II çağırış Milli Məclisin bir qrup deputatı hökumət tərəfindən onlara vəd olunan mənzilləri hələ də ala bilməyiblər. Üstündən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq eks-deputatların ev problemləri ilə nə maraqlanan var, nə də onlara kömək əli uzadan.
Milli Məclisin sabiq üzvü, Kommunist Partiyasının sədri Rauf Qurbanov ev alacağına inanmadığını deyib:
“Artıq geriyə yol qoymayıblar. Əliməmməd Nuriyevlə də əlaqə saxladıq, bildirdik ki, yaxın günlərə sabiq deputatlar bir yerə toplaşaraq yekun qərarımızı verək. Nə vaxta kimi yalan vədlər eşidəcəyik? Hər şeyin bir sonu olduğu kimi, bunun da bir yekunu olmalıdır. Bu baxımdan əlimizdən gələni edəcəyik”-deyə eks-deputat Modern.az-a bildirib.
Sabiq deputatlar deyirlər ki, tikintiyə məsul KAT LTD şirkəti məsuliyyətdən yayınmaqla məşğuldur.
Xatırladaq ki, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb. O zaman bir neçə deputata mənzil verilsə də, bəziləri hələ də mənzil ala bilmirlər.
Anar RÜSTƏMOV