Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Misir Prezidenti Əbdülfəttah əs-Sisi iki ölkə arasında səfirlərin təxirə salınmadan mübadiləsi barədə xarici siyasət idarələrinə müvafiq tapşırıqlar veriblər.
Modern.az xəbər verir ki, bu barədə Misir Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Misir Prezidenti türkiyəli həmkarını seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib və iki ölkə arasında əlaqələrin sürətli inkişafı üçün yaxşı imkan yarandığını bildirib.
Telefon danışığı əsnasında dövlət başçıları Misir və Türkiyə arasında əlaqələrin qədim tarixə malik olduğunu, əməkdaşlığın güclənməsinin hər iki ölkənin xalqlarının maraqlarına cavab verdiyini vurğulayıblar.
Qeyd edilib ki, bu ilin əvvəlindən bəri Qahirə və Ankara 2013-cü ildə ölkələr arasında pozulmuş diplomatik münasibətlərin bərpa olunması istiqamətində mühüm addımlar atıb, apreldə xarici siyasət idarələrinin rəhbərləri Sami Şükri və Mövlud Çavuşoğlunun apardıqları danışıqlar çox məhsuldar olub.
Diqqətə çatdırılıb ki, Qahirə və Ankara diplomatik münasibətlərin bərpasına tam hazırdır. "Səfirlərin mübadiləsi üzrə işlər başa çatıb və yekun tarix yaxın günlərdə açıqlanacaq", - açıqlamada deyilir.