Misirdə qarşıdurmalar səngimək bilmir. 2011-ci ilin ilk aylarından Tunisdə, bunun ardınca Misirdə başlanan və “Ərəb baharı” ilə tanınan inqilab dalğası sonradan Liviya və Suriyaya da transfer olundu. Misirin keçmiş prezidenti Hüsnü Mübarək əleyhdarlarının “Təhrir” meydanındakı genişmiqyaslı aksiyaları nəticəsində hakimiyyətdən devrildi. Dünya siyasi tarixində diktatorlar siyahısında yer alan Mübarəkin hakimiyyətdən getməsindən sonra Məhəmməd Mursinin iqtidarı ələ alması isə Misir xalqına demokratik sistem bəxş edə bilmədi. Bir çox ölkədə olduğu kimi Misirdə də hakimiyyət çevrilişini ordu həyata keçirdi və yeni “dini demokratik lider” də iqtidardan devrildi. Niyə görə Misirdə Mübarəkin devrilməsindən hakimiyyətə gələn Mursi ölkə əhalisinin rəğbətini qazana bilmədi? Yoxsa Misir xalqına demokratiya sərf etmir? Modern.az-ın bu və digər suallarını Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov cavablandırıb.
“Məhəmməd Mursi bütün misirlilərin prezidenti ola bilmədi”
Siyasi ekspert bildirib ki, iyunun 30 da Məhəmməd Mursinin hakimiyyətə gəlməsinin bir illiyində iqtidar qüvvələri ilə müxalifət arasında qarşıdurmalar təhlükəli fazaya daxil oldu. Hadisələrin səngiməməsinin səbəbləri barədə isə məsələlərə politoloq belə aydınlıq gətirib: “Artıq tələblər birmənalı idi. Mursi bir illik hakimiyyəti dövründə heç bir irəliləyişə nail ola bilmədi. İqtisadi vəziyyət daha da ağırlaşdı. İşsizlik kritik həddə çatdı. Xüsusilə gənclər kütləvi şəkildə işsizlik məngənəsində boğulurdu. Misir iqtisadiyyatı iflic vəziyyətinə gəlib çatdı. Ölkənin valyuta ehtiyatları bir il ərzində təxminən iki dəfədən də çox azaldı” deyən analitik qeyd edib ki, bütün bu proseslərin fonunda ölkədə kriminal qüvvələr hökmranlıq edirdi. “Həmin qüvvələr Mursi hakimiyyətə gələndən sonra müxtəlif əyalətlərdə vəzifələrdə təmsil olunurlar”.
Mursinin devrilməsinin əsl səbəbləri barədə danışan institut direktorunun cavabı belə olub: “Məhəmməd Mursi bütün misirlilərin prezidenti ola bilmədi. 2012-ci ildə keçirilən prezident seçkilərində 51 faiz seçici ona səs verdi. Nəticə etibarilə bu da o anlama gəlirdi ki, Mursi bütün misirlilərin prezidentidir.
Mübarək diktaturasının Mursinin dini diktaturasından üstün cəhətləri
Hadisələrin dinamik inkişafını şərh edən siyasi ekspert fikrincə, Mursi daha çox “Müsəlman qardaşları” təşkilatına daxil olan qüvvələrin prezidenti oldu. “Bu da böyük bir uçurumun yaranmasına gətirib çıxartdı. Müxalif qüvvələr belə hesab edirlər ki, Məhəmməd Mursi fərqli bir diktaturanın əsasını qoydu. Əgər Mübarəkin diktatorluğu dünyəvi idisə, Mursinin diktaturası isə dini idi. Sadəcə olaraq diktaturanın mahiyyəti yox, adları dəyişdi. Mursini müdafiə edən qüvvələr əsasən “Müsəlman qardaşları”, “Əl-İslamiyyə Hərəkatı” və sünnilərin ən mühafizəkar qanadı olan sələfilərin “Ən-Nur” partiyası idilər. 2012-ci il prezident seçkilərində 13 milyondan çox insanın səsini toplayan Mursinin bir il ərzində sürətlə reytinqi aşağı düşdü. Keçən ilin oktaybrında Mursinin nüfuzu 78 faizə bərabər idi. Keçən ay isə bu 32 faizə endi. Bunlar hamısı onu göstərir ki, prinsip etibarilə onun başına gələcəklərin elementləri göz qabağında idi. İş o yerə gəlib çatdı ki, ölkədə ərzaq və enerji daşıyıcılarının qiyməti kəskin şəkildə artdı. Bununla yanaşı ölkənin bəzi rayonlarında çörək də kart sistemi ilə alınırdı. Bunlar heç biri Hüsnü Mübarəkin vaxtında yox idi”-deyə vurğulayıb.
Mətbuatın əvvəlcədən proqnozlaşdırdığı çevriliş
“Ölkənin bəzi KİV-ləri belə bir məlumat yaydılar ki, hakimiyyəti hərbiçilər ələ keçirəcək. Yayılan informasiyalarda qeyd olunurdu ki, bununla bağlı ordunun “Yol Xəritəsi” də var. Bu xəritəyə görə Misir prezidenti ya könüllü, ya da zorla istefaya göndərilməlidir. Bundan sonra üç nəfərlik prezident şurası yaradılacaq. Bu şuraya Konstitusiya Məhkəməsinin sədrlik edəcəyi də vurğulanırdı. Daha sonra əlavə olunurdu ki, keçid hökuməti yaradılacaq. Bu keçid dövrü doqquz aydan on üç aya qədər davam edəcək. Bu vaxta qədər yeni Konstitusiyanın hazırlanması və onun əsasında parlament və prezident seçkilərinin keçirilməsi baş tutacaq. Bu şərhlər hələ Mursi hakimiyyətdən uzaqlaşdırılmadan öncə mətbuata sızmış məlumatlar idi. İndi bir sual yaranır? Yayılan məlumatlar daha çox özündə həqiqəti əks etdirir”-deyə bildirib.
“Misir hərbi dövlət olmayacaq”.
Siyasi proseslərin fərqli məcraya yönəlməsi Misirdə hərbi hakimiyyətin qurulacağı ilə bağlı fikirlər üzərində düşünməyə əsas verir. Ancaq politoloq bununla razılaşmır: “Bunu düşünmək olmaz. Çünki Misirdə ordunun funksiyası sabitliyi bərpa etmək və qarşıdurmaları aradan qaldırmaqdan ibarətdir. Nə qədər ki, ölkədə xaos olacaq, həmin müddətdə ordu hakimiyyəti əlində saxlaya bilər. Mübarək devriləndə də ordu bir müddət prosesləri nəzarətdə saxladı”.
Aqşin KƏRİMOV