Milli Şura uzun sürən müzakirələrdən sonra iyulun 2-də vahid namizədini rəsmən elan etdi. Kinodramaturq, “Oskar” mükafatlı mədəniyyət xadimi Rüstəm İbrahimbəyov müxalifət koalissiyasının prezidentliyə yeganə namizədi olaraq ictimaiyyətə təqdim edildi. Müxalifətin İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev kimi iddialı liderləri geri çəkilərək, İbrahimbəyova “yaşıl işıq” yandırdılar. Bununla da Rüstəm İbrahimbəyov və Azərbaycan müxalifəti 20 il ərzində bir ilkə imza atdılar. R.İbrahimbəyovun namizədliyi gözlənldiyi kimi təmkinlə və birmənalı qarşılanmadı. İndi onun haqqında müxtəlif ziddiyətli fikirlər səsləndirilir. Bəzi hakimiyyət təmsilçiləri İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu, başqa dövlətlər qarşısında öhdəlik daşıdığını deyərək, Konstitusiyaya görə ikili vətəndaşlığa malik bir şəxsin Azərbaycam prezidentliyinə namizəd ola bilməsini absurd adlandırılar.
Qarşı tərəf isə bunu təkidlə təkzib edir, İbrahimbəyovun vətəndaşlıqla bağlı probleminin olmadığını deyir.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamalarının birində Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığına dair sübuta malik olduğunu qeyd etmişdi.
R.İbrahimbəyov da öz növbəsində Rusiyadan göndərdiyi mesajında S.Novruzovu təkzib edərək ikili vətəndaşlığının olmadığını, yalnız Azərbaycan Respublikasınını vətəndaşı olduğunu bəyan etdi.
Bu müzakirələrdən sonra İbrahimbəyovun Rusiya vətəndaşı olması kimlərdəsə şübhə oyatsa da, Milli Şura onun vahid namizədliyini elan etdi. Bu məqamda bir çox suallar yaranır.
YAP-çıların dediyi kimi, İbrahimbəyovun ikili vətəndaşlığı varsa, 20 ildir bu fürsəti gözləyən müxalifət onun namizədliyinin qeydə alınmayacağını bilə-bilə nə üçün dəstək verdilər?
Modern.az-ın əməkdaşı bu məsələni araşdırmağa çalışıb.
Öncə Mərkəzi Seçki Komissiyasından ikili vətənşdalığı olan namizədlərin müəyyən edilməsi prosedurunu dəqiqləşdirdik. MSK namizədliyə iddialı şəxsin başqa dövlətin vətəndaşı olmasını və yaxud hansısa dövlət qarşısında öhdəlik daşımasını necə müəyyən edir?
MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev sualımıza belə aydınlıq gətirdi:
“Seçkiyə start veriləndən sonra namizədliyə iddialı şəxslər müraciət edirlər. MSK onların sənədlərinə baxır, namizədlik təsdiq olunarsa, onlara imza vərəqləri, lazımı sənədlər verilir. Ondan sonra digər sənədlər hazırlanıb MSK-ya təhvil verilir. Sonradan bu sənədlər araşdırılır. Əgər hər şey qanunauyğundursa, şəxsi namizədlik MSK tərəfindən qeydə alınır.
Bu məsələlər Mərkəzi Seçki Komissiyasının birbaşa səlahiyyətinə aid olan məsələlərdir. Kim müraciət edəcəksə, sənədləri yoxlanılacaq, nəzərdə tutulan müddətdə onlara cavab veriləcək”-deyə A.Sarıyev bildirdi.
Qanunvericiliyə nəzərə salaq:
Konstitusiya: Maddə 100. Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər:
- Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyevin fikrincə, Rüstəm İbrahimbəyov başqa dövlətin vətəndaşıdırsa, bunu çox asanlıqla müəyyən etmək olacaq:
“Qanuna müvafiq olaraq prezidentliyə namizəd iddiasında olan şəxslər ikili vətəndaşlığa malik olmamalıdır. Əgər bir ölkənin vətəndaşısansa, onunla siyasi hüququ bağlılığın olmalıdır. Eləcə də vətəndaşı olduğun digər ölkənin qarşısında da müəyyən öhdəliklərin və bağlılığın olur. Əgər bu olmasa, prezidentliyə namizəd iki ölkə arasında qalır. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində belə qadağalar var ki, prezidentliyə namizəd şəxs iki ölkənin vətəndaşı olmamalıdır”.
Hüquqşünasın sözlərinə görə, MSK-nın müraciəti əsasında vətəndaşlığında şübhəli bilinən namizəd Xarici İşlər Nazirliyi və digər qurumların köməyi ilə aşkarlana bilər.
“İkili vətəndaşlığın aşkarlanması çox asandır. Öncə müvafiq qurumlar namizədlərlə bağlı sorğular verirlər. Bunu aydınlaşdırmaq çox asandır. Xarici İşlər Nazirliyi və digər qurumlar bunu asanlıqla araşdıra bilərlər. Namizədliyini irəli sürən şəxs başqa dövlətlər qarşısında öhdəliyə malik olmamalıdır”.
Hüquqşünas Rüstəm İbrahimbəyov məsələsinin bir qədər müəmmalı olduğunu düşünür. Onun fikrincə, bu məsələ dəqiqliklə araşdırılmalıdır.
“Burada bir məqam var, əgər namizədliyini irəli sürmək istəyən şəxs vaxtilə başqa dövlətin vətəndaşı olsa belə, onun nə zaman ikili vətəndaşlıqdan çıxması araşdırılmalıdır. Bu, bəlkə seçkiöncəsi olubsa, təbii ki, namizədlik qeydə alınmayacaq. Bəlkə burada başqa siyasi məqsədlər var? Bunlar müəmmalı məsələlərdir”-deyə Ə.Nuriyev vurğulayıb.
R.İbrahimbəyovun ad və soyadı MSK-nın seçici siyahısında varmı? O, əvvəlki seçkilərdə bir seçici kimi iştirak edibmi? Təkidlə Azərbaycan vətəndaşı olduğunu deyən R.İbrahimbəyov harada, hansı rayonda qeydiyyatdadır?
Modern.az saytı MSK-dan bu suala konkret cavab ala bilməyib. Əməkdaşımız hələ bir müddət öncə MSK-nın internet saytındakı seçicilərin elektron siyahısında axtarış aparsa da, R.İbrahimbəyovun adını orada tapmayıb.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, kimliyindən aslı olmayaraq, adı seçici siyahısına düşməyən istənilən şəxs qurumun “Qaynar xətt”inə müraciət etməlidir.
“Seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatmayıb. Siyahının dəqiqləşdirilməsi prosesi davam edir. İkinci bir tərəfdən qeyd etmək istərdik ki, seçici siyahısının dəqiqləşdirilməsi prosesi dünyanın heç bir yerində ideal formada deyil. 3-5 faiz qüsur ola bilər. Amma bizim praktikamızda heç 1 faiz belə, xəta olmayıb. Ola bilər kiminsə yerdəyişməsi ilə bağlı, digər hər hansı bir səbəbdən adı seçici siyahısına düşməsin. Amma bundan ötrü MSK-nın “Qaynar xətt”i fəaliyyət göstərir. Kimin adı siyahıda yoxdur, bu problemi düzəltmək olar. Kiminsə, nədənsə narazılığı varsa, bunu MSK-ya bildirməlidir. Bizim üçün fərqi etməz seçici kimdir, çalışırıq hamının adı bir nəfər kimi siyahıda olsun”, –deyə A. Sarıyev vurğulayıb.
Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı varmı? Onun adı niyə MSK-nın seçicilər siyahısına düşməyib?
Milli Şuranın üzvü, politoloq Zəfər Quliyevdən bu suallara cavab almağa çalışdıq. İbrahimbəyovun Azərbaycan Respublikasının vətəndaşı olduğunu vurğulayan Z.Quliyev eyni zamanda onun ikili vətəndaşlığı barədə dəqiq məlumata malik olmadığını bildirdi.
“Bu haqda dəqiq məlumatım yoxdur. Amma bilirəm ki, o, Azərbaycan vətəndaşıdır. Mən bilirəm ki, Rüstəm müəllim Bakıda İçərişəhərdə yaşayır. Yəqin ki, Səbail rayonunda qeydiyyatda olar”.
Milli Şura üzvü İbrahimbəyovun namizədliyinin qeydə alınmasında problemin olmayacağını düşünür.
“Təbii ki, Rüstəm müəllim qanun çərçivəsində öz namizədliyini irəli sürəcək. Qanunla heç bir problem olmamalıdır. O heç bir dövlət qarşısında öhdəlik daşımır. Süni əngəllər yaratmasalar, Rüstəm müəllim prezident seçkisinə Milli Şuranın vahid namizədi olaraq qatılacaq”.
Seçkilərə rəsmi start avqust ayının ortalarında veriləcək. Gözləyək....
Anar RÜSTƏMOV