Modern.az

Deputat deyir Qazaxda problem qalmayıb - Jurnalist isə problemləri sadalayır

Deputat deyir Qazaxda problem qalmayıb - Jurnalist isə problemləri sadalayır

Ölkə

10 İyul 2013, 10:05

Modern. az saytı “ Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır ” layihəsini davam etdirir. Bu dəfə seçilən bölgəmiz Qazaxdır. Bu bölgə ilə bağlı 107 saylı Qazax seçki dairəsindən deputat seçilmiş Əhməd Vəliyev və “Şərq” qəzetinin əməkdaşı, əslən qazaxlı olan Anar Bayramoğlu danışır.

Deputat Əhməd Vəliyev deyir ki, hər şeyi nə qədər yüksək səviyyədə qursaq, yenə də haradasa problem görürük.

“Son 2 il yarımdır ki, cənab prezidentin bu bölgəyə 4 dəfə səfəri və eyni zamanda Qazaxın sosial-iqtisadi inkişafı, mərkəzi xəstəxananın tikintisi, yolların salınması və sosial problemlərlə bağlı sərəncamları olub. Qazax da bu gün Azərbaycanın digər regionları kimi inkişaf etmiş bir bölgə sayılır. Buna baxmayaraq, hər iş birdən-birə baş tuta bilməz. Müəyyən bir çatışmazlıqlar təbii ki olmalıdır. İlham Əliyev Qazaxdan qayıdan kimi yenə də bu bölgənin sosial-inkişafı ilə bağlı yenidən sərəncam verdi və 2 milyon manat pul ayırdı. Bununla yanaşı, bölgənin inkişafı üçün nə lazımdırsa, cənab prezident hamısını orada qeyd etdi. Mənə elə gəlir ki, yaxın zamanlarda növbəti səfəri zamanı görəcək ki, Qazaxla bağlı qeyd etdiyi bütün problemlərin hamısı həll edilib. Əvvəl yol problemi var idi. Artıq erməni kəndlərinin içərisinə daxil olmuş kəndlərin də yol problemi həll olub. Eyni zamanda burada qazın təchizatı da həyata keçirilib. Orada işıq, yol problemi qalmayıb. Kəndarası yolların abadlaşdırılması, tikilməsi ilə bağlı prezident göstəriş verib və bu da hazır olacaq. Deyə bilərəm ki, seçiciləri narahat edən fundamental problemlər qalmayıb. Bir az su problemi var. Artıq onunla da bağlı proqram müəyyənləşib. Bu günlərdə su kanalizasiya sisteminin tikilməsi ilə bağlı təməlatma mərasimi atılacaq. Düşünürəm ki, seçicilərim heç bir narahatçılıq keçirmir“.

Jurnalist Anar Bayramoğlu isə deyir ki, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Qazaxda da problemlər çoxdur.
“Mütəmadi olaraq rayona gedirəm və oradakı vəziyyətlə maraqlanıram. Vəziyyət ürəkaçan deyil. Əsas problemlərdən biri kimi işsizliyi göstərmək olar. Ali təhsilli gənclər var ki, işsizlikdən Bakıya, xarici ölkələrə, əsasən Rusiyaya, Türkiyəyə işləməyə üz tuturlar. Təbii ki, oradakı işləri də “qara fəhləlik”dir. Yay vaxtı kəndlərdə ölü basdırmağa başıpapaqlı tapılmır. İşıq-qaz problemi olmasa da, insanların kommunal xərcləri ödəmək imkanı yoxdur. Əhalinin 70 faizi kredit girdabındadır. Yeni icra başçısı Ayaz Əsgərov təyinat alan vaxt abadlıq işləri gördü. Amma gözəl parklarda istirahət edən yoxdursa, nəyə lazımdır o parklar?

Qazax turizm potensialı olan rayondur. Orada turizmi inkişaf etdirmək olar. Eyni zamanda zavod və fabriklər açmaqla, kənd təsərrüfatını, xüsusən də üzümçülüyü inkişaf etdirməklə işsizliyin aradan qaldırılmasına nail olmaq mümkündür. Digər məsələlərə gəldikdə, yollarda problemlər var. Təsəvvür edin, rayon mərkəzindən Daş Salahlı kəndinə gedən yol SSRİ zamanından çəkilən yoldur. 30 ildir ki, asfalt üzü görmür. Eləcə də kəndlərin yolları bərbad vəziyyətdədir. Bələdiyyə hər yerdə olduğu kimi. Qazaxda da torpaq satmaqla məşğuldur. Rəsmi orqanlarda da bürokratik süründürməçilik var. Dövlətin antikorrupsiya tədbirlərinə baxmayaraq, bəzi yerli məmurlar rüşvətlərindən qalmırlar. Vətəndaşa pulsuz verilməli olan sənədi ən az 4-5 manata verirlər. Amma problemlər yenə də qalır”.

Ulduz İBRAHİMOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi