Modern.az

Həkim və müəllimlər üçün yaş senzi ləğv olunmalıdır - Deputat

Həkim və müəllimlər üçün yaş senzi ləğv olunmalıdır - Deputat

Parlament

22 May 2023, 16:12

Yaşı 65-i keçən müəllimlərin və həkimlərin işdən çıxarılmasının əleyhinəyəm.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.

 

O, tibb işçiləri üçün yaş senzinin ləğv olunmasının zəruri olduğunu hesab edir: “Biz gənclərə yol verməliyik.  Ancaq bu, illərlə təcrübə qazanmış peşəkar mütəxəssislərin işdən azad edilməsi mənasına gəlməməlidir. Xüsusilə həkim və tibb işçiləri üçün 65 yaş ən məhsuldar, zəngin təcrübə toplama yaşıdır. Tibb elmi nəzəriyyədən ibarət deyil. Bu sahədə ən vacib məsələlərdən biri də həkimin təcrübəsidir. Bəzən Tibb Universitetini bitirənlər illərlə bir xəstəliyə təcrübi olaraq həyatda rast gəlmir. Hansı həkim Koronavirus xəstəliyini təcrübədə görmüşdür.  Belə xəstəliklərin gələcəkdə baş verməsindən kim sığortalanıbdır. Biz onda nə edəcəyik? Pandemiyadan sonra Avropa tibb işçiləri yaş senzini götürdü. Tibb işçiləri neçə yaşına kimi işləyə bilirlərsə, işləyə bilər. Pandemiya dövründə hətta təqaüddə olan həkimləri də geri qaytardılar. Elə müəllimlər üçün də 65 yaş məhsuldar dövrdür. Tibb işçiləri üçün yaş senzinin götürülməsi zəruridir”.
 

 

 

Deputat, həmçinin həkim və tibb işçilərinin fəaliyyət müddətinin 70 yaşa qaldırılmasını təklif edib:


 
“Həkimin, tibb işçisinin biliyini, bacarığını nəzərə alıb, istisna hallarda onun müqaviləsini uzatmaq da düzgün deyil. Belə halda şəffaf olmayan hallar və mühitin də olması mümkündür. Subyektiv dəyərləndirmələrlə, tanışlıqla, başqa yollarla əmək müqaviləsinin uzadılması hallarına kifayət qədər  rast gələcəyik və indi də mövcuddur. Hətta "Tərəqqi" medalı, yaxud hansısa ad almış 65 yaşı keçən şəxslər işdən azad ediliblər. Burada subyektiv hallar daha çox üstünlük təşkil edir. Tibb işçlərinin, xüsusilə də həkimlərin pensiya yaşı 70-ə qədər uzadıla bilər. Və ya 70 yaşa qədər isə heç bir şərt qoyulmadan işləyə bilər. Bu gün elə hallar var ki, həkimin 65 yaşı tamam olanda onun müqaviləsini 3 ay uzadılır. Üç ayda nə baş verəcək ki… həkimin biliyi artacaq.. Belə qəribə hallar yaşanır. 3 ayın nə mənası var? Onun üç ay işləməsinin dövlətə, xalqa, ictimaiyyətə, nə xəstəyə, nə də özünə faydası yoxdur. Heç olmasa, müqaviləsi  iki - üç il uzadılsın”.


 
M.İbrahimqızı yaşlı kadrların işdən uzaqlaşdırılmasını gənclərin yolunun açılması kimi qiymətləndirilməsi fikri ilə razılaşmadığını söyləyib:


 
“İstər Səhiyyə Nazirliyi, istər İcbari Tibbi Sığorta Agentliyi, istərsə də TƏBİB dəfələrlə bildirib ki, ölkəmizdə tibb kadrlarına ciddi ehtiyac var. Bölgələrdə tibb kadrları çatmır. 65 yaşı tamam olan həkimlərin müqaviləsinə xitam veriləndə ona təklif edirlər ki, getsin rayonda işləsin. Bu, düzgün yanaşma deyil. 65 yaşlı adamı ucqar bölgəyə göndərmək nə qədər normaldır? Türkiyədə müəllim və həkimləri baklavr və uzmanlıq bitdiyi zaman ucqar bölgələrə göndərirlər. Bizdə isə əksinə olur. Mən 65 yaşı tamam olub, ailəsinin iqtisadi vəziyyətinə görə, məcburən bu şərtlə razılaşanların olduğunu bilirəm. Onlar Azərbaycanın ayrı-ayrı bölgələrində çalışırlar. Ailəsinin iqtisadi durumundan qaynaqlanaraq şərtləri qəbul ediblər. Məncə, bu şərtləri gənclərə tətbiq etsinlər. Bu, həm də gənclər üçün böyük təcrübə olar. Bu gün Avropada, İngiltərə və Türkiyədə təhsil almış həkimlər yaxşı təcrübə qazanmaq üçün Hindistanda işləyirlər. Çünki Hindistanın 1 milyarddan çox əhalisi var. Kadrlar yox dərəcəsindədir, hər cür xəstəliklər var və mükəmməl təcrübə qazanmaq üçün şərait var. Orada epidemioloji , sosial vəziyyətin nə qədər acınacaqlı olduğu da bəllidir. Niyə də bizdə gənc mütəxəssislər bölgələrə göndərilməsin. Azərbaycan böyük ölkə deyil. Bir gün içində ən uzaq bölgəyə gedib-qayıtmalı olur. Bir daha qeyd etmək istərdim ki, 65 yaş senzi 67 və ya 70 ilə əvəz olsa,daha məqsədə uyğundur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi