“Milli Şuranın vahid namizədinin elan olunması ilə Müsavat Partiyasının qurultayı arasında heç bir əlaqə yoxdur. Vahid namizəd məsələsi qurultayın aktuallığını azaltmır”. Bunu Modern.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, Müsavat partiyasının qurultayının keçirilməsi həmişə gündəmdədir.
“Qurultayı keçirə bilmiriksə, bu, bizim günahımız deyil. Çünki hakimiyyət bizə yer vermir. Biz qurultayı keçirməyə israrlıyıq. Milli Şuranın vahid namizəd məsələsinə görə Müsavat Partiyasının qurultayının gündəmdən düşməsi arasında əlaqə axtarmaq düzgün deyil”-deyə vurğulayıb.
Xatırladaq ki, Müsavat partiyası dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə qurultayla bağlı müraciət etsə də, məsələ həll olunmamış qalır. Qurultayda isə Müsavat başqanı İsa Qəmbərin namizədliyinin irəli sürülməsi gözlənilirdi.
Aqşin KƏRİMOV