
“Mehriban Ələkbərzadənin MKM münsifi kimi səsvermədə iştirak etməməsinə çox təəssüf edirəm”. Bunu
Modern.az-a açıqlamasında Milli Kitab Mükafatının təsisçisi, “Əli və Nino” kitab mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib.
Xatırladaq ki, iyun ayının 5-də MKM-nın qalibləri müəyyən olunub. Bundan sonra təsisçilər münsiflərin “10-luq”dakı əsərlərə verdiyi ballar açıqlanıb. Münsiflərdən yalnız bir nəfər – rejissor Mehriban Ələkbərzadə “10-luq”dakı əsərlərə heç bir münasibət bildirməyib. Onun MKM-ə bu sayğısızlığı bir sıra yazarlarda ciddi etirazlar doğurub. Hətta münsif kimi M. Ələkbərzadənin MKM-dən uzaqlaşdırılması fikri də səsləndirilib.
MKM-in təsisçisi Nigar Köçərli isə bu fikri ifrat hesab edir: “Mehriban Ələkbərzadənin ona təqdim olunan kitabları oxumamasının üzrlü səbəbləri ola bilər. Təbii ki, onun kitabları oxumaması məni narahat etdi. Əsərləri ona təqdim edəndən sonra Mehriban xanıma nə qədər zəng vursam da, onunla əlaqə qura bilmədim. Mehriban xanım çox məsuliyyətli insandır. Onun üzrsüz səbəbdən münsif kimi işini icra etməməsinin üzrlü səbəbləri ola bilər”
Namidə BİNGÖL