Modern.az

Sülh danışıqları: 3 vasitəçi, 3 fərqli maraq - Nəticə necə olacaq...

Sülh danışıqları: 3 vasitəçi, 3 fərqli maraq - Nəticə necə olacaq...

2 İyun 2023, 17:34

Son bir ayda Azərbaycanla Ermənistan arasında intensiv danışıqlar aparılıb. ABŞ, Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi baş tutan danışıqlarda sülh sazişi və normallaşma prosesi müzakirə edilib. Görüşlər zamanı tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

 

Beləliklə, son 1 ayda Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyələrdə keçirilən görüşlər aşağıdakı kimi olub:

 

1-4 may: ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

14 may: Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşüb.

19 may: Moskvada Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar baş tutub.

25 may: Moskvada Vladimir Putinin iştirakı ilə İlham Əliyev və Paşinyan arasında görüş keçirilib.

1 iyun: Kişineuda İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş təşkil olunub.

 

Qeyd edək ki, iyunun 14-də XİN başçıları arasında Vaşinqtonda növbəti görüşün keçirilməsi planlaşdırılır. Bundan əlavə, Prezident İlham Əliyev və Baş nazir Paşinyanın iyul ayının 21-də Brüsseldə yenidən görüş keçirməsi barədə razılıq əldə edilib. Eyni zamanda liderlərin oktyabr ayında beştərəfli formatda daha bir görüşü nəzərdə tutulub.

 

Ekspertlərin fikrincə, tərəflər arasında sülh sazişinin imzalanması istiqamətində yekun nəticə olmasa da, görüşlərin pozitiv əhval-ruhiyyədə keçməsi müsbət qiymətləndirilir. Lakin görüşləri təşkil edən vasitəçilərin maraqlarının üst-üsə düşməməsi prosesi ləngidən amil kimi önə çəkilir. Göründüyü kimi, aktorların fərqli maraqları var və bu da prosesə mənfi təsir edir.

 

Rusiya, ABŞ və Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında görüşlər keçirməklə hansı məqsədləri güdürlər?


Mövzu ilə bağlı Modern.az-a danışan deputat Aydın Mirzəzadə söyləyib ki, Avropa, ABŞ və Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını intensivləşdirməyinin səbəbi regionun dünya üçün böyük maraq yaratmasıdır. 


"Regionu dünya üçün maraqlı edən Azərbaycandır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu hər gün artır. Həmçinin, Azərbaycanın yol-nəqliyyat sistemində önəmli yer tutması da göz qabağında olan məsələdir. Azərbaycan bu gün şərq dünyasında intensiv inkişaf edən, dəyərlərini qorumaqla yanaşı, Avropa dəyərlərini öz cəmiyyətində təbliğ edən unikal ölkələrdən biridir. Bu baxımdan regionun əhəmiyyəti dünya ölkələri üçün artır. ABŞ üçün əsas məsələ regionda maraqlarının təminatı, Avropa üçün Azərbaycan kimi müttəfiqi itirməmək, eyni zamanda Ermənistanı da bir tərəfdaş kimi saxlamaq, Rusiya üçün isə cənub sərhədində stabilliyin təmin edilməsinə nail olmaqdır", - deyə parlamentari bildirib. 

 


 

A.Mirzəzadə vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməsi, özünü blokada vəziyyətinə salması ölkədən əhalinin getməsinə, investisya üçün cəlbedici olmamasına, yəni ümumi olaraq "ölü dövlətə" çevrilməsinə səbəb olub:

 

"Avropa və ABŞ-dakı erməni diaspor dairələri Ermənistanı itirdiklərinin fərqindədirlər. Ona görə də onlar hazırkı vəziyyətdə Azərbaycanla sülh müqaviləsi imzalamağa çalışırlar. Onu da qeyd edim ki, Azərbaycanla Ermənistanın sülh müqaviləsində mövqeləri fərqlidir. Ölkəmiz öz ərazi bütövlüyünün tanınmasını və Ermənistanın daxili işlərinə qarışmamasını tələb edir. Ermənistan isə çalışır ki, Azərbaycandan siyasi və ərazi güzəştləri qoparsın. Amma bununla belə ölkəmizin prinsipal mövqeyi qarşı tərəfi və onun dəstəkçilərini tələblərimiz ilə razılaşmağa məcbur edəcək. Bu gün Azərbaycan üçün özünün sülh variantı hər şeydən üstündür. Vurğuladığımız tələblər bizim prinsipal mövqeyimizdir. Yəni Azərbaycan üçün kənardan hər hansı təklifin olması əhəmiyyətli deyil. Əsas məsələ o təkliflərin içində dövlətimizin maraqlarının olmasıdır".


Politoloq Qabil Hüseynlinin fikrincə, danışıqların daha obyektiv aparılmasının əsas tərəfdarı ABŞ-dır. 


"Bir çox məqamlarda Fransa istinsa olmaqla, Avropa İttifaqının mövqeləri Amerika ilə üst-üstə düşür. Rusiya isə regionda dağıdıcı mövqe tutur. Sözügedən ölkə öz siyasi maraqlarını reallaşdırmaq üçün həmişə münaqişə olmasını istəyir. Buna görə də sülhyaratma prosesində ürəkdən çalışmır. Görüşlər keçirilsə də, hansısa təşəbbüslər irəli sürülsə də, 2 il 7 aydır ki, real addım atmayıblar. Əksinə sülhməramlıların gücü ilə Qarabağda olan ermənilərin Azərbaycan Respublikasına reinteqrasiyası prosesinə mane olurlar", - politoloq qeyd edib.

 


 

Q.Hüseynli düşünür ki, sülh müqaviləsi Rusiyada yox, Avropada imzalanacaq:

 

"Gələcəkdə bu məsələ ilə bağlı Rusiyanın destruktiv mövqeyinin şahidi olacağıq. Amma qeyd etməliyik ki, Amerikanın proseslər üzərində nəzarəti yetərlidir. Başda Almaniya olmaqla Avropa da məsələyə obyektiv dəstəyini davam etdirir. Avropa İttifaqının moderatorluğu ilə aparılan danışıqların sülhə gətirib çıxaracağına inanıram. Düşünürəm ki,  Azərbaycan da, Ermənistan da sülhün yaranmasında ABŞ və Avropaya güvənir. Artıq Rusiyaya etimad qalmayıb. Ancaq rusların bölgədə təsir gücü olduğundan tərəflər bu məsələdə münasibətləri qoruyub saxlamaq xəttini seçiblər. Ermənistanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir, strateji müttəfiqlik əlaqələri var. Düşünürəm ki, bütün bu məsələləri nəzərə aldıqda, sülh müqaviləsinin Avropada imzalanacağını deyə bilərik. İspaniyanın Qranada şəhərində prosesin son akkordları vurulacaq". 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir