Modern.az

Azərbaycan-Türkiyə birliyi real təsir faktoruna çevrilir - ŞƏRH

Azərbaycan-Türkiyə birliyi real təsir faktoruna çevrilir - ŞƏRH

30 May 2023, 09:56

Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu baş tutub və AKP lideri Rəcəb Tayyib Ərdoğan 52.16% səs toplayaraq ölkəni daha 5 il idarə etmək hüququ qazanıb.

 

Seçkilərdən sonra müxtəlif ölkələrin liderləri Ərdoğanı təbrik edib. Onu ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub. Prezident bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyələndirib. Dövlət başçısı əmin olduğunu bildirib ki, Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

 

Ardınca Azərbaycan lideri Türkiyə Prezidentinə təbrik məktubu göndərib. Məktubda deyilir ki, "son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilib, söz sahibi olub, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə edib. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır".

 

Prezident Ərdoğanı Azərbaycana səfərə dəvət edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə mətbuata açıqlamasında Ərdoğanın ilk səfərlərini Şimali Kipr və Azərbaycana edəcəyini bildirib.

 

Regional müşahidəçilər deyir ki, Ərdoğanın növbəti beş ildə də xarici siyasət kursu dəyişməyəcək. Bildirilir ki, o, Türkiyənin regional lider rolunu qorumaq üçün iddialı xarici siyasəti davam etdirəcək.

 

Ərdoğanın yenidən seçilməsini hansı amillər şərtləndirdi, bundan sonra Azərbaycan-Türkiyə əlaqələri hansı yöndə inkişaf edəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Ərdoğanın qələbəsinin gözlənilən olduğunu bildirib:

 

“Bunun üçün obyektiv səbəblər mövcuddur. Ərdoğan iqtidarı 21 ildir ki, mövcuddur. Bu müddət ərzində o, Türkiyənin həm siyasi, həm də iqtisadi obrazını dəyişə bilib. Bu, Türkiyə xalqının böyük qələbəsidir. Ona görə ki, Ərdoğan iqtidarı Türkiyənin beynəlxalq münasibətlər sistemində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirə bilib. Ərdoğan hakimiyyətə gələnə qədər Türkiyənin istehlak bazarı xarici istehsaldan asılı idi.  Bu isə xarici dövlətlərin Türkiyə bazarını nəzarətdə saxlamasına və onun siyasi mühitinə təsir göstərməsinə şərait yaradırdı. Türkiyənin ixracatı təxminən 36 milyard dollar idi. Bu gün isə ixracat 254 milyard dollardır. Digər yandan Ərdoğan Türkiyənin milli maraqlarına uyğun siyasət yürütməsinə nail oldu. Türkiyə bu gün təkcə regional deyil, qlobal gücə çevrilib. Türkiyə dünyada cərəyan edən münaqişənin, gərgin proseslərin 80 faizinin təsir etdiyi ölkədir. Yəni Türkiyə bu gərgin proseslərin içərisində yerləşməkdədir. Buna baxmayaraq, Ərdoğan ölkəsinin milli maraqlarını qorumağı bacardı. Parlamentli respublikadan prezidentli respublikaya keçid özü Türkiyə tarixində əlamətdar hadisə idi. Parlamentli respublika xarici ölkələrin Türkiyənin daxili siyasətinə qarışmasına imkan verirdi. Prezidentli respublika olmaqla Türkiyə tam müstəqil siyasət yürütməyə başladı. Qərb bunu həzm edə bilmir. Buna görə də, Kılıçdaroğluna istər siyasi, istərsə də maddi dəstək verilirdi. Bu, baş tutmadı. O baxımdan hesab edirəm ki, Türkiyənin daxili auditoriyası üçün bu böyük qələbə idi”.

 

 

Deputatın fikrincə, Ərdoğanın seçilməsi həm yeni dünya nizamı, həm də çoxqütblü dünyanı dəstəkləyən qüvvələr üçün qələbədir:

 

“Həqiqətən də yeni proseslərə şahidlik etməkdəyik. Dünya sistemi çoxqütblülüyə doğru getməkdədir. Türkiyənin mövqeyi bu istiqamətdə cəlbedicidir. Kılıçdaroğlu seçilsəydi, Qərbin maraqlarına uyğun hərəkət edəcəkdi. Verdiyi mesajlarla bunu aydın şəkildə göstərirdi. Kılıçdaroğlunun seçilməsi çoxqütblü dünya nizamının formalaşmasına çox böyük zərbə olacaqdı. Çoxqütblü dünya sistemi müasir qlobal təhlükəsizlik üçün çox vacibdir. Bütün dünya xalqlarının haqlarının, maraqlarının qorunması baxımından  vacibdir. Ərdoğan “dünya 5-dən böyükdür” deməklə çoxqütblü dünya sistemini dəstəkləyirdi. Türkiyə kimi böyük potensiallı ölkənin bu mənada təsiri böyük olacaq. Qlobal təhlükəsizliyə ciddi təhlükələr var. Bu təhlükələrin qarşısının alınmasında ən etibarlı yol çoxqütblü dünya sistemidir. Yeri gəlmişkən Ərdoğanın qələbəsi bütün türk-islam dünyasının da qələbəsi deməkdir. O iqtidarı dövründə türk-islam həmrəyliyini daha da  gücləndirdi. Bu platformanı islam dövlətlərinin maraqlarının etibarlı müdafiəsi platformasına çevirdi. Hesab edirəm ki, Ərdoğanın qələbəsini bu prizmadan da dəyərləndirmək olar”.

 

E.Mirbəşiroğlu Ərdoğanın seçki qələbəsinin Azərbaycan üçün xüsusi əhəmiyyəti olduğunu vurğulayıb:

 

“Bu qələbənin Azərbaycan üçün əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Ərdoğan iqtidarı dövründə Azərbaycanla Türkiyə arasında tarixdə heç olmayan bir yaxınlaşma baş verdi. Türkiyə ilə Azərbaycan arasında xüsusilə də, hərbi sahədə strateji əməkdaşlıq yarandı. 2007-ci ildə yüksək səviyyəli hərbi məsləhətləşmələrə start verildi. 2010-ci ildən başlayaraq Azərbaycanla Türkiyə arasında hər il hərbi təlimlər keçirilməyə başlandı.  Xüsusi vurğulamaq lazımdır ki, 2020-ci ilin payızında Vətən müharibəsi zamanı Ərdoğan bütün hallarda  "Azərbaycanın yanındayıq" dedi.  Azərbaycana çox ciddi mənəvi, siyasi dəstək oldu. Ərdoğanın növbəti müddətə prezidentliyi dövründə Azərbaycan-Türkiyə birliyi sözün əsl mənasında real təsir faktoruna çevriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı tələbə TRAMPIN vurulmasını lentə aldı