Misir prezidenti Məhəmməd Mürsinin əleyhdarlarının paytaxt Qahirədə ara vermədən keçirdiyi çoxmilyonlu nümayişlər nəhayət nəticəsini verib. Misir ordusunun da hadisələrə müdaxiləsində sonra hərbçilər prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırıblar.
Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, artıq Misirdə növbədənkənar prezident seçkilərinin də keçiriləcəyi bəyan edilib. Misirin müdafiə naziri Abdel Fattah as-Sisi bununla bağlı xalqa televiziyadan müraciət edib.
Hakimiyyətdən uzaqlaşdırılan prezident Mursi isə baş verənləri hərbi çevriliş adlandırıb. M.Mursi ölkə vətəndaşlarını, daha doğrusu tərəfdarlarını dirəniş göstərməyə, onun prezidentliyinin legitimliyini qorumağa çağırıb.
"Məm Misirin seçilmiş prezidentiyəm. İndi isə xalqdan bu legitimliyi qorumaq tələb olunur, çünki o Konstitusiyaya uyğundur”.
Müdafiə naziri Abdel Fattah as-Sisi isə ölkədə Konstitusiyanın qanuni qüvvəsinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. O, deyib ki, ordu prezident Mursiyə siyasi böhranın aradan qaldırmaq üçün 48 saat vaxt versə də, ölkə başçısı bu istiqamətdə bütün təklifləri rədd edib.
"Silahlı qüvvələr həmişə siyasətdən kənar olublar. Lakin Misir xalqı bizdən inqilabın məqsədlərinə çatmaq üçün yardım istədi", - deyən Abdel Fattah al-Sisi bildirib ki, yeni prezident seçilənədək ordu ölkədəki vəziyyətə nəzarət edəcək.
Mursinin prezidentlikdən kənarlaşdırılmasından sonra təklif olunan 4 bənddən ibarət "yol xəritəsi"nə görə, Konstitusiya qüvvədən düşür; tezliklə seçkilər keçirilir, o vaxta qədər ölkəni konstitusiya məhkəməsi idarə edir; koalisiyadan ibarət milli etimad hökuməti təşkil olunur; Konstitusiyaya dəyişiklik və ya əlavə üçün xüsusi komitə yaradılır.
Artıq devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar başladığı barədə xəbərlər var, onlarla ölən və yaralananların olduğu bildirilir.
Son məlumatlara görə, Məhəmməd Mursi nəzarətə alınaraq ev dustağı edilib. Onun dəqiq yeri barədə məlumat verilmir. Ölkədə vəziyyət gərgin olaraq qalmaqdadır.
Modern.az