1-15 sentyabr dərs müddəti ilə 1-14 iyun dərs müddətini eyniləşdirmək, "havanın temperaturu eynidir" demək boş və absurd fikirdir.
Modern.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
O, tədris müddətinin sentyabrın 1-də başlaması təklifini dəstəklədiyini deyib.
"Birincisi, ona görə ki, 1-15 sentyabrda havanın temperaturu yuxarıya doğru qalxmır, əksinə sərinləşir, temperatur daha yaxşı olur, bu da dərsə getmək üçün daha əlverişlidir. Amma 1-14 iyunda hava daha da istiləşir, temperatur hər gün yuxarıya doğru qalxır və tədris üçün əlverişsiz olur", - ekspert vurğulayıb.
Kamran Əsədovun fikrincə, tədris ilinin müddəti üçün ən optimal vaxt 1 sentyabr - 30 may aralığıdır:
"1-15 sentyabr təsirin başlaması üçündür. Yəni şagirdlər dərsə başlayır, enerjil və həvəslidirlər. 1-14 iyun isə tam əksinə, şagirdlər 9 ay, 32-34 həftə ərzində dərsə gəlib yorulublar, əlavə olunan vaxt isə onlara əlavə yükdür. Düşünürəm ki, tədris ilinin ən optimal müddəti 1 sentyabr-30 maydır. Bu daha effektiv olar".
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi mətbuat konfransında tədbir ilinin müddətinin dəyişdirilməsi təklifinə müsbət yanaşmadığını deyib.