Dövlət büdcəsindən siyasi partiyalara ayrılan pulların növbəti - 2013-cü ilin ikinci rüb üzrə olan hissəsi də artıq siyasi qurumların hesablarına köçürülüb. Bu barədə Modern.az saytına Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, siyasi partiyalar birinci rübdə nə qədər vəsait alıbsa, ikinci rübdə də onların hesabına bir o qədər vəsait köçürülüb.
2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi bölgüsünə uyğun olaraq, pul vasaitləri sözügedən qurumlara aşağıdakı kimi bölünüb:
Yeni Azərbaycan Partiyasına 286281,47 manat;
Vətəndaş Həmrəyliyi Partiyasına 34022,452 manat;
Ana Vətən Partiyasına 30257,392 manat;
Sosial Rifah Partiyasına, Azərbaycan Demokratik İslahatlar Partiyasına, Azərbaycan Ümid Partiyasına, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına 26492,355 manat;
Vətəndaş Birliyi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Ədalət Partiyası 26492,332 manat.
Xatırladaq ki, siyasi partiyalara 2013-cü il dövlət büdcəsindən 2,5 milyon manat pul ayrılıb. “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Ölkə Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.
Gültəkin ƏLƏSGƏR