Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Rüstəm Xəlilov və Tahir Rzayev İstanbula səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər iyulun 12-dək davam edəcək.
Səfər Türkiyə bələdiyyə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədi daşıyır. Burada deputatlarımız İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı, İstanbul valisi və digər yerli özünüidarəetmə təşkilatlarının rəhbərləri ilə görüşlər keçirəcək, bələdiyyələrin iş fəaliyyəti ilə yaxından tanış olacaq, təcrübə mübadiləsi aparacaq, əhali ilə bələdiyyə orqanları arasında münasibətləri müzakirə edəcəklər. Deputatlar Azərbaycanda bələdiyyə qurumlarının fəaliyyəti barəsində söhbətlər də aparacaqlar.
Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı və Jalə Əliyeva QDİƏT PM Baş Assambleyasının 41-ci plenar iclasında iştirak etmək üçün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər. İyulun 20-də başa çatacaq səfərdə zamanı “Turizm iqtisadi inkişafın mühüm amili kimi: QDİƏT regionunda əməkdaşlıq” mövzusunda müzakirələr aparılacaq.
Assambleyanın sessiyası çərçivəsində qurumun İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə, Hüquqi və siyasi işlər üzrə, Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitələrinin iclasları keçiriləcək.
Anar RÜSTƏMOV