Modern.az

Ucqar bölgələrin təhsil problemi: Keyfiyyət aşağıdır, müəllim çatışmır 

Ucqar bölgələrin təhsil problemi: Keyfiyyət aşağıdır, müəllim çatışmır 

25 May 2023, 10:50

Azərbaycanın regionlarında orta təhsilin səviyyəsi ilə bağlı fikirlər müxtəlifdir. Rayonlarda təhsilin keyfiyyətindən razı olanlar da var, narazılar da. Zaman-zaman bu mövzularda diskusiyalar açılır, problemlər gündəmə gətirilir, eyni zamanda çıxış yolları göstərilir. Müzakirələrdən məlum olur ki, regionlarda ən böyük problemlərdən biri müəllim çatışmazlığıdır. 

 

Əvvəlcə rəqəmlərə diqqət edək...

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022/2023-cü tədris ilinin əvvəlinə ölkənin 4399 dövlət və 32 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1,7 milyon nəfər təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,9 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

 

Elm və təhsil naziri Emin Əmrullayev ötən ilin sonunda keçirdiyi mətbuat konfransında məlumat verib ki, Azərbaycanda 150 mindən artıq pedaqoji heyətdə təmsil olunan şəxs var, onların isə təxminən 125 mini müəllimdir. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2022-ci ilin dekabr ayında paytaxtda fəaliyyət göstərən müəllim və şagirdlərin sayını açıqlayıb. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.

 

Bölgələrdəki təhsillə bağlı problemlərdən danışan zaman ən çox səsləndirilən təkliflərdən biri ucqar bölgələrdəki məktəblərin birləşməsidir. Təklifi irəli sürənlər bildirir ki, bu yolla həm bəzi məktəblərdəki müəllim çatışmazlığını aradan qaldırmaq olar, həm də əlavə xərcləri azaltmaqla daha yaxşı nəticələr əldə etmək mümkündür.

 

Bəs, ucqar rayonlardakı təhsillə bağlı problemləri həll etmək üçün məktəblərin birləşməsi məqsədəuyğun ola bilərmi?


Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bu ideya ilə razılaşmadığını deyir.

 

“Hesab edirəm ki, bu cür qərarlar qəbul edilərkən hər incə məqam nəzərə alınmalıdır. Fikrimcə, şagird sayının az olması təhsilin keyfiyyəti ilə bağlı deyil. Bu məsələləri birbaşa əlaqələndirmək doğru olmazdı. Yəni məktəblər birləşdirilərkən biz bir çox məqamları nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, əhalinin sayı artır. Məsələn, biz  məktəbləri birləşdirsək, gələcəkdə əhalinin sayı artan zaman bu, bizə yenidən müəyyən problemlər yaradacaq. Ona görə də məktəblərin birləşdirilməsi ideyası ilə razı deyiləm", - deputat qeyd edib.

 

 

Parlamentari bildirir ki, çox ciddi zərurət olduğu vaxt bu məsələyə baxıla bilər:

 

"Lakin bir daha qeyd edirəm ki, təhsilin keyfiyyəti bilavasitə bu məsələ ilə bağlı deyil. Bu cür qərarlar qəbul edilərkən biz çox diqqətli olmalıyıq. Yəni məktəblərin birləşdirilməsi valideyinlərin bir qismi üçün də əlavə problem yaradır. Ona görə biz uzaq bölgələrdə yaşayan insanların məktəbə gəliş-gediş reallığını da nəzərə almalıyıq. Hesab edirəm ki, bu cür məqamlar çox ciddi formada nəzərə alınmalıdır ki, biz bir müddət sonra fikrimizi və qərarımızı dəyişməyək. Gələcəkdə bu məsələ haqqında yanlış qərar verdiyimizi və buna yenidən baxılması lazım olduğu barədə düşünməyək. Bu kimi məsələlər çox ciddi şəkildə ölçülüb biçilməlidir ki, gələcəkdə bununla bağlı hər hansı problemlər yaşamayaq”. 

 

Təhsil eksperti Kamran Əsədov isə bölgələrdə müəllim çatışmazlığının bir neçə səbəblə əlaqədar olduğunu deyib.

 

“Etiraf edək ki, istər MİQ imtahanında, istərsə də sertifikasiyada biz görürük ki, yüksək bal toplayanlar daha çox mərkəz məktəblərində fəaliyyət göstərirlər. Bölgələrdə əsasən müəyyən qədər az bal toplamış müəllimlərin fəaliyyət göstərdiyini müşahidə edirik. Bu da təbii ki, tədrisin keyfiyyətinə öz təsirini göstərir. Düzdür, hər dəfə qəbul və buraxılış imtahanlarının nəticəsi açıqlandıqdan sonra ucqar məktəblərin nəticələrinin mərkəzi və iri şəhərlərin nəticələrindən heç də zəif olmadığını görürük. Hazırda Bakı şəhərində 28 min müəllim fəaliyyət göstərir. Amma bölgələrdə müəllim sayı bir az azdır. Burada müəllimlərin yaş kateqoriyası məsələsini xüsusilə qeyd etmək istəyirəm. Təəssüf ki, bölgələrdə yaşı yuxarı olan müəllimlərin sayı daha çox üstünlük təşkil etdiyinə görə tədrisin keyfiyyəti müəyyən qədər aşağı düşür”. 

 

 

Ekspert bölgələrdə müəllim çatışmazlığının həllini müəllimlərə xüsusi imtiyazlar verilməsində və müəllimlərin əmək haqqının artırılmasında gördüyünü söyləyib.

 

“Hesab edirəm ki, biz xüsusilə bölgələrə gedən müəllimlərə müəyyən imtiyazlar verməliyik. Onları kommunal xərclərdən, gediş haqqından azad etməliyik ki, yüksək bal toplayan, nəticəsi yüksək olan müəllimlər də bölgələrə getmək üçün motivasiyalı olsunlar. Biz bəzi hallarda bölgələrdə müəllim sayının, şagird-müəllim nisbətinin fərqli olduğunu görə bilirik. Hesab edirəm ki, bölgələrdə tədrisin keyfiyyətini artırsaq, eyni zamanda bölgələrdən Bakıya axının qarşısını almış olarıq. Həmçinin bu gün bölgələrdə müəllim çatışmazlığı da müşahidə olunur. Fikrimcə, burada ən vacib səbəblərdən biri müəllimlərin dərs saatlarının və maaşlarının az olmasıdır.

 

Hesab edirəm ki, həmin müəllimlərə yüksək əməkhaqqı, eyni zamanda imtiyazlar verilərsə, dərs saatından asılı olmayaraq bölgələrdə işləməyə gedərlər. Biz artıq müəllimlərin dərs yükündən əlavə konkret vəzifə maaşı müəyyənləşdirməliyik. Necə ki, polis, həkim, yaxud hüquq mühafizə orqanları və dövlət strukturlarında çalışan müəllimlər stabil maaş alır. Biz stabil müəllim maaşını 500 manat etməliyik. Bunun ardınca isə müəllimlərə öz dərs yükünə görə əlavə əməkhaqqı verməliyik. Bu zaman müəllimlərin sosial vəziyyəti yaxşılaşacaq. Fikrimcə, bölgələrə gedən müəllimlərə motivasiyaedici addımları çoxaltsaq, yüksək bal yığmış müəllimlər də bölgələrə üz tutacaq. Nəticədə bölgələrdəki məktəblərdə tədrisin keyfiyyəti yüksələcək və müəllim çatışmazlığı aradan qalxacaq”.

 

Aytac Əsədova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək