Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplayıb. “Millət İttifaqı”nın namizədi, CHP lideri Kamal Kılıçdaroğlu 44,85%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs qazanıb.
Namizədlərdən heç biri mütləq səs çoxluğu (50%+1) qazana bilmədiyi üçün seçkilər ikinci tura qalıb. Mayın 28-də keçiriləcək növbəti raundda Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq. Seçkilərdə üçüncü yeri qazanan Sinan Oğan ikinci turda hansı namizədi dəstəkləyəcəyinə hələ qərar verməyib.
İkinci turda kimin seçilmə şansı daha çoxdur?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən Elman Məmmədov bildirib ki, Ərdoğanın qələbəsi arzuolunandır:
“Arzu etdiyimiz namizəd bizim dostumuz, qardaşımız, Azərbaycanı ürəkdən çox istəyən hörmətli Rəcəb Tayyib Ərdoğandır. O, ikinci turda keçiriləcək seçkidə böyük fərqlə qələbə qazanacaq. Gedişat bunu deməyə əsas verir. Hesab edirəm ki, Türk dünyasını, Türkiyəni çox istəyən hamı Ərdoğana səs verməlidir. Ərdoğana səs verilməsi tək Türkiyə üçün yox, bütün Türk dünyası üçün vacibdir və lazımdır. Türk dünyası birliyinin yaranması və inkişafı üçün Ərdoğan kimi liderə ehtiyac var”.
Deputat vurğulayıb ki, müstəqil siyasət yürütdüyü üçün bəzi qüvvələr Ərdoğanı istəmir:
“Qərbdə müəyyən dövlətlər, dairələr, eləcə də ABŞ Ərdoğanı istəmir. Çünki Ərdoğan onlara boyun əymir. İstəyirlər ki, Türkiyədə seçilən rəhbər onların dediyi ilə oturub-dursun. Ancaq Ərdoğan müstəqil və güclü, Türk dünyasının birliyi üçün çalışan bir liderdir. Kim ki Ərdoğanı bəyənir, onu çox istəyirsə, deməli Türk dünyasını və Türkiyəni çox istəyir. İnşallah, qələbə Ərdoğanın olacaq”.
Deputat ikinci turda ATA ittifaqının namizədi Sinan Oğanın “Cümhur İttifaqı”na səs verməli olduğunu qeyd edib:
“Sinan Oğan özü əvvəllər Milliyyətçi Hərəkat Partiyasının sıralarında olub. O türk milliyyətçiliyinə sadiq qalan bir şəxs kimi hesab edirəm ki, düzgün seçim etməlidir. Türk milliyyətçiliyi, Türk dünyasının inkişafı naminə “Cümhur İttifaqı”na dəstək olmalıdır”.
Milli Məclisdə YAP-ı təmsil edən digər deputat Elşad Mirbəşiroğlu Ərdoğanın 2002-ci ildən bu yana seçkilərdə favorit olduğunu xatırladıb:
“14 mayda keçirilən prezident və parlament seçkilərində “Cümhur İttifaqı” üstünlüyünü qoruyub saxladı. Nəzərə almaq lazımdır ki, 2002-ci ildən bu yana Ərdoğan və partiyası bütün seçkilərin favoritidir. Bu, Ərdoğanın Türkiyə dövləti və xalqı üçün göstərdiyi xidmətlərinin cəmiyyət tərəfindən obyektiv şəkildə yüksək qiymətləndirildiyini göstərir. Həqiqətən də, 2000-ci illərə qədər olan Türkiyə ilə indiki Türkiyə fərqli-fərqli ölkələrdir. Ərdoğanın iqtidarına qədər Türkiyə xarici idxaldan asılı idi. Eyni zamanda müstəqil xarici siyasət yeritmək iqtidarına malik deyildi. Parlamentli sistem var idi və orada Qərbin təsiri altında olan müəyyən qüvvələr bütövlükdə ölkənin xarici siyasətinin yönləndirilməsinə təsir göstərirdi. Ərdoğan iqtidarı dövründə isə Türkiyə addım-addım yalnız öz milli maraqlarına uyğun siyasət yürütmək imkanına sahib oldu. Bu gün cəsarətlə deyə bilərik ki,Türkiyə öz milli maraqlarına uyğun tam müstəqil siyasət yürüdür. Prezidentli hakimiyyət imkan verdi ki, kənar siyasi dairələrin, qüvvələrin təsiri minimuma endirilsin.Türkiyə sənayesi yüksək səviyyədə inkişaf etdi. Bunun nəticəsidir ki, Türkiyə nəinki idxaldan asılı deyil, həm də ixrac imkanlarına malik ölkədir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada türk sənayesinin istehsalı olan məhsullara rast gəlinməsin. Bu həm də ölkəyə xarici təsir imkanlarının məhdud olduğunu göstərir. Ərdoğanın iqtidarı sayəsində Türkiyə sənayesi dünyanın ən güclü sənayelərindən birinə çevirilib. Türk hərbi sənayesinin məhsulları dünyanın əksər ölkələrinə ixrac edilməkədədir. Ərdoğan təkcə Türkiyə dövləti və xalqının yox, bütün türk-islam dünyasının qarşısında xidmətlər göstərib. Hər şeyi düzgün qiymətləndirən qardaş Türkiyə cəmiyyəti bu amili də nəzərə alacaq".
Deputat vurğulayıb ki, 28 mayda keçiriləcək prezident seçkilərində Ərdoğanın inamlı qələbə qazanacağına heç bir şübhə yoxdur:
“Türkiyə cəmiyyətində türk-islam təəssübkeşliyi kifayət qədər güclüdür. Ərdoğanın iqtidarı dövründə qardaş Türkiyə bütün türk-islam dünyası üçün barışdırıcı, həmrəyliyi gücləndirici bir qüvvəyə çevrildi.Düşünürəm ki, bütün bunlar və sadalaya biləcəyimiz çoxsaylı amilləri nəzərə alaraq qəti proqnoz vermək olar ki, 28 may seçkilərində Ərdoğan qələbə qazanacaq. Mən proqnoz vermişdim ki, seçkilər mayın 14-də Ərdoğanın qələbəsi ilə nəticələnəcək. Lakin bu baş tutmadı. Çünki Türkiyə seçki qanunvericiliyinə görə, bariyer aşılmadı. Ancaq mahiyyət etibarilə Ərdoğan və onun partiyası seçkilərdə qələbə qazandı. 322 səslə Ərdoğan partiyanı götürməyi bacardı.Nəzərə almaq lazımdır ki, Kılıçdaroğluna qərb həm maliyyə, həm də informasiya dəstəyi verməkdəydi. Nəyin bahasına olursa-olsun Ərdoğanı uduzdurmağa çalışırdılar. Çünki Ərdoğan müstəqil siyasət yürüdür. Qərbə də müstəqil Türkiyə lazım deyil. Kılıçdaroğlu isə aşkar şəkildə media önündə Qərb qarşısında öhdəliklər götürürdü. Bu öhdəliklər də Türkiyənin milli maraqlarına xələl gətirən məsələlər idi. Türkiyə cəmiyyəti bunu da nəzərə alacaq. Bu arada seçkilər göstərdi ki, PKK-nın(terror təşkilatı-red) siyasi qolu olan HDP(Xalqların Demokratik Pariyası) ilə əməkdaşlığı var. Çünki HDP-nin təsiri olan bölgələr Kılıçdaroğlunu dəstəklədi. Kılıçdaroğlu demişdi ki, HDP-nin sədri Selahaddin Demirtaşın azad olunmasını istəyirsinizsə, məni dəstəkləyin. Bu kürd terrorçuları ilə aşkar işbirliyidir. Bu da hesab edirəm ki, Türkiyə elektoratının Ərdoğanın xeyrinə səs verməsinə mütləq təsir göstərəcək”.
E.Mirbəşiroğlu Sinan Oğanın kimi dəstəkləyəcəyi məsələsinə də toxunub:
“Sinan Oğan 5 faizdən yuxarı səs topladı. Ancaq onun Türkiyə elektoratı üçün mühüm əhəmiyyət kəsb edən siyasi fiqur olduğunu düşünmürəm. Sinan Oğanın dediyi kimi, seçkilərin taleyini onlar müəyyənləşdirmir. Kimin hansı mövqe göstərməsindən asılı olmayaraq, hesab edirəm ki, Ərdoğanın özünün kifayət qədər güclü elektorat bazası var. Ərdoğan öz gücünə qalıib gələcək. Sinan Oğan özünün də vurğuladığı kimi, Türkiyənin maraqlarını hər şeydən üstün tutursa, Türkiyənin rifahını, gələcəyini düşünürsə, şübhəsiz heç bir ön şərt irəli sürmədən Ərdoğanı dəstəkləməlidir. Çünki indiki seçkilər həm Türkiyə üçün, həm də dünya üçün vacib həyati əhəmiyyət daşıyır. Ərdoğanın seçilməsi bütün dünya üçün vacibdir. O, dünyada ədaləti dəstəkləyir. Hamının maraqlarının təmin olunacağı dünya sistemini dəstəkləyir. Ona görə də, düşünürəm ki, fərdi görüş və maraqları kənara qoyub, milli maraqlardan çıxış etmək lazımdır. Bu da Ərdoğanın yanında olub, onu dəstəkləməklə mümükündür”.