istehsalına nail olması, şəxsi nümunəsi ilə kollektivdə mehribançılıq mühiti yarada bilməsi diqqətdən yayınmır, müəssisədə xoş münasibət doğurur. Və təsadüfi deyildi ki, 1962-ci ildə SSRİ Neft-Kimya Sənayesi Nazirliyi Rumıniyada yeni kimya istehsalatlarının inşası və işə salınmasına kömək məqsədilə qabaqcıl mütəxəssislərdən ibarət xüsusi dəstə yaradılması barədə əmr imzalayarkən Azərbaycandan həmin dəstəyə gənc, bacarıqlı mütəxəssis kimi 29 yaşlı Qubad Dadaşov da daxil edilir. Orada bir il çalışaraq, yaxşı işinə görə yerli kimya müəssisəsi rəhbərliyinin təşəkkürünə və fəxri-fərmanına layiq görülür.

  Rumıniyadan qayıtdıqdan sonra doğma zavodda işini davam etdirir. Gənc və istedadlı, yenilikçi kimyaçı-texnoloq kimi qurulmaqda və genişlənməkdə olan müəssisənin yeni sex və qurğularının işə salınmasında öz bilik və bacarığı ilə gecə-gündüz çalışır, fəallıq nümayiş etdirir. Təsadüfi deyil ki, 30  yaşında - 1963-cü ildə sex rəisi vəzifəsinə təyin edilən Qubad Dadaşov öz bacarığı, əzmkarlığı sayəsində istehsalatda yeni uğurlar qazanır, rəhbərlik etdiyi kollektiv daim qabaqcıllar sırasında olur. Və müəssisə rəhbərliyi yüksək etimad göstərərək 1970-ci ildə onu Baş mühəndisin butadien istehsalatı üzrə müavini təyin edir. 

 
Vaxtilə zavodun 19 il baş mühəndisi olmuş, sonralar texnika elmləri doktoru olan professor Əbülfəz Babayev
xatırlayır ki, o, 1971-ci ildə təyinatla zavoda işə qəbul olunanda Sintetik kauçuk zavodu özünün yüksək inkişaf dövrünü yaşayırdı. Qubad müəllimin sayəsində rəhbərlik etdiyi butadien istehsalatı ilk dəfə layihə gücünə çatdırılmışdı. Ümumiyyətlə, zavodun qazandığı bir-çox istehsalat uğurlarında Qubad müəllimin böyük əməyi vardı. Həmin dövrdə zavodda yeni, daha müasir texnoloji proseslərin yaradılması istiqamətində texniki müzakirələr gedirdi. Onlardan biri də aseton-nitril texnologiyası ilə yeni butadien istehsalı prosesinin layihələndirilməsinə hazırlıq idi. O müzakirələr zamanı Qubad müəllim bir peşəkar mütəxəssis kimi daha yaxşı tanınmışdı.

  Əbülfəz müəllim xüsusi olaraq qeyd edir ki, Qubad müəllimin də iştirakı ilə  başlanılmış mühüm bir texnoloji proses 90-cı illərin sonlarında uğurla başa catdırılmışdı. Onda çoxlarına bir daha aydın oldu ki, Qubad müəllimin bir azərbaycanlı kimi gənc yaşında baş mühəndisin müavini təyin edilməsi heç də təsadüfi deyilmiş. O, kimya istehsalatını, xüsusilə də butadien istehsalatını çox gözəl bilirdi. Ona görə də həmin sahə üzrə müavinə ehtiyac olanda o vaxtkı erməni baş mühəndis Robert Qalstyan, qatı millətçi, şovinist olmasına baxmayaraq, məhz Qubad Dadaşovu özünə müavin seçmişdi. Və Qubad müəllim baş mühəndisin müavinləri içərisində yeganə azərbaycanlı idi. Əsas o idi ki, R.Qalstyan Qubad müəllimi özünə müavin götürməkdə səhv etməmişdi. Onun bu vəzifəyə təyin olunmasından sonra butadien istehsalatındakı bəzi problem və nöqsanlar tədricən aradan qaldırılmış, istehsalatın ahəngdar işi təmin edilmişdi. Və təsadüfi deyildi ki, Qubad müəllimin 40 yaşı tamam olanda onun yubileyinin zavod miqyasında qeyd edilməsini məhz R.Qalstyan təklif etmişdi.

SSRİ-nin üç nüfuzlu elm ocağının bacarmadığını Sumqayıt kimyaçıları bacardı, ancaq onlara Dövlət mükafatı verilmədi...

  Bir zaman kollektivin qarşısında çox çətin bir məsələ - nitril lateksinin sənaye üsulu ilə alınması metodunun hazırlanması dururdu. Xalq təsərrüfatının bir çox sahələri üçün çox vacib olan həmin lateksin alınması üzərində SSRİ-nin Moskva, Leninqrad və Kiyev elmi-tədqiqat institutları neçə illər idi çalışsalar da, onun sənaye üsulu ilə alınmasına nail ola bilmirdilər. O vaxta qədər nitril lateksin əvəzinə xlopopren lateksindən istifadə edilirdi ki, o da həm kimyəvi tərkibi baxımından zərərli idi, həm də onun yeganə istehsalçısı olan Yerevan digər respublikalardan olan istehlakçıların əsəbləri ilə oynayır, məhsulu ünvanına vaxtında və tam həcmdə çatdırmırdı.

 
Məsələnin həlli məqsədilə Ə.Babayevin təklif etdiyi yeni texnologiyanın işlənməsi üçün işçi qrupa texniki-praktiki dəstək lazım idi. Bununla bağlı Qubad müəllimə müraciət edildikdə o, yeni texnologiyanın həyata keçirilməsi üçün bilik və bacarığını məhz bu istiqamətə yönəltmişdi. Və, nəhayət, ümumi səylə SSRİ-nin üç nüfuzlu elmi-tədqiqat institutunun nail ola bilmədiyi mürəkkəb bir iş uğurla başa çatdırıldı – Sovet İttifaqında ilk dəfə olaraq nitril lateksinin sənaye üsulu ilə istehsalı məhz Sumqayıtda yoluna qoyuldu. Təbii ki, bu çox böyük bir uğur idi və ona nail olunmasında Əbülfəz müəllimlə yanaşı Qubad müəllimin, həmçinin zavodun baş mexaniki Akif Zeynalovun və digər mütəxəssislərin də rolu az deyildi. Əslində, həmin nailiyyətə görə onun əldə olunmasında xidməti olanlara SSRİ Dövlət mükafatı verilməliydi. Lakin dövr o dövr deyildi - ölkədə çaxnaşıqlıq, hərc-mərclik hökm sürürdü. Düzü, heç texniki işçi qrupun üzvləri də bununla bağlı heç bir yerə müraciət etmədilər, onların əvəzindən isə heç kəs də təşəbbüs göstərmədi – nə zavod, nə şəhər, nə də də respublika rəhbərliyi. Bu böyük elmi-istehsalat qələbəsini Azərbaycan kimyaçıları deyil, rus mütəxəssisləri əldə etmiş olsaydılar, onlara təntənə ilə ən yüksək mükafatlar, ordenlər verərdilər..

Qubad müəllimin təcrübəsinə Rusiya zavodlarında da ehtiyac olmuşdu

  Qubad müəllim 1978-ci ildə butadien sexinin rəisi kimi orda işin ahəngdarığının, yüksək məhsuldarlığın təmin edilməsi üçün gərgin və səmərəli iş aparmışdı. 1989-cu ildən zavodda əməyin elmi təşkili laboratoriyasının rəisi vəzifəsində işlədikdən sonra Qubad müəllim butadien istehsalatının işinin daha yüksək səviyyədə təşkil olunması məqsədilə 1994-cü ildən butadien sexinin ən mürəkkəb E-7 şöbəsində növbə rəisi, 2000-ci ildən isə həmin sexin şöbə rəisi vəzifəsində çalışmışdı.   

  İllərlə öz peşəsinə vurğunluqla işləyərək, zəngin istehsalat təcrübəsi toplayan istedadlı kimyaçı Qubad Dadaşov bir vaxtlar Rusiyanın Tolyatti və Sterlitamak şəhərlərində rus, alman və cex mütəxəssisləri ilə birgə yeni kimya müəssisələrinin, mürəkkəb istehsalat qurğularının istismara verilməsində də iştirak etmişdi.

  Sonralar Qubad müəllimin çoxillik iş təcrübəsi və kimyaçılar arasında yüksək hörmət və nüfuzu nəzərə alınaraq o, “Sintezkauçuk” İstehsalat Birliyinin baş direktorunun kadr və sosial məsələlər üzrə müavini vəzifəsinə irəli çəkilmişdi.


O, həm mütəxəssis, həm də sadə, səmimi insan kimi çoxlarına nümunə idi

  Vaxtilə zavodun maliyyə şöbəsinin rəisi olmuş, hazırda isə iqtisad elmləri doktoru, Sumqayıt  Dövlət  Universitetinin professoru olan Şəfa Əliyev Qubad müəllimlə bağlı xatirələrini bölüşərək deyir:

  - Qubad müəllim fəaliyyətinin əsas hissəsini butadien istehsalatının təkmilləşdirilməsinə, inkişaf etdirilməsinə sərf edirdi və onun həmin sahə üzrə hələ keçmiş ittifaq tabeliyində olan müəssisələrin mütəxəssisləri arasında özünəməxsus yeri, nüfuzu vardı. O, istedadlı bir mühəndis kimi hər il çoxlu sayda səmərələşdirmə  təklifləri verirdi. İşində çox intizamlı, səliqəli idi. Ağır və mürəkkəb kimya kompleksi üzrə  idarəetmə əsaslarını, prinsiplərini çox gözəl bilirdi.

  7 iyul 2001-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyev Sintetik Kauçuk zavodunda inşa olunmu ş Yaponiya istehsalı olan unikal ЕП-300 kompleksinin güclü enerji mənbəyi olan buxar-generator qurğusunun açılış mərasimində iştirak etmişdi. Həmin əlamətdar hadisə bütün kimyaçıları, o cümlədən Qubad müəllimi də daha əzmkarlıqla işləməyə ruhlandırmışdı.

  Qubad müəllim uzun illər rəhbərlik etdiyi butadien istehsalatı kollektivinin və ümumiyyətlə bütün zavod kollektivinin, şəhər ictimaiyyətinin rəğbətini qazanmış bir şəxs idi, gənclərin böyük hamisi idi. O, gənclərlə bağlı tədbirlərdə böyük həvəslə, şövqlə iştirak edir, həyatın fəlsəfəsini, enişli-yoxuşlu yollarını gənclərə izah edir, onları iradəli, təşəbbüskar, cəsarətli olmağa, böyüklərdən nümunə götürməyə, öz seçdikləri sənəti peşəkar səviyyədə mənimsəməyə və yaxşı mütəxəssis olmaq üçün hər zaman maksimum səy göstərməyə, öz üzərilərində daim işləməyə çağırırdı.

  Onun rəhbərliyi ilə çoxlu gənc kadrlar yetişmişdi və onların əksəriyyəti sonrakı dövrlərdə həm müxtəlif istehsalat sahələrində, həm də Birlik aparatının məsul vəzifələrinə irəli çəkilmişdilər.

  Qubad müəllim həm də gözəl natiq idi, məntiqli çıxışları, maraqlı söhbətləri olurdu. Həyatda onun səliqə-sahmanı da çoxları üçün nümunə idi. İstehsalatda işləməsinə baxmayaraq, daim səliqəli geyinər, səlis və rəvan danışığı, insanlara qarşı son dərəcə səmimi, dürüst olması və kifayət qədər düşünülmüş, arqumentləşdirilmiş məsləhətləri ilə hamının rəğbətini qazanmışdı.

  Son dərəcə təqdirəlayiq və olduqca nadir haldır ki, 2010-cu ilin noyabrına kimi Qubad Dadaşovun əmək bioqrafiyasında ilk və son, yeganə iş yeri kimi qeyd edilmiş “Azərikimya” İstehsalat Birliyinin onun üçün doğma olan müəssisəsində çalışmışdır. Təəssüf ki, bütün şüurlu ömrünü neft-kimya sənayesinin inkişafına həsr etsə də, sadəliyinə, təvazökarlığına görə nəzər-diqqətdən kənarda qalmış, çoxillik səmərəli fəaliyyətinə görə heç bir orden-medalla təltif edilməmiş, yalnız SSRİ-nin «Əlaçı kimyaçı»sı, Sintetik Kauçuk zavodunun “Əməkdar veteranı” fəxri adlarına, Sumqayıt şəhər Sovetinin bir-çox fəxri-fərmanlarına layiq görülmüşdür.

  Zəngin təcrübəli istehsalat adamı kimi, həm də səmimiliyi, insanpərvərliyi, nəcibliyi  və xeyirxahlığı ilə müəssisə kimyaçılarının, bütün sumqayıtlıların dərin hörmət və nüfuzunu qazanmış Qubad Dadaşov Sumqayıt şəhər Sovetinin deputatı olmuş, 53 il gərgin istehsalat həyatından sonra təqaüdə çıxsa da, çalışdığı müəssisənin və şəhərin ictimai-mədəni həyatında hər zaman yaxından, yüksək fəallıqla iştirak etmişdi.

  Qubad müəllim həm də böyük mənada yaxşı idarəçi, təşkilatçı idi. O, işlədiyi bütün vəzifələrdə etimadı doğrultmuş və hamının rəğbətini qazanmışdı. Onun işıqlı  xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır.

***

  1988-1993-cü illərdə “Sintezkauçuk” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olmuş Cabir Sultanov da Qubad müəllimi böyük ehtiramla xatırlayır:

 
- Qubad müəllim təbiətən sadə, mehriban, təvazökar, ağır təbiətli bir adam idi. Çox böyük həyat və  istehsalat təcrübəsi vardı. Zavodda istehsalatın bütün kimyəvi-texnoloji proseslərini çox mükəmməl bilirdi. Onun bir müddət rəhbərlik etdiyi şöbə istehsalatda əməyin ən mütərəqqi metodlarından istifadə etməkə təşkilini həyata keçirirdi.

  Qubad müəllim içtimai təşkilatların, xüsusən də Həmkarlar İttifaqı Komitəsinin işlərində fəal iştirak edirdi. O vaxtlar baş direktorun referenti işləyən, bir vaxtlar Aşqarlar zavodunun direktoru  olmuş  Muradəli Mustafayevlə möhkəm dostluğu vardı. Onların hər ikisi o vaxtlar artıq təqaüd yaşında idilər. Ancaq böyük istehsalat və təşkilatçılıq  təcrübələri olduğu üçün Birliyin baş direktoru Zamin Hüseynovun təşəbbüsü ilə onlar zavodda əmək fəaliyyətini davam etdirirdilər. Qubad müəllim və Muradəli müəllim həm də qonşu, 2-ci məhəllənin sakinləri idilər, eyni binada yaşayırdılar. Axşamlar adəti üzrə onlar gərgin işdən sonra çox vaxt dənizkənarı parka çıxıb, gəzişər, istirahət edərdilər. Və mən hərdən o iki ağsaqqalla parkda rastlaşıb, onların maraqlı söhbətlərinə, xatirələrinə qulaq asardım. 

Qubad Dadaşovun sevgi hekayəsi.
O, ailəcanlı, qohumcanlı, dostcanlı idi.

  Qubad müəllim sonralar əbədi, xoşbəxt həyat qurduğu şəkili qız Rəna xanımla eyni institutda, lakin bir kurs yuxarıda oxuyurdu. Rəna xanım 3-cü kursda, özü isə 4-cü kursda olanda birinin dərsi auditoriyada başa çatanda həmin auditoriyada o birinin dərsləri başlayırdı. Və istər-istəməz auditoriyaya girib-çıxanda oğlan və qızların baxışları toqquşardı. Gənc Qubadın gözləri elə ilk gündən Rəna xanımı tutmuşdu. Ancaq tərbiyəli və utancaq olduğundan ona yaxınlaşmır, sirrini-sözünü deyə bilmirdi. İş elə gətirmişdi k, tələbə yataqxanasında qızlar 3-cü, oğlanlar isə 4-cü mərtəbədə yaşayırdılar. Bu isə utancaq Qubada imkan verirdi ki, qız kitabxanaya və ya hansısa bir iş dalınca gedəndə sevgilisini gizli-gizli yuxarıdan izləsin. Rəna da hiss etmişdi ki, “bir nəfər oğlan” – yuxarı kurs tələbəsi ona oğrun-oğrun baxır. Ancaq heç bir münasibət bildirməsə də, oğlanın mədəni, abır-həyalı olması diqqətindən yayınmırdı.

  Bir dəfə isə - 1955-ci ildə Rəna 11 №-li tramvaya oturub, Şəkidən gələrək, xəstəxanada müalicə olunan xalası qızının əri Xəlil üçün dərman əvəzi zeytun yağı aparanda birdən tramvayda bir az aralıda dayanmış həmin oğlan gözünə sataşır. Bir qədər getdikdən sonra o utancaq tələbə gözlənilmədən salam-kəlamsız keçib Rənanın yanında əyləşir və guya buna çoxdan mənəvi hüququ varmış kimi, “şübhədən çıxmaq üçün” soruşur: “hara gedirsən?”. Onsuz da heç bir suçu olmayan Rəna ona elə adicə tələbə yoldaşı kimi hara getdiyini bildirir. Utancaq oğlan – Qubad isə qayıdır ki, gedək, mən o xəstəxananı tanıyıram. Sən demə, o, doğrudan da xəstəxananın yerini bilirmiş. Qohuma çatası zeytun yağını verib, geriyə - yataqxanaya qayıdırlar. Və yolüstü Qubadın xahişi ilə 5-10 dəqiqəliyə yaxınlıqdakı parkda otururlar. Qubad sanki bəxtinin əldən çıxmasına yol verməyərək, özünü toplayıb, qətiyyətlə deyir: ”atamla babamla 5-10 günə Şəkiyə, sizə gedəcəkər”. Və utancaqlığı bir kənara qoyub, Rənagilin ünvanını istəyir. Qız isə sanki ovsunlanmış kimi, bəxtinin-taleyinin elə bu oğlan olacağına inanıb, evlərinin ünvanını verir. İki həftə sonra Salyandan Şəkiyə gedən elçilərin qarşısında Rənanın dayısı “başlıq” şərti qoymaq istəyəndə atası Bəhram kişi onun sözünü kəsib, demişdi: “başlıq nədir, biz qohum oluruq. Allah xoşbəxt eləsin!”. Bununla da mühüm məsələyə son qoyulmuşdu. Və artıq 1957-ci ilin 22 iyulunda gənclərin toyu olmuşdu.

 
İllər ötdükdən sonra Rəna müəllimə bu gün də Qubad müəllimdən böyük razılıqla bildirir ki, həyat yoldaşı ömür boyu bir dəfə də olsun onun xətrinə dəyməmiş, inciklik yaradacaq söz-söhbət etməmişdi. Elə Rəna müəllimə özü də belə hala səbəb olacaq nəyəsə yol verməmişdi. O, bəlkə də çox qadının əhəmiyyət vermədiyi bir məqamı da yada salaraq deyir ki, Qubad müəllim işdən evə qayıdarkən heç yerdə ləngiməz, dost-tanışla yemək-içməyə oturmazdı, bilirdi ki, evində gözləyəni var.

  Rəna müəllimə Qubad müəllimin necə böyük bir ürəyə malk olduğunu göstərən daha bir məqama diqqət çəkir. Qubad müəllim bir vaxt – 1963-cü ildə Kislovodskda dincələrkən üçüncü qız övladı dünyaya gəlir. Dostlardan biri bunu hələlik ona bildirməməyi məsləhət görür. Rəna xanım qayıdır ki, siz Qubadı yaxşı tanımırsınız, o elə adamdır ki, üçüncü qızının da dünyaya gəlişinə ürəkdən sevinəcək. Doğrudan da, istirahətini yarımçıq qoyub, Sumqayıta qayıdan Qubad müəllim xanımını böyük bir gül buketi, ona və körpə qızına aldığı hədiyyələrlə təbrik etmiş, sevindirmişdi.

  Rəna xanımın və qızlarının söhbətindən aydın olur ki, Qubad müəllim hər il gərgin iş aylarından sonra həmişə ailəsini də götürüb, Soçidə, Kislovodskda, Pyatiqorskda və digər yerlərdə dincələrmiş, bütün gücü ilə ailəsinin istirahətinin xoş keçməsinə çalışarmış.

  Elmə, təhsilə xüsusi fikir verən Qubad müəllim övladlarının və nəvələrinin də yaxşı təhsil alması üçün bacardığı hər şeyi edib. Böyük qızı Çərkəz musiqi, ortancıl qızı Gülər rəsm müəllimidir, Afət isə anasının yolunu davam etdirərək, orta məktəbdə ən çətin fənni - fizikanı tədris  edir. Qubad müəllimin 4 oğul nəvəsi və iki qız nəvəsi də baba və nənələri kimi ali təhsil alaraq, uğurla müxtəlif sahələrdə çalışırlar. Qubad müəllimin 5 nəticəsi də özündən sonra onun xalqımıza gözəl yadigarlarıdır.   

***

 
Bu gün Sumqayıt kimyaçıları xatirəsi heç zaman unudulmayacaq istedadlı, nüfuzlu istehsalatçı-kimyaçı dostları Qubad müəllimi ehtiramla xatırlayaraq, onun böyük şəxsiyyətli adam, daxilən büllur kimi saf, təmiz vicdanlı, qızıl kimi insan olduğunu dilə gətirirlər. Bəli, Qubad müəllim bütün varlığı ilə bir işıq, nur mücəssəməsi idi, çöhrəsində həmişə mehribanlıq, insanlara məhəbbət var idi. Yəqin ki, o gözəl insan onu tanıyanların hamısının yaddaşında elə bu cür qalıb!.. Onun kimi səmimi, müdrik ağsaqqallar heç vaxt unudulmur!  

***

  Bütün həyatını şərəflə, xalqa böyük məhəbbətlə, daim doğma Vətənə xidmətdə yaşamış gözəl insan Qubad Dadaşov dünyadan 2014-cü ildə, 81 yaşında köçmüşdür. Allah rəhmət eləsin! Ruhu şad olsun!


Rəhman ORXAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı