Bu gün Kənd Təsərrüfatı Nazirliyi “Qobustan” Bölgə Təcrübə Stansiyasında Akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş “Dəmyə bölgələrdə yeni taxıl sortlarının sınağı və toxumçuluğunun təşkili”nə dair ümumrespublika tarla müşavirəsi keçirilib. Moderrn.az xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevin qeyri-neft sektorunun, onun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan, bu sahədə qarşıda duran prioritet məsələlərdən danışıb. Tədbirin məqsədlərindən bəhs edən nazir, bölgələrdə dəmyə torpaqdan səmərəli istifadəni təşkil etməklə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını ən vacib vəzifələrdən olduğunu söyləmiş və burada əkilən sortların əksəriyyətinin dünya şöhrətli alim, akademik Cəlal Əliyevin rəhbərliyi altında yaradıldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. “Taxılçılıqda biotik və abiotik faktorlara davamlı yeni sortlar yaradılması, onların toxumçuluğunun təşkili və yayılması istiqamətlərində ardıcıl iş aparılmalıdır. Habelə taxıl istehsalı üçün məlum olan ən səmərəli becərmə aqrotexnikasından, gübrələmə sistemlərindən və bitki mühafizəsi tədbirlərindən istifadə olunmalıdır. Təəssüf ki, bu məsələlərlə əlaqədar hələ çox işlər, xüsusilə maarifləndirmə işləri aparılmalıdır”. İsmət Abasov iri taxılçılıq təsərrüfatlarında hər hektardan 50-55 sentner məhsul əldə olunduğunu, bu sahədə dövlətin fermerlərə və torpaq mülkiyyətçilərinə göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açmış, ölkəmizdə taxılçılıqda məhsuldarlığın inkişafı üçün əlverişli münbit şəraitin olduğunu, kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.




Modern.az