"Rusiya və Tacikistanı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri birləşdirir. Mövcud geosiyasi vəziyyətə baxmayaraq, ikitərəfli əlaqələr davamlı və dinamik inkişaf etməkdə davam edir".
Modern.az Rusiya XİN-in rəsmi teleqram kanalına istinadən xəbər verir ki, bunu Düşənbədəki Rusiya-Tacikistan (Slavyan) Universitetində çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Rusiya dövlətlərarası münasibətləri yalnız BMT Nizamnaməsi, dürüstlük, bərabərlik, müasir dünyanın mədəni və sivilizasiya müxtəlifliyinə hörmət, xalqların öz müqəddəratını həll etmək hüququ prinsipləri əsasında qurur. Bizim “kollektiv Qərb”dən əsas fərqimiz budur. Dünya nizamının neokolonial birqütblü modelini canlandırmaq ümidi ilə Vaşinqton və onun müttəfiqləri özlərini BMT Nizamnaməsinin məqsəd və prinsiplərindən üstün tutdular. Qərb dövlətlərin suveren bərabərliyi prinsipini kobud şəkildə pozur, dünyanı “demokratiya”, “avtokratiya” və ya “avtoritar rejimlər”ə bölür. Bu gün Qərbin məqsədyönlü şəkildə Mərkəzi Asiyaya, o cümlədən humanitar və hərbi sahələrdə nüfuz etmək cəhdləri var. Qərbin “geopolitik mühəndisləri” tərəfindən irəli sürülən “inkişaf yardımı” proqramları əslində özləri üçün regionun siyasi və iqtisadi mənzərəsini idarə etmək və formatlaşdırmaq üçün alətlərdir", - nazir iddia edib.
"Qərbin siyasi elitası hər zaman Ukraynanı öz geosiyasi oyunlarında piyada kimi, ölkəmizi cilovlamaq üçün vasitələrdən biri hesab edib. İllər boyu onlar neonasist, açıq desək, rusofob rejimi bəsləyərək onu NATO-ya cəlb etdilər. Ukraynada baş verənlər dünya nizamının gələcəyi uğrunda mübarizənin yalnız bir hissəsidir. Bu gün bu məsələ həll olunur ki, dünya nizamı həqiqətən ədalətli, demokratik, çoxqütblü olacaq, yoxsa dar bir qrup dövlət öz iradəsini başqalarına diktə etmək imkanlarını saxlayacaq", - Lavrov iddialarını davam etdirib.