Modern.az

Sülhə maneə olan 3 MƏSƏLƏ - Ermənistan razılaşacaqmı...

Sülhə maneə olan 3 MƏSƏLƏ - Ermənistan razılaşacaqmı...

Aktual

7 İyun 2023, 14:53

Ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanla münasibətlərin normallaşması prosesindən söz açıb. XİN başçısı Azərbaycan və Ermənistan arasında sülhə hazırlıq çərçivəsində ikitərəfli sazişin mətni üzərində danışıqlar aparıldığını diqqətə çatdırıb.

 

C.Bayramov son bir neçə həftə ərzində Vaşinqton, Brüssel, Moskva və Kişineuda keçirilən danışıqların tərəflərin mövqeyini daha yaxşı anlamağa imkan yaratdığını söyləyib.

 

Məlumat üçün bildirək ki, Vaşinqton və Moskvada XİN başçıları, Brüssel, Moskva və Kişineuda isə liderlər səviyyəsində danışıqlar aparılıb. Görüşlərdə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Sazişin müzakirə edildiyi deyilir. Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilsə də, əsas məsələlərdə mövqelər fərqli olaraq qalır.

 

Ceyhun Bayramov ötən gün ATƏT-in iclasında çıxışı zamanı ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqları olduğunu bildirib. Bunlar aşağıdakılardır:

 

1. Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi

2. Ermənistanın daxili işlərimizə ardıcıl müdaxiləsi, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması

3. Ermənistanın beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılması.

 

XİN başçıları iyunun 12-də Vaşinqton şəhərində yenidən görüş keçirəcəklər. Danışıqlar zamanı qeyd olunan məqamlarında müzakirə ediləcəyi ehtimal olunur. 

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Elman Məmmədov düşünür ki, Ermənistan Qarabağda yaşayan ermənilərin status məsələsini gündəmə gətirir, bu da fikir ayrılıqları yaradır.


"Bu məsələni Ceyhun Bayramov səsləndirib. Ermənistan tərəfi Laçın dəhlizində olan sərhəd-keçid məntqəsinin ləğv olunmasını istəyir. Həmçinin, Ermənistan Qarabağda yaşayan ermənilərin status məsələsinin həll edilməsini hər dəfə dilə gətirir. Bu da Azərbaycan tərəfindən rədd edilib", - deyə parlamentari söyləyib.

 

 

E.Məmmədov vurğulayıb ki, Ermənistan Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən dəmiryolu və avtomobil yolunun açılmasına problem yaradır:

 

"Hələ tam razılıq əldə olunmayıb. Yolun açılmasına razı olmayan əsas ölkə İrandır. Digər yandan Ermənistan istəyir ki, Naxçıvana gedən yola özü nəzarət etsin. Çox güman ki, tərəflər bu məsələdə tam razılığa gəlməyib. Sərhəddə isə Azərbaycan Ordusunun dayandığı mövqelər var - hansı ki, həmin ərazilər xəritə ilə də bizə məxsusdur - ermənilər bunu da qəbul etmir. Son məsələ isə anklavlardır. Ermənilər öz ağılları ilə Başkənd məsələsini ortaya atıb. Eyni zamanda söyləyirlər ki, Qazaxın 7 kəndinin qaytarılması ilə Gürcüstan-Ermənistan yolu Azərbaycanın nəzarətinə keçəcək".

 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, fikir ayrılıqlarının olduğu əsas məsə Qarabağdakı əlisilahlı dəstələrin torpaqlarımızdan çıxarılmamasıdır.

 

"Ermənistan hələ də silahlı qüvvələrinin tör-töküntülərini Qarabağda saxlayır. Azərbaycanın dəfələrlə müraciət etməsinə baxmyaraq, əlisilahlı dəstələri ərazilərimizdən çıxarmaq istəmirlər. Azərbaycanın digər narahat olduğu məqam isə ondan ibarətdir ki, Ermənistan torpaqlarımızda qalan separatçılara mənəvi-siyasi dəstək verir. Ermənistan hakimiyyəti Qarabağda olan ermənilərin Azərbaycan vətəndaşlığına reinteqrasiyası üçün çalışmaq əvəzinə, terrorçu dəstələri daha da qızışdırmaqla məşğuldur", - deyə politoloq bildirib. 

 


 

Q.Hüseynlinin fikrincə, Ermənistan həm sərhəd, həm də Qarabağla bağlı müxtəlif təşkilatlara ordumuzun guya təxribat törətməsi barədə əsassız şikayətlər göndərir:

 

"Qarşı tərəf belə addımlar ataraq, Azərbaycanın xarici siyasətini və ordusunu gözdən salmaq məqsədi güdür. Azərbaycanın xarici işlər naziri doğru deyib ki, əgər biz sülhyaratma prosesinə başlayandan sonra müəyyən irəliləyişlər əldə etmişiksə, belə uydurma məlumatların irəli sürülməsi iki ölkə arasında sabitliyin yaranmasına əngəl törədə bilər. XİN rəhbəri haqlı olaraq çağırış edib və Ermənistanın bu cür addımlardan çəkinməli olduğunu söyləyib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI