Modern.az

Millət vəkilləri kimləri oxuyur? - Deputatlar üçün maraqlı əsərlər bunlardır

Millət vəkilləri kimləri oxuyur? - Deputatlar üçün maraqlı əsərlər bunlardır

Parlament

9 İyul 2013, 10:59

“Münasibətlərdən daha gərgini və kəskini məhz ədəbilər arasındadır“

  Cəmiyyətdə ədəbiyyata, ümumən mütaliəyə marağın azaldığı bir dönəmdə millət vəkillərinin hansı yazarları oxuması şübhəsiz ki, maraqlıdır. Modern.az-ın sözügedən mövzudasorğusu da bu maraqdan irəli gəlir:  

İqbal Ağazadə: “Mütaliəm genişdir. Ədəbi aləmdə işıq üzü görən əksər kitabları oxumağa çalışıram. Son oxuduğum Aysel Əlizadənin “Bəyaz kürk“ əsəri olub. Daha sonra Natiq Məmmədlinin “Ləyaqət düsturu”, adlı hekayələr kitabını da oxudum. Müasir ədəbiyyatdan ən çox oxuduğum şəxslər  sırasında isə Qulu Ağsəs, Fəxri Uğurlu və başqaları da var”.

Fazil Mustafa: “XX əsri əvvəllərindən danışsaq Çəmənzəminli,  Seyid Hüseyn və Mirzə Cəlili mütaliə edirəm. Sonrakı dövr ədəbiyyatından isə İsa Hüseynovun romanlarını, Əkrəm Əylislinin əvvəlki əsərlərini – “Adamlar və ağaclar” trilogiyasını, “Kür qırağının meşələri”, “Mənim nəğməkar bibim”  povestlərini bəyənirəm . Ən yeni ədəbiyyata gəldiksə isə Aqşin Yeniseyin “Gölə qarğı sancanlar” , Qan Turalının “Mustafa“, Pərvizin “Yad dildə”, Səfər Alışarlının “Maestro” romanları xoşuma gəlib. Mütaliə etdiklərimin içində Aysel Əlizadə və Günel Mövlud da var”.

İsa Həbibbəyli: “İxtisasca ədəbiyyatşünas olduğum üçün mənim gündəlik həyatımda dünya və yerli yazıçıları oxumaq xüsusi yer tutur. Demək olar ki, hər gün həm bədii ədəbiyyat, həm də ədəbiyyatşünaslıqla bağlı yazılar oxuyuram. Hazırda Məhəmməd Əsəd bəyin rusca çap olunan əsərlərini oxuyuram. Gənc yazarları isə “Azərbaycan” və “Ulduz” jurnallarından mütəmadi olaraq mütaliə edirəm”.

Gövhər Baxşəliyeva: “Ümumiyyətlə həmişə mütaliə etməyə çalışmışam. Xüsusən də şeir. Həm klassik, həm də modern Azərbaycan şeirinin vurğunuyam. Ən çox sevdiyim şair Nizami Gəncəvidir. O, bütün əsrlər boyu Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli mütəfəkkirdir. Deyərdim ki, o, təkcə Azərbaycanın yox, bəşəriyyətin fəxridir. Azərbaycan ən böyük şairin vətəni olması barədə ingilislərlə rəqabətə girə bilər. Onlar Şekspirlə, biz isə Nizami ilə rəqabətə girə bilərik. Nizami Gəncəvindən daha böyük şair bu gün təsəvvür etmək mümkün deyil. Daha sonra türk şeirinin fəxri Füzuli. Füzulinin “Leyli və Məcnun” əsəri mənim dissertasiyamın mövzusu olub. Müasir şairlərdən isə Bəxtiyar Vahabzadə, Ramiz Rövşəni həmişə oxumuşam. Rus şairlərindən Lermontovu oxumamaq mümkün deyil. Puşkin, İosif Brodski ümumiyyətlə rus klassikası ilə çox tanışam. Dünya yazarlarından isə Balzak, Flober, Zolya, Dikkensi tam oxumuşam. Qərb yazarlarını kifayət qədər yaxşı bilirəm. Gənclərə də tövsiyə edərdim ki, çox mütaliə etsinlər”.

Zahid Oruc: “Prinsiplərimə görə bu dəfə də ad çəkməyəcəyəm. Amma yeni yaranan poetik nümunələrə diqqətlə yanaşmışam. O əsərlərdəki sağlam meylləri, intellektual yanaşmaları, ölkənin fikir məkanına təsir etmə bacarığını çox yaxşı qəbul etmişəm. Amma bunu da deməliyik ki, bu adamla sayca çox deyil. Bəzilərinin içərisində iddialılıq və təkəbbürlük də var. Bu cümlədən sadə yazıları daha səviyyəli yazı kimi dəyərləndirməklə özlərini gələcək uğurlardan məhrum edirlər. Şübhəsiz ki, əvvəlki yazarlar sırasında bir çoxlarını oxumuşam. İsa Hüseynov, Anar və başqalarını. Onlar Azərbaycanın fikir məkanına çox böyük təsir edən adamlardı. Məmməd Arazı, Mirzə Cəlili kim oxumayıb ki?! İndiki nəsrin yazdıqlarında isə daxili dərinlik, müşahidə imkanlarının genişliyi çox azdır. Mən gənclərdən yeddi-səkkizinin adını çəkə bilərdim ki, onların potensialı çox güclüdür. Aralarındakı savaş, qədərindən artıq təkəbbür, bir-birini inkar onlara daha güclü ədəbi əsərlər yaratmağa imkan vermir. Ədəbi qovğalar onların qarşısını kəsir. Xüsusi vurğulayım ki, siyasətçilərin arasında olan münasibətlərdən daha gərgini, daha kəskini məhz ədəbiyyatçılar arasındadır”.  

Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...