Azərbaycanın bir qrup alimi hazırki ölkə başçısı İlham Əliyev prezidentliyə namizədliyini dəstəklədiklərini bildiriblər. Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimlərinin ümumi yığıncağında səsləndirilib.
İclasda çıxış edən AMEA prezidenti Akif Əlizadə Azərbaycanın bütün gənc alimlərini 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.
“Biz əminik ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli sima İlham Əliyevdir”.
Natiq çıxışının sonunda Azərbaycan gəncliyinə intellektini, innovativ təfəkkürünü, dövlətçilik şüurunu və mənəvi keyfiyyətlərini həmişə xalqın və dövlətin inkişafına yönəltməyi tövsiyə edib.
Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri professor Əli Həsənov çıxış edib.
O, dövlətin Azərbaycan gəncliyinə qayğısı, intellektual gəncliyin inkişafı siyasətindən danışıb. Dövlət rəsmisi bu siyasətin gələcəkdə də uğurla davam etdiriləcəyi barədə AMEA gənclərini əmin edib.
Daha sonra, müxtəlif institutların gənc alimlər şuralarının sədrləri AMEA-da elmin bütün istiqamətləri üzrə çalışan gənclərin son 5 ildə qazandığı uğurlardan geniş bəhs ediblər.
Sonda bu il keçiriləcək Prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyini dəstəkləmək barədə gənc alimlər adından bəyanat layihəsi, həmçinin ümumi yığıncaqla bağlı qərar layihəsi oxunaraq qəbul olunub.
Modern.az