“Hüseyn Abdullayev sabah Vergilər Nazirliyini məhkəməyə verəcək. İnterpol da sorğumuza cavab verməsə, onu da məhkəməyə verəcəyik”.
Bu barədə Modern.az-a sabiq deputat Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov məlumat verib. O bildirib ki, cinayət işinin hansı müstəntiqin icraatında olması bilinmir.
“Bunu öyrənəndən sonra işə başlayacağıq. Amma bununla bağlı bizə heç bir məlumat verilmir. Qaydalara görə, sorğuya iki gün müddətində cavab verməlidirlər. Burada başqa bir məsələdə var ki, ortada müdafiə hüququnun pozulması olduğu üçün onlar cavabı dərhal göndərməlidir. Hətta bu, şifahi formada da deyilə bilər ki, iş filnakəsin icraatındadır, gəlib təqdim edə bilərsiniz. Odur ki, Hüseyn Abdullayevlə bağlı cinayət işi həqiqətən varsa, bunu niyə gizlədirlər?!”.
Kamandar Nəsibov Hüseyn Abdullayevlə bağlı İnterpola da sorğu göndərilib ki, hansı sənədlər əsasında axtarış elan olunub.
“İnterpol belə bir axtarış elan edibsə, deməli, həqiqətən də Hüseyn Abdullayev barəsində cinayət işi açılıb. Ona görə də İnterpola da sorğu göndərmişik ki, bu axtarışı hansı sənədlər əsasında elan edib və əsas nədir. Çünki onlarda bu barədə hansısa məhkəmənin qərarı olmalıdır. Məhkəmənin qərarı olmadan onlar axtarış verə bilməzlər. Hətta əvvəlcə daxili axtarış edilmədən birbaşa beynəlxalq axtarışa verilib. Sorğumuza cavab gəlməzsə, İnterpolu da hərəkətsizliyə görə, məhkəməyə verməli olacağıq”.
Sabiq millət vəkilinin mülklərinin heç birində də axtarış aparılmadığını deyən vəkilin sözlərinə görə, barəsində cinayət işi açılan Hüseyn Abdullayev uzun müddətdir ki, öz adında olan əmlakını valideynlərinin adına keçirib.
Artıq bir neçə gündür ki, İnterpol vasitəsilə axtarışa verilən Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsinə müraciət göndərilsə də, müraciətə heç bir cavab verilmir.
Gültəkin ƏLƏSGƏR