Gəncə şəhəri özünün 4 min illik yaşını qeyd etməyə hazırlaşır

Gəncə şəhəri özünün 4 min illik yubileyini qeyd etməyə hazırlaşır. Bu məqsədlə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının iclas salonunda keçirilən ümumşəhər toplantısında yubileyə hazırlıqla bağlı görüləcək işlər ətraflı müzakirə edilib.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu münasibətlə şəhər sakinlərini təbrik edib, yubiley tədbirlərinə hazırlığın əhəmiyyətindən danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktoru, professor Fuad Əliyev çıxış edərək yubileylə əlaqədar görüləcək işlər barədə geniş məlumat verib. Məlumatda qeyd edilib ki, qədim Nizami yurdunun 4 min illik yaşı ilə əlaqədar YUNESKO-nun baş direktoru İrina Bokovanın Gəncəyə unvanladığı təbrik məktubu bütün şəhər sakinlərinin sevincinə səbəb olub. Uzun illər müəmmalı olan Gəncənin həqiqi yaşının dəqiqləşdirilməsi bu gün real şəkildə elan edilib və onun həqiqətən 4 min il olduğu müəyyənləşdirilib. Buna görə yubiley tədbirlərinə çox ciddi şəkildə hazırlıq nəzərdə tutulub. Müəyyən edilmiş tədbirlər planına əsasən şəhərdə böyük tərtibat işləri görülməli, dəyirmi masalar keçirilməli, ümumşəhər iməcilikləri təşkil edilməli, şəhərin girişində inşa edilmiş qala kompleksində arxeoloji və etnoqrafik muzey yaradılmalı, bayram konsertləri, ali və orta ixtisas məktəblərində inşa yazı müsabiqələri təşkil edilməli, Gəncəyə aid yeni monoqrafiya çap edilməli, Gəncənin tarixinə aid kataloq hazırlanmalı, yeni turizm marşrutları tərtib edilməli, ən mühüm tarixi abidələrin bukletləri hazırlanmalı, dünya kitabxanalarında və arxivlərində Gəncə ilə bağlı saxlanan əlyazma və xəritələrin surətləri Gəncəyə gətirilməli, musiqi və şer müsabiqələri təşkil edilməlidir.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sədrliyi ilə yaradılmış yubiley komissiyasının tərkibi təsdiq edilib, tədbirlər planı müzakirə edilərək qəbul olunub, yubileyin keçirilməsi üçün işçi qrupu yaradılıb.
Yubiley tədbirlərində xarici ölkələrdən dəvət olunacaq qonaqların iştirakı ilə Beynəlxalq elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub.
Modern.az