Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdi. Növbəti yazı Argentinanın birinci xanımı, həm də prezidenti Kristina Elizabet Fernandes de Kirşner haqdadır.
2007-ci il dekabrın 10-dan Argentinanın 55-ci prezidenti kimi vəzifəsinin icrasına başlayan Kirşner bu vəzifədə əri Nestor Kirşneri əvəz edib. Argentina tarixində demokratik seçkilərlə qalib gələn ilk qadın məhz Kristina de Kirşnerdir.
O, 1953-cü il fevralın 19-da Buenos-Ayres vilayətinin La-Plata şəhərində anadan olub. K.Kirşner La-Plata Milli Universitetini bitirib. Elə təhsil aldığı zaman gələcək əri Nestor Kirşnerlə tanış olub və universiteti bitirdikdən sonra ailə həyatı quran cütlük Santa-Kruz vilayətinə köçərək ixtisasları üzrə vəkilliklə məşğul olmağa başlayıblar.
Rio-Qaloqose şəhərində hüquqi xidmət göstərən Kirşner ailəsi 1976-1982 ci illərdə siyasətdən kənar idilər. 1989-cu ildə Santa-Kruz vilayəti Qanunverici Məclisinə üzv seçilən K.Kirşner 1993-cü ildə təkrar seçkilərdə qalib gəlir. O, 1995-2007-ci illər arasında bir neçə dəfə Argentina Milli Konqresinə üzv seçilib.
K.Kirşner əri Nestor Kirşnerin 2003-cü ildə qalib gəldiyi prezident seçkisi kampaniyasında aktiv iştirak edib.
2007-ci il seçkilərində isə Kristina Kirşner özü hakim “Qələbə naminə cəbhə” Partiyasından namizəd kimi seçici səslərinin 45%-ini toplayaraq böyük fərqlə seçkilərdə qalib gəlib və ölkə prezidenti seçilib.
O, əsas rəqibi – eks-prezident Eduard Dualdenin həyat yoldaşı xanım Elisa Korrionu xeyli geridə qoyub. 2011-ci il oktyabrın 23-də keçirilən prezident seçkilərində ikinci müddətə Argentina prezidenti seçilən Fernandes de Kirşner seçicilərin 53%-lik dəstəyini qazanır. İkinci yerdə gedən Rikardo Alfonsin cəmi 13% səs toplaya bilir.
Prezidentlik dönəmində sərt siyasəti ilə yadda qalan xanım Kirşner Folklend adalarının Argentinaya geri qaytarılması üçün dəfələrlə Böyük Britaniyaya müraciət edib. Adanın şimalında neft yataqları aşkarlanandan sonra isə Kirşner ərazidə neft buruqlarının qazılması ilə məşğul olan ingilis neft şirkətlərinə xəbərdarlıq edib. Britaniya baş naziri Devid Kemerona ünvanlanan məktubda Folklend adalarındakı neft yataqlarında kəşfiyyat işlərinin dayandırılması tələbi ikitərəfli münasibətlərin inkişafında soyuqlaşmaya səbəb olub.
Kristina Kirşnerin ən cəsarətli hərəkətlərindən biri 2010-cu ilin iyul ayında canlı yayımda Argentinada eynicinsli nikahların rəsmiləşdirilməsi barədə qanun layihəsini imzalaması olub. Əhalisinin əksəriyyəti katolik olan Argentinada bu qanuna qarşı sərt etirazlar səsləndirildi. Tənqidlərə cavab olaraq isə Kirşner qanunun qəbulunu “cəmiyyətdəki bərabərliyə doğru fundamental qələbə adlandırdı”.
2008-ci il dünya iqtisadi böhranı Argentina iqtisadiyyatına ağır təsir göstərdi. Prezidentin reytinqi sürətlə aşağı enməyə başladı. Lakin K.Kirşnerin həyata keçirdiyi iqtisadi islahatlar böhranın fəsadlarını xeyli azaltdı. Belə ki, özəl sektora və kənd təsərrüfatı subyektlərinə ayrılan kredit vəsaitləri ölkənin dirçəlməsinə yardım etdi. Uzun müddət siqaret aludəçisi olan xanım Kirşner 2010-cu il iyunun 13-də ictimai yerlərdə siqaret çəkilməsini və reklam olunmasını qadağan edən qanun layihəsini imzaladı.
Mətbuat tərəfindən dəbdəbəli geyimlərə və plastik əməliyyatlara tez-tez müraciət etməsi tənqid olunan xanım Kirşner xarici siyasətdə Çin və Rusiya ilə də əlaqələrə önəm verir. Onun hakimiyyəti dövründə bu ölkələrlə ticarət dövriyyəsi iki dəfəyə qədər artıb.
Xanım Kirşner Maksimo və Florensiya adlı iki övlad anasıdır. Onun həyat yoldaşı Nestor Kirşner 2010-cu il oktyabrın 27-də ürək çatışmazlığından vəfat edib.
“Time” jurnalı tərəfindən Angela Merkeldən sonra onilliyin ikinci ən yaxşı qadın siyasətçisi hesab olunan Kristin Fernandes de Kirşner artıq indidən Argentina tarixinin ən uğurlu prezidentlərindən sayılır.
Vüqar İsmayılov