Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında aeroport yolunda baş vermiş yol qəzası barədə rəsmi məlumat yayıb. Rəsmi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “Daewoo” markalı avtobus, “KİA” və “BYD” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı avtomobilin sürücüsü - 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölüb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:44-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.