Modern.az

Prezidentdən 29 yaş cavan BİRİNCİ LEDİ - şairə, rəssam, politoloq...

Prezidentdən 29 yaş cavan BİRİNCİ LEDİ - şairə, rəssam, politoloq...

4 İyul 2013, 10:05

Yenni Elina Haukio Finlandiya dövlət başçısının ikinci arvadıdır

  Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Layihənin budəfəki təqdimatı Finlandiya Respublikasının birinci xanımı Yenni Elina Haukiodur.  

Əslində o, yaxın illərdən dövlət başçısının həyat yoldaşıdır. Prezident Sauli Niynistenin ilk xanımı faciəli şəkildə vəfat etdikdən sonra 1948-ci il təvəllüdlü ölkə başçısı 1977-ci ildə doğulmuş xanım Yenni Elina Haukio ilə ailə həyatı qurub.

Birinci ledi Yenni Elina 1977-ci il aprelin 7-də Finlandiyanın Pori şəhərində anadan olub. O, şairə və Turku şəhərindəki kitab yarmarkası proqramları üzrə menecer vəzifəsi ilə tanınırdı. 2001-ci ildə Turku universitetində siyasi elmlər üzrə magistr dərəcəsi alan Yenni Haukio 1999-cu ildə çap etdiyi ilk şeir kitabına görə mükafat alıb.

Finlyandiya Koalisiya Partiyasının ictimai əlaqələr şöbəsinin keçmiş rəhbəri olan birinci xanım hazırki prezident Sauli Niynistenin ikinci həyat yoldaşıdır. O, 2009-cu ildə Sauli Niyniste ilə ailə həyatı qurub. Toyları olanda prezident 61, birinci xanım isə 32 yaşında idi.

Prezident Sauli Niyniste 2012-ci il seçkilərində qalib gəlib. Onun iki oğlunun anası olan birinci həyat yoldaşı 1999-cu ildə yol qəzasında faciəli şəkildə həlak olub. Hadisədən sonra Sauli Niyniste 10 il dul qalıb.

Fin mətbuatının verdiyi məlumata görə, hazırki birinci xanım Yenni Elina lap gənc yaşlarından idmanla məşğul olub və kilsə xorunda dini mahnılar ifa edib. Onun hazırkı məşğuliyyətlərinə – şakərlərinə isə əntiq heykəllər toplamaq və balıq ovu daxildir. Həqiqətən də xanım Yenni  ümumtəhsil məktəbinin musiqi şöbəsində təhsil alıb. Uzun müddət yüngül atletika üzrə uşaq və gənclərin hazırlanmasına iştirak edib. Eyni zamanda Helsinki universitetinin siyasi elmlər üzrə aspiranturasında təhsil alıb. Onun tədqiqat maraqları içərisində ümumi siyasi elmlər, beynəlxalq münasibətlər, siyasi tarix və iqtisadiyyat daxildir.

Finlandiyanın birinci xanımı Yenni Haukionu doğma Pori şəhəri yaxınlığındakı kiçik adalardan ibarət arxipelaqda təbiəti seyr edərkən və rəssamlıq sərgilərində tez-tez görmək olar. Ərindən 29 yaş gənc olmasına baxmayaraq, o, dövlət başçısına bütün məsələlərdə dəstək olur. Sauli Niyniste ilk dəfə prezidentliyə namizəd olanda xanım Yenni Haukio ictimai əlaqələr şöbəsinin rəhbəri olduğu Koalisiya Partiyasından ayrılaraq seçki kampaniyası ərinin yanında oldu.

İnternetin Finlandiya siyasətinə, xüsusən partiyaların siyasətinə təsiri barəsində elmi məqaləsi ilə də tanınan birinci xanım 2003-2005-cü illərdə parlament deputatının köməkçisi olub. Müxtəlif dövlət tədbirlərində aktiv iştirak edən birinci xanım Finlandiyanın Laplandiya vilayətində azsaylı Saami xalqının etnik və mədəni kimliyinin qorunması üçün xüsusi fond təsis edib. Burada, İnari qəsəbəsində o, saamilərin “Sayosa” adlı siyasi-mədəni mərkəzinin tikintisinə yardımçı olub.

Bundan başqa, Yenni Elina gənc və uşaqların sosial müdafiəsinin artmasında, onların zərərli vərdişlərdən çəkindirilməsində və heyvanların qorunmasına əhəmiyyətli rol oynayan bir neçə ictimai təşkilatın əsasını qoyub.

Birinci xanımla dövlət başçısının birgə həyatdan övladları dünyaya gəlməsə də, evdə “Boston teryeri” cinsindən bir itləri var.






Vüqar İsmayılov
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU