İki gün öncə Abşeron rayonun Güzdək qəsəbəsinin Quşçuluq massivi, 15 və 17 ünvanında aşkarlanan at və eşşək ətlərinin laborator müayinəsi zamanı murdar olmuş ətlərin bakterioloji çirklənməyə məruz qaldığı məlum olub. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Modern.az-a verdiyi məlumata görə, yoxlama zamanı bəlli olub ki, həmin ətlər təkdırnaqlı heyvanlara məxsusdur və istifadəyə yararsızdır.
“Bizə məlumat daxil olanda həmin ətlərdə qara yara və iki yoluxucu xəstəliyin olduğu bildirilmişdi. Amma bakterioloji müayinələr zamanı müəyyən edildi ki, bunların heç birində qara yara xəstəliyi yoxdur. Lakin ətlər murdar olmuş heyvanların ətidir və bakterioloji çirklənməyə məruz qalıb. Ona görə də müayinələr başa çatandan sonra Heyvanat parkı ilə əlaqə saxlanılıb və ətlər akt əsasında heyvanat parkına təhvil verilib. Heyvanat parkının əməkdaşları 560 kiloqram ağırlığında əti Respublika Baytarlıq Laboratoriyasının soyuducusundan heyvanat parkına aparıblar”.
Gültəkin ƏLƏSGƏR