İyulun 3-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Mərkəzi Seçki Komissiyasının Ümid Partiyasından üzvü Akif Qurbanov xidməti pasportla təmin olunmadığı üçün MSK-ya qarşı qaldırdığı iddia üzrə şifahi məhkəmə baxışı keçirilib. Modern.az-ın məlumatına görə, bu barəddə A.Qurbanov partiyanın mətbuat xidmətinə bu barədə açıqlama verib.
A. Qurbanov deyib ki, məhkəmə tərəfləri dinləyən zaman o, qanun tələblərinə əsaslanaraq öz arqumentlərini əsaslandırıb. Qeyd edib ki, Parlamentdə tək müxalifət partiyası olan Ümid Partiyasının MSK təmsilçisi olduğuna, komissiyada müxalifət nümayəndəsi kimi aktiv prinsipial fəaliyyət göstərdiyinə görə MSK rəhbərliyi siyasi ayrı-seçkilik edərək, onun pasportla təmin olunmasına imkan vermir. MSK ona istinad edir ki, guya MSK-a üzvü xidməti ezamiyyətə göndərilmədiyi üçün ona pasportun verilməsi də gərək deyil. Bu qanunsuz bir bəhanədir. Fəaliyyətdə olduğu 7 il ərzində müxalifət təmsilçisi olduğuna görə A. Qurbanovun 1 dəfə də olsun qəsdən MSK üzvü olaraq xidməti ezamiyyətə göndərilməyib.
A. Qurbanov əlavə olaraq bildirib ki, hazırlıq iclasında məhkəmə MSK-ya kimlərin xidməti pasport əldə etməsi haqqında sorğu göndərilməsi barədə qərar verib. Bu gün məhkəmədə bəlli olub ki, MSK məhkəmə qərarını yerinə yetirməyərək, sorğuya cavab verməyib.
Sonda məhkəmə A. Qurbanovun MSK-ya qarşı iddiasını təmin etməyib.
Qeyd edək ki, qanunun tələbinə əsasən, Azərbaycan Respublikası vətəndaşının xidməti pasportunun verilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səlahiyyətinə aid edilib. Bunun üçün XİN-ə MSK rəhbərinin vəsatət-təqdimatı göndərilməlidir. Halbuki “ Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında ” Qanunda və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il, 3 mart tarixli, 391 saylı fərmanı ilə təsdiq edilmiş xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında aydın göstərilir ki, MSK üzvləri xidməti pasport əldə etmək hüququna malikdir.
Modern.az