Modern.az

İLK ZƏNG, İLK TƏBRİK: Qardaşlıqdan yeni hədəflərə doğru...

İLK ZƏNG, İLK TƏBRİK: Qardaşlıqdan yeni hədəflərə doğru...

29 May 2023, 13:08

Ötən gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqının" namizədi, hazırkı dövlət  başçısı Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Seçicilərin 52 faizdən çoxunun səsini qazanan Ərdoğanın qələbəsi Türkiyə ilə yanaşı, Azərbaycanda da böyük coşqu ilə qeyd edilib. Gecə saatlarında əllərində iki ölkənin bayraqları ilə küçələrə axışan soydaşlarımız Ərdoğanın qələbəsini təntənəli şəkildə qeyd edərək, qardaş xalqın sevincinə şərik çıxıb.

 

Təsadüfi deyil ki, Ərdoğanın seçki zəfərini ilk təbrik edən lider məhz Azərbaycan Prezidenti İlham Əliyev olub. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirib, həmçinin bildirib ki, Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

 

Politoloq Cümşüd Nuriyev Modern.az-a bildirib ki, Türkiyə liderinə ilk təbrikin Azərbaycandan edilməsi gözlənilən idi, çünki ölkəmiz birmənalı şəkildə Ərdoğanın namizədliyini dəstəkləyirdi:

 

"Azərbaycanla Türkiyənin münasibətləri yüksək səviyyədədir. Ərdoğanı ilk olaraq Prezident İlham Əliyevin təbrik etməsi gözlənilən idi. Çünki hər iki lider bir-birilərinə qardaş deyə müraciət edirlər. Bu mənada Azərbaycan Prezidentinin Türkiyənin dövlət başçısına zəng etməsi tarixi əlaqələrimizə, Ərdoğana və Türkiyəyə hörmətin göstəricisidir. Azərbaycan bunu etməli idi. Ölkəmiz üçün Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsi çox önəmli hadisədir. Ərdoğanın Azərbaycanda dəstəklənməsi, insanların onun qələbəsini sevinclə qarşılaması münasibətlərin nə qədər yaxın olduğunu göstərir".

 

 

"Bundan əlavə, Azərbaycan Prezidentinin Ərdoğanı ölkəmizə səfərə dəvət etməsi önəmli jestdir. Şübhəsiz ki, Ərdoğan seçkidən sonra ilk xarici səfərini Azərbaycana edəcək. Bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə bağlı olan qardaş ölkələrə rast gəlmək mümkün deyil. İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan, yəni Azərbaycan və Türkiyə arasında olan münasibət dünyaya qardaşlıq nümunəsidir", - politoloq vurğulayıb.

 

Politoloq Qabil Hüseynli isə qeyd edib ki, Ərdoğanın seçilməsi Türkiyəni və Türk dünyasını daha da gücləndirəcək.


"Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin Türkiyə üçün önəmi ondan ibarətdir ki, ölkənin iqtisadi, siyasi və mənəvi cəhətdən gücləndirilməsini təmin edən siyasət davam etdiriləcək. Zəlzələ bölgəsində dağıntılar uzağı bir ilə aradan qaldırılacaq. Türkiyə inflyasiyanın, brijalardakı dalğalanmaların öhdəsindən gələcək və lirə möhkəmlənəcək. Xüsusilə, Cümhuriyyətin yüzilliyində iqtisadi inkişafda yeni zirvələr fəth etmək üçün şərait yaranıb. Dünya böhranı və koronavirus pandemiyası da öz növbəsində Türkiyə iqtisadiyyatına zərbə vurub. Bundan sonrakı dövrlərdə dəyən ziyanın aradan qaldırılacağını və Türkiyə iqtisadiyyatının dirçələcəyini düşünürəm", - deyə o bildirib.

 

 

Q.Hüseynli vurğulayıb ki, bundan sonra Türkiyənin ticarət əlaqələri daha da genişlənəcək:

 

"Qardaş ölkə bölgədə iqtisadi layihələrin reallaşdırılmasında böyük rol oynayacaq. Həmçinin Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin birliyi daha da inkişaf etdiriləcək. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birlikdə atacağı addımlar gələcəkdə Türk dövlətlərinin birliyini möhkəmləndirəcək. Ərdoğan türk birliyi düşüncəsinə sadiq adamdır və milliyyətçi baxışı ilə digərlərindən seçilir. O, Azərbaycanla Türkiyə arasında yüksəksəviyyəli əlaqələrin İlham Əliyevlə birlikdə qurucusudur. Türkiyə Prezidentinin verdiyi dəstək Azərbaycanın haqq savaşı olan Qarabağ müharibəsində qalib gəlməsində böyük rol oynadı. Üstəlik, Türkiyə digər güclərin müharibə zamanı buraya burnunu soxmasına icazə vermədi. Ərdoğan müharibədən sonra da beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə etdi. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin bünövrəsi qoyuldu. Məhz bu əlaqələr iki dövlət tərəfindən atılan addımlar sayəsində günü-gündən zənginləşir. Zənnimcə, yenidən prezident seçilən Ərdoğan münasibətlərin yüksək səviyyəyə çatması üçün daha böyük işlər görəcək. Bunlara xalqlararası elmi-mədəni əlaqələrin, hərbi sənayedə əməkdaşlığın artırılması daxildir. Güman edirəm ki, "bir millət iki dövlət" ideyası yeni məzmunla daha da zənginləşəcək". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir