Modern.az

Məmməd Nazimoğlunun GÜLMƏCƏLƏRİ

Məmməd Nazimoğlunun GÜLMƏCƏLƏRİ

Media

6 İyul 2013, 09:55

Bu gün-iyulun 6-da Azərbaycanın müasir jurnalistikasında öz dəsti-xətti ilə tanınan, eyni zamanda sözün həqiqi mənasında müasir İNSAN olan Məmməd Nazimoğlunun vəfatı günüdür. Məmməd dərdini paylaşmağı sevən birisi deyildi. Amma həmişə simasından dərdli olduğu sezilirdi. Bunu onu tanıyanlar bilir. Məmməd xəstələnmişdi, ancaq onu Türkiyədə müayinə edən həkimlər dünyadan tez köçəcəyini deməmişdilər. Onun dərdinə çarə vardı. O, dərdinə çarə aradığı zaman qarşısına qəflətən əzrayıldan da betər olan insanlar çıxdı... Və o insanlar Məmmədin canını aldılar. Bu olaydan xəbəri olanlar söhbətin nədən və kimlərdən getdiyini bilirlər. Bu haqda indi danışmaq olar, ancaq hələ ki Məmmədi anaq... Nə zamansa Məmmədin ölümünə baiskar olanların əməllərindən danışarıq. Sağlıq olsun!

“Haçan görsəniz ki, şəxs yalnız bir adamı güldürmək istəyir, bilin ki, artıq o, təlxəkdir”.

Bu, Mirzə Məhəmməd Hüseyn Nazimoğlu kimi də tanıdığımız Məmməd Nazimoğlunun özünə aid deyim idi. O, hamıya belə demək mümkünsə, sataşmağı bacarırdı... hamı da onun yumorla yoğurduğu lətifələrini oxuduqca gülümsəməkdən, hətta bəzən şaqqanaq çəkməkdən vaz keçmirdi. Məmmədin qələminin məhsulu olan həmin yazılardan seçmələri təqdim edirik.
Beləliklə, Məmməd Nazimoğlu yazırdı:

Nemət Pənahlı mitinqdə çıxış etsə, belə deyə bilər:

- Mən 1988-ci il Meydan hərəkatında dedim. Xahiş elədim oğrulardan, üzr istəyirəm, fahişələrdən ki, üç-dörd gün öz işinizlə məşğul olmayın, gəlin bizə qoşulun. Üç-dörd gün Bakıda oğurluq və başqa hadisələr olmadı.

Bu gün mən üzümü fahişələrə tutub deyirəm: Siz bu imperiya nökərlərindən, milli satqınlardan qat-qat təmizsiniz. Çünki siz öz bədəninizlə alver edirsiniz, onlar isə vətən torpağı ilə...

Yerdən səs: qalxaq?

Küçüyün etirafı

Məhəllə uşaqları küçüyü incitdilər. Suya saldılar, top kimi təpiklədilər, quyruğunu dartdılar, pəncəsini tapdaladılar. Küçük fikirləşdi: insanlar itə dönüblər.

Aqillər yazıb ki...

“Lalə-Şövkətə qarşı kifayət qədər sınanılmış mübarizə vasitələri vardı. Partiyamız ona qarşı əvvəlcə deputat Ağabəyi qabağa verirdi... Növbəti mərhələdə isə psixiatr Ağabəy köməyə gələcəkdi”.

                                                                                 “YAP tarixinə dair oçerklər” kitabından

Müxalifətin qansız mübarizə taktikası

*Kal xurmanı xırda-xırda doğrayıb tənzifdən keçirin, üstünə bir çimdik darçın əlavə edib bərk-bərk qarışdırın. Vam odda qurudub üstünə zeytun yağı əlavə edin. Mitinq zamanı həmin məhlulu mitinqçilərin alnına sürtsəniz, polis gələndə qaçmazlar.

*İki şüşə dağdağan şirəsini bir şüşə cecə arağına qatıb üstünə bir çimdik istiot atın. Bərk-bərk çalxalayıb polis rəisinin otağının həndəvərinə töksəniz, rəis otaqdan çıxa bilməz. 

*İsa Qəmbərin qəlyanının külünü şirin nar kökünün qabığının tozu ilə qarışdırıb üstünə iki çay qaşığı kələm suyu əlavə edin. Göyərçin yumurtasını sındırıb qabığını həvəngdəstədə bərk-bərk əzib əvvəlki qarışığın üstünə tökün. Usdufca qarışdırıb Müsavat Partiyasının qapısının ağzındakı ağacın kökündə basdırın. Bu üsul partiyanı bədnəzərdən qoruyar.

*Bir baş qurut götürüb “yurt, yurt” deyə-deyə yoğurun. Üstünə üç xörək qaşığı 5 illik çaxır əlavə edib noxud boyda yumurulayın. Yumuruların üstünü hacıleylək yumurtasının sarısı ilə boyayıb günün altına qoyun. Quruduqdan sonra ehmallıca AXCP-nin qərargahının zirzəmisinə basdırın. Bu cür etsəniz, AXCP ilə “Yurd”un mehriban dostluq münasibətləri iki-üç həftə də uzana bilər. 

*”Mercedes” təkərinin qırığını odda yandırın. Külünü ehmallıca ağ kağızın üzərinə qoyub üstünə ərinmiş təmiz əmcək yağı süzüb qurd yağı ilə qarışdırsanız, həm YAP-a bir xətər toxunmaz, həm də Rəsul Quliyev qayıda bilməz.  

*İki diş sarımsağı əzib gicitkən suyunda qaynadın, qaratikan yarpağının ovuntusunu üstünə əlavə edib “Səs” qəzetinin səhifələrinə səpin. Belədə, bu qəzet heç kimi dalaya bilməyəcək. 

*ADP-çilər bir ovuc maş götürüb iki istəkan yumru düyünün həlimində qaynadıb təzədən “Mübarizəmizin məqsədi” kitabının son səhifəsinə büküb ədliyyə nazirinin maşınının baqajına tullasalar, partiyaları üç günün içində qeydiyyadan keçər.

Az qala batırmış

Fəzail Ağamalı bu yay Moskvada olub. Deyirlər, orada boş vaxt tapıb Moskva çayına çimməyə gedirmiş. Bir dəfə düz çayın ortasınacan üzüb, necə olubsa, sudurğası tutub. Bu an beynini işə salan Fəzail bəy yalnız qışqırıb kimisə köməyə çağırmaqla xilas olmağın mümkünlüyünü anlayır. Amma... Fəzail bəy ha eləyir rusca qışqırmaq üçün “utonu... pomoqite” sözünü yadına sala bilmir. Çay da bir tərəfdən bunu dibinə çəkir. Axır, məcbur olub camaatı belə köməyə çağırır:

- Posledniy raz voda piyu..! posledniy raz voda piyu..!.

Simpozium

Azərbaycanın, Ermənistanın və Gürcüstanın bir qrup elm adamı ABŞ-a simpoziuma gedir. Nümayəndə heyətinə Nizami Süleymanov başçılıq edir. Alimlər qrupu Texas Universitetində mühazirə oxuyurlar. Nizami əfəndi qrupu tələbələrə təqdim edir:

- Bunlar gürcülərdir... bunlar isə anası da, nənəsi də erməni olanlardır...

Azərbaycansayağı vegeterianlar

Artur Rasizadə bir qrup krişnaçını qəbul edir, onların problemləri ilə maraqlanır. Arada əyilib Abid Şərifovun qulağına pıçıldayır:

- Abid müəllim, ət yeməyən adamlara nə deyirlər?

Abid Şərifov fikirləşmədən cavab verir:

- Pensiyaner.

Mitinqdə əhvalat

1998-ci ilin əvvəlləri, Azərbaycanın bütün bölgələrində Rəsul Quliyevin əleyhinə mitinqlər gedir. Zəhmətkeşlər keçmiş spikerin hərəkətlərini dəstəkləmirlər. Belə mitinqlərdən biri Bakının dilbər guşələrindən olan Nəsimi rayonunda keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Quliyev sözü JEK-in süpürgəçisi Nazlı xalaya verir. Nazlı xala deyir:

- Əşi, belə də şey olar? Kimin cibində beş-on manatı var, prezident olmaq istəyir. Üzümü sənə tuturam, Rəsul Quliyev, noolsun ki, pulun var, gərək prezident olasan?

Ona qalsa, bizim Tahir müəllimin pulu səninkindən çoxdur. Bəs o niyə prezident olmaq istəmir?

Parlamentdə dilxoşluq

Kefinin kök vaxlarından birində Murtuz Ələsgərovun könlünə zarafat düşür. Üzünü Səmayə Piriyevaya tutub deyir:

- Səmayə xanım, bəlkə sizi spiker seçək?

Səmayə Piriyeva əsəbi cavab verir:

- Nə dnışırsınız, Murtuz müəllim, mən 600 nəfərdən az olan kollektivi idarə edə bilmərəm.

Alkaş prorab

“Vicdan” Partiyasının sədri Sabir Tarverdiyev partiyanın qurultayının keçirmək istəyitr. Opera və Balet Teatrının binasını icarəyə götürür. Fikirləşir ki, gedib özüm də baxım, görək yer-yurd nə təhərdir, qonaqlar yerləşə bilirmi. Salona girir, ora-bura göz gəzdirib təəccüblə yanındakına deyir:
- Deyəsən, bu binanı tikən prorab alkaş olub. Çaşıb balkonları içəridən qoyub.

Siyasi birja

Elan

Çox məharətli səslə hürən küçük satılır. Böyüyüb it olandan sonra daha gözəl və daha bərkdən hürəcəyinə təminat verilir.

Satan olsa, alardıq

Qaragül quzusunun dərisindən tikilmiş papaq satılır. Papaq başa qoyulmaq üçün yox, mıxdan asılmaq üçün lazımdır.

Alan olsa, satardıq

Prezident Aparatının qənşərində Şuşa məscidndən gətirilmiş daş-kəsək satılır. Müştərilərə tövsiyə edilir ki, tələssinlər: iraq erməniləri Şuşada məskunlaşdıqdan sonra qiymətlər kəskin surətdə qalxacaq.

Təcili satılır

Qeydiyyatdan keçmiş, hazır lideri və on beş üzvü olan partiya satılır. Partiyanın ilkin əlamətləri: konstruktivdir, gözəl rəqs edir, kim nə çalsa, onu oynayır.

Müraciət

Adamyeyənlər! Bir az da təbiətin nemətləri ilə qidalanın!

Spiker Məclisdə

Milli Məclisin sədri Murtuz Ələsgərov deputatların tətildə olmasından istifadə edib vaxtını boş keçirmir, gah bələdiyyə seçkiləri haqqında qanunu oxuyur, gah Kuba demokratiyasının əsasları ilə tanış olur, gah da “Müdrikliyə doğru” kitabının son səhifələrini yazır.

Bu günlərdə spiker Təzə Pir məscidində olub. Şeyx həzrətləri ilə islami dəyərlər və islami əxlaqi kateqoriyalar haqda söhbət edib. Söhbət əsnasında Murtuz müəllim söz arası cəhənnəm barədə soruşub. Şeyx həzrətləri cavab verib:

- Murtuz müəllim, cəhənnəm barədə çox danışıb vaxtınızı almaq istəməzdim. İnşallah, hakimiyyətdə olanların əksəriyyəti özü gedib görəcək!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi