“Baghlan group”un və “Bakı”ının prezidenti Hafiz Məmmədov Fransanın “Lans” klubunun səhmlərinə sahib olub.
Qol.Az-ın Fransanın nüfuzlu “L’equipe” nəşrinə istinadən yaydığı xəbərə görə, bununla bağlı iyulun 3-də H.Məmmədovla “Lans”ın sahiblərindən olan Gervais Martel arasında müqavilə imzalanıb. Məlumatda bildirilir ki, Azərbaycan tərəfi müqavilədə nəzərdə tutulan vəsaiti klubun hesabına gələn həftə köçürəcək.
Qeyd edək ki, H.Məmmədovun klubu almasından sonra “Lans”ın ikinci liqadan uzaqlaşdırılması ilə bağlı Fransa Futbol Federasiyasının idarəetmə sahəsinə nəzarət üzrə milli komissiyasının iyunun 26-da çıxardığı qərarın ləğvi gözlənilir.
“Lans” ikinci liqada iştirak üçün maddi təminat məktubunu komissiyayanın bu gün keçiriləcək iclasına təqdim etdikdən sonra həmin qərar qüvvədən düşəcək.
“L’equipe” yazır ki, həmin iclasda “Lans”ın rəsmiləri 2013/14 mövsümün üçün klubun büdcəsinin 12 milyon avroya çatdırılacağını elan edəcək. Bu isə komandanın ikinci liqada iştirakına icazə verməyə tam şərait yaradır.
Fransanın “Lavoixdunord” nəşri klub rəsmilərindən birinə istinadən yazıb ki, ilkin mərhələdə “Baghlan group”un sahibi Hafiz Məmmədov tərəfindən “Lans”a 20 milyon avro veriləcək. “Əgər yüksək liqaya vəsiqa qazansaq, komandaya mükafat kimi daha 30 milyon avro ödəniləcək” – deyə o vurğulayıb.
Fransanın dünyaca ünlü “Ekip” jurnalının yazdığına görə, “Baghlan Qrup”un prezidentinin – Hafiz Məmmədovun varidatı 1 milyard avrodan çoxdur. Jurnal Hafiz Məmmədovu neft və qaz, habelə nəqliyyat sektorunda fəaliyyət göstərən uğurlu iş adamı kimi də təqdim edib.
Modern.az-ın məlumatına görə, Hafiz Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvanda doğulub. 2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Eyni zamanda “Baghlan Group” holdinqinin prezidentidir.
Hafiz Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovla biznes şəriki olduğu da bildirilir. “Hafka” ləqəbli iş adamının pullu olması hətta vaxtilə adam oğrusu Hacı Məmmədovun da diqqətini cəlb etmişdi. Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və “poqonlu qanqster”in dəstəsi iş adamı Hafiz Məmmədovun atası Məcid Məmmədovu 6 mart 2003-cü il tarixdə oğurlamış və külli miqdarda pul (1 milyon 500 min dollarədək) alandan sonra buraxmışdı.
Abbas Qəmli