Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan DEVA Partiyasının sədri, sabiq iqtisadiyyat naziri və XİN başçısı Ali Babacan ittifaqın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlu ilə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ arasında birincinin dəstəklənməsi barədə əldə olunmuş razılaşmanı şərh edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, imzalanan protokolun məzmunundan mətn mətbuata çıxdıqdan sonra xəbər tutduğunu bildirib.
"Biz Kılıçdaroğlu-Özdağ görüşündən öncə Kılıçdaroğlu ilə görüşdük. Amma protokolun yekun variantını mətbuatda çıxandan sonra gördüm. Niyyət baxımından imzalanan mətn bizim "Ortak Politikalar Mutabakat Metni" sənədimizlə ziddiyyət təşkil etmir, amma hüquqşünas gözü ilə nəzərdən keçirildikdə, "bu belədir, o belədir" demək olar. Deyim ki, heç bir seçici heç bir siyasətçinin cibində deyil. Yekun qərarı seçici özü verəcək", - Babacan əlavə edib.
Qeyd edək ki, "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib.
İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bu gün ittifaqın əsas qüvvəsi hesab olunan Zəfər Partiyasının sədri Ümit Özdağ isə Kemal Kılıçdaroğlunu dəstəklədiklərini açıqlayıb.
Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.