Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziyalarda çalışan aparıcıların nitqi ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb. Aparıcıların ləhcə ilə danışması, yerli şivələrdən istifadə etməsi hallarının aşkarlanıb.
Modern.az-a açıqlamasında şoumen və aparıcı, “Space” televiziyasında “Söz sözü gətirdi” verilişinin aparıcısı
Kamran Həsənli ləhcə ilə danışmağın Azərbaycan dilinə çox böyük zərbə vurduğunu deyib.
“Nuşirəvan Məhərrəmlinin bu cür addım atmasını yüksək dəyərləndirirəm. Hər bir aparıcı hökmən ədəbi dillə də olmasa, xalqa yaxın olan şivəsiz, ləhcəsiz dillə danışmalıdır. Şivə ilə, ləhcə ilə danışmağın televiziyalara çox böyük zərəri var. Televiziyalarımızı izləyən yeniyetmələr elə başa düşür ki qədim Azərbaycan türkcəsi belə olub. Hər kəs öz ləhcəsi ilə danışsa televiziyalar nə günə düşər!?”
“ATV”-nin ictimai-siyasi proqramlar departamentinin redaktoru
Ceyhun Əli hər bir aparıcının, diktorun özündə məsuliyyəti dərk etməsini vurğuladı.
“Milli Televiziya və Radio Şurasında, nitqlə bağlı olan telekanallarda fəaliyyət göstərən insanların peşə xüsusiyyətlərinə diqqətlə yanaşırlar. Bu çox təqdir olunan haldır. Dünən belə bir fikir səslənib ki Azərbaycanda Televiziya və Radio Akademiyasının yaradılması vacibdir. Düşünürəm ki, belə bir təcrübə artıq Azərbaycanda var. Bilirsiniz ki, “Azərbaycan Televiziyası”nın tərkibində Teleradio Akademiyası yaradılıb. Hələ ki konkret olaraq fəaliyyət istiqamətləri tam genişlənməyib. Məhz teleradio sahəsinin inkişafı ilə bağlı bu çox böyük və önəmli bir qurumdur. Müxtəlif xarici telekanallarda təcrübə keçmişəm. Müxtəlif beynəlxalq teleradio akademiyalarının sertifikat və diplomlarını almışam. Dünya təcrübəsində bu cür hallar var. Mütəmadi olaraq televiziya və radiolarda çalışan aparıcıların, diktorların fəaliyyətləri bu və ya digər şəkildə təqdir və ya tənqid olunur. Hər bir aparıcı özündə məsuliyyəti dərk eləməlidir ki, mən tamaşaçı ilə ünsiyyət qururam. Bu ünsiyyətin məsuliyyətini dərk etməliyəm. Çünki aparıcılara, diktorlara müxtəlif yaş kateqoriyasından olan insanlar qulaq asırlar və baxırlar. Bu da o deməkdir ki bizdən öyrənməlidirlər. Əsas məsələ bundan ibarətdir ki, biz necə öyrətməliyik. İnanıram ki, bəzi aparıcılar bu tənqiddən nəticə çıxaracaqlar”.
Milli Televiziya və Radio Şurasının daha çox irad bildirdiyi
ANS-dən isə məsələyə münasibət bildirmək istəyən olmadı.
Namidə BİNGÖL