Prezident İlham Əliyevin rəsmi Facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılır.
Bir neçə gündür İlham Əliyevin rəsmi Facebook səhifəsində Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinə və eləcə də ölkə başçısına vətəndaşlar tərəfindən xeyli sayda sual göndərilib. Budəfəki sualları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov cavablandırır.
Modern.az saytının məlumatına görə, sosial şəbəkə istifadəçilərinin prezidentə göndərdiyi sualların əksəriyyəti paytaxtda məscid azlığı, dini ayrı-seçkilik, yas mərasimlərində ifratçılıq, şiə-sünni məsələləri, təhsil müəssisələrində hicab qadağası və s. mövzuları əhatə edib.
Vətəndaşların bir neçəsi Bakıda fəaliyyəti dayandırılan məşhur “Əbu-Bəkr” məscidinin açılmasını xahiş edib.
Prezident İlham Əliyevə ünvanlanan suallardan bir neçəsini təqdim edirik:
Abdulqadir Əhmədov: “İlham Əliyev “Əbu Bəkr” məscidini açarsa, bu həm Allaha xoş gedər, həm də Rusiyaya satılmış müxalifətin rəzalətə uğradılmasında müsəlmanların da dəstəyini almış olar. Ən böyük dəstəksə, şübhəsiz Uca Allahdan olar”.
İradə Dadaşova: “Məni narahat edən məsələ Quran kitabınını hörmətsiz şəkildə çap olunması və yeraltı köşklərdə satılmasıdır. Bununla bağlı sizin fikirlərinizi bilmək maraqlı olardı”.
Babək Ramazanov: “Mənim sualların vahabilərlə bağlıdır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi niyə bunlara ölkədə fəaliyyət göstərməyə icazə verir? Ümumiyyətlə, bunların gördüyü işlərlə dövlət maraqlanırmı? Pirlərə hörmətsizlik etməkdən belə çəkinmirlər”.
Azər Qurbanov: “Salam Aleykum. Xahiş edirəm, Sumqayıt şəhərində əhli-sünnə camaatına bir məscid ayrılsın”.
Rövşən Rövşən: “Mənim sualın ondan ibarətidir ki, nə üçün Azərbaycanda əhli-sünnə camaatı üçün məscid tikilmir? Şəhərdə barmaqla sayılacaq qədər əhli-sünnə məscidi var. Yeni məscidlərin tikilməsi daha əlverişli olmazdımı?”.
Prezident İlham Əliyevin rəsmi Facebook səhifəsində vətəndaşları maraqlandıran suallara Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi rəhbərliyinin cavab verməsi üçün suallar iyul ayı ərzində qəbul olunacaq. Suallar tədricən rəsmi səhifədə cavablandırılacaq. Eyni zamanda diqqət çəkən maraqlı sualların cavabı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovla video-müsahibədə yer alacaq.
Artıq xeyli suala cavab da verilib. Məsələn vədəndaş Rüstəm Hacıyev soruşub: “Salam aleykum. Sizə sualım odur ki, görəsən bu ölkəde sürətlə yayılan vahabiliyin qabağını vaxt gələcək ki, kimsə alsın, yoxsa bizi də Suriyanın vəziyyəti gözləyir”.
Komitə tərəfindən verilən cavab: "Hörmətli Rüstem Hacıyev, Azərbaycan dövləti insanpərvərlik prinsiplərinə zidd görüşlərə sahib olmayan heç bir dini və ya təriqəti digərindən üstün tutmur. Radikal qruplara gəlincə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparıcı mütəxəssisləri cəlb edərək mütəmadi olaraq Azərbaycanın müxtəlif bölgələrində radikallıqla mübarizə xarakteri daşıyan seminarlar, konfranslar və s. təşkil edir və əhali arasında maarifləndirmə işləri aparır. Azərbaycan köklü bir mədəniyyətə malikdir. Xalqımız isə başqa inanclara qarşı həmişə öz dözümlülüyü ilə seçilib. Bu baxımdan radikal qruplar Azərbaycanda özlərinə ciddi social baza tapa bilməzlər. Lakin buna baxmayaraq, müvafiq dövlət orqanları insanpərvərlik prinsipinə zidd görüşlərə malik olan qrupların qarşısını almaq üçün lazımi tədbirləri görür. Buna görə də narahatlığa əsas yoxdur".
Anar RÜSTƏMOV