Modern.az

Milli Qəhrəmanın işsiz övladı: “İş tapmaq üçün atamın adından sui-istifadə etmərəm” - SÖHBƏT

Milli Qəhrəmanın işsiz övladı: “İş tapmaq üçün atamın adından sui-istifadə etmərəm” - SÖHBƏT

12 İyul 2013, 10:31

Modern.az saytı “Milli qəhrəman övladları” layihəsini davam etdirir.  Müsahibimiz Milli Qəhrəman Aslan Atakişiyevin oğlu Elvin Atakişiyevdir. O, Milli Qəhrəmanın iki qızından sonra doğulan yeganə oğul yadigarıdır.

Milli Qəhrəman haqda arayış: Aslan Atakişiyev 1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub.  1970-ci ildə  ildə orta məktəbi bitirən Aslan Atakişiyev 1972-ci il və 1974-cü illərdə hərbi xidmət keçib. 1977 -ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1981-ci ildə ali təhsilini başa vurub və  Qubadlı rayonunda müəllim işləməyə başlayıb.
Qarabağ hadisələri başlayanda o, müəllim işləyirdi. Vətən  torpaqlarının təhlükə altında olduğunu görən Aslan Atakişiyev  öz doğma peşəsindən ayrılıb cəbhəyə yollanır.

Aslan Atakişiyev torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilib. Cəbhə rəhbərliyi həmişə onun bu cəsarətini yüksək qiymətləndirib. Bu hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi məsuliyyətli bir vəzifəyə gətirib çıxarıb. Lakin tabor komandirinin müavini olmasına baxmayaraq öz əsgərləri içərisində döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi.

Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərib.
1992-ci il 7 avqustda  Sussuzdağ yüksəkliyi uğrunda gedən qızğın döyüşlər onun son oldu. Döyüş zamanı Aslan Atakişiyev əsl qəhrəmanlıq göstərib həlak oldu. Lakin vətən onun bu igidliyini yüksək qiymətləndirdi və ona Azərbaycanın Milli Qəhrəmanı adını verdi.

Elvin atası haqqında danışmaqda çətinlik çəkir. “Atamın yoxluğunu yaşım artdıqca daha çox hiss edirəm” deyir.

 “5 yaşlı uşağın yadında nə qala bilər ki...”

- Atamı itirəndə 5 yaşım vardı. Bacılarım məndən böyük idi. Və o dövr bizim üçün çox ağır keçdi. Anam da, nənəm də atamın yoxluğu ilə barışa bilmirdilər. Ata evin dayağıdır. O rəhmətə gedəndən sonra anam mənimlə nəfəs alırdı. Bir tək oğul övladı olaraq ona hər zaman mənəvi dəstək olmağa çalışırdım.

“Atamla bağlı xatirələrim mənə çox əzab verir”

S?kil:Aslan Atakisiyev.jpg- Atam mənim xatirəmdə, bütün düşüncələrimdə mərd və vətənpərvər bir insan kimi qalıb. İstər-  istəməz bu xatirələri hər gün hansısa hadisə ilə bağlı xatırlayıram. Amma yaşım az olduğuna görə atamla bağlı çox şeyi demək olar ki, yada sala bilmirəm. Yadımda qalan ən maraqlı hadisə odur ki, uşaq vaxtı  evdən qaçıb batalyonun əsgərlərinə baxa bilmək üçün tez-tez gözdən itirdim. Hərbi maşınların həyətimizə gəlməsi uşaq olsam belə, yadımdan çıxmır.

Atamla eyni döyüş bölgəsində olanların çoxu bizim qohumlardır. Onlar atamla bağlı xatirələri hər zaman bizimlə bölüşürlər. Dostluq münasibətlərimizi hər zaman saxlayırıq. Çünki onlardan hərbiyə aid öyrənəcəyim çox şey olduğunu düşünürəm. Həm də atamın göstərdiyi  qəhrəmanlıqları danışanda qürur və şərəf hissi duyuram.

Bir dəfə universitetdə atama dərs deyən müəllim ondan soruşub ki, “sən ali təhsillisən, yaşın da keçib, müharibəyə niyə gedirsən?” Atam da cavabında “sən narahat olma, mən elə ali təhsilli olduğum üçün vətənim uğrunda gedən döyüşlərə qatılacam. Əlimdə gördüyün axırıncı gülləni də özüm üçün saxlamışam. Əgər ermənilər bizi mühasirəyə alarsa, onlara əsir düşməmək üçün axırıncı gülləni də özümə vuracam. Mənim üçün yaşımın heç bir önəmi yoxdur” demişdi.  

O çox cəsarətli insan idi və hər zaman döyüşlərin önündə olarmış. Əgər onda yaşamaq hissi qürurdan yüksək olsaydı, sağ qalmaq üçün əlindən gələni edərdi.

Atam deyirmiş ki, o, heç vaxt əsir düşmək haqda düşünmürmüş. Ona görə ki, övladları onu  əsirlikdən qayıdanda işgəncə verilmiş vəziyyətdə görə bilməsinlər. 

Anam danışır ki, bir dəfə atamgil kəşfiyyata gediblər və görüblər ki, düşmən silahının nişangahı bizim evə tuşlanıb. Məqsəd məhz atamı -  komandiri öldürməkmiş. Düşmən atamı həmişə qiymətləndirir, ondan qorxurmuş.

Onun döyüş yoldaşları mənə danışırdılar ki, bir dəfə atamın yanında bir uşaq olub, soruşublar ki, bu sizin oğlunuzdur? Atam isə “kaş öz oğlum indi burda yanımda olaydı. O da mənimlə bir yerdə döyüşəydi” deyə cavab verib.

“Qubadlı hadisələri onu hərbi hissəyə könüllü yazılmağa sövq edib”

- 1989-cu ildə mənim iki yaşım vardı, bacılarım da balacaydılar. Atam bizim körpə olmağımızı belə, nəzərə  almadan könüllü olaraq hərbi hissəyə yazılmışdı. Ailəmizdə belə bir qanun var idi ki, evin kişisi hansısa bir addım atıbsa, buna kiminsə müdaxilə etməyi heç də doğru olmaz.  Atam  torpaqlarımızın azadlığı uğrunda canından belə, keçməyə hazır insan  idi. Mən indi düşünürəm ki, atam çox doğru addım atıb o dövr üçün bu qərar çox vacib idi.

Mən atamla fəxr edirəm. Atam 39 yaşında şəhid olub. Və mən bu gün onunla fəxr edirəm. Çünki bu yaşda bu zirvəyə yüksəlmək hər insana nəsib olmur.

“Atamın ölüm xəbəri - anamın acı fəryadı”

- Hadisəni öz gözlərimlə gördüyüm üçün o mənzərə hələ də mənim yadımdan çıxmır. Anamın, nənəmin o anda qopardığı fəryadı, bacılarımın ah-naləsi bu gün də dünən olmuş kimi gözümün önündədir. O zaman hərbçilər atamı gətirmişdilər. Bu hərbçilər  kəndimizin sakinləri idilər. Çünki hər ərazinin özünün könüllü batalyonu olurdu və onlar bütün çətinliklərdə bir-birlərinə kömək olurdular. Atamın cənazəsi yola salındı və anamın üzündəki o ifadə məni bu gün də ona baxdıqca çox üzür. Bizə hiss etdirməməyə çalışsa da, uşaqlara necə baxacağı və onların gələcəyi barədə düşüncələri onu çox sarsıdırdı. Amma çətinliklə də olsa, anam bizi böyütdü. Qohumlarımız və əsasən da əmimin üzərimizdə çox böyük zəhməti var. Onlar bizə həm maddi, həm də mənəvi cəhətdən dayaq olublar. Bu hadisələrdən sonra köçüb Sumqayıta gəldik. Burada dolanışıq bizim üçün nə qədər çətin olsa da, anamla birgə öhdəsindən gəlməyə çalışırdıq.
Şükür, çətinliklə də olsa, birtəhər böyüdük. Hər üçümüz ali təhsil aldıq.

“Cəmiyyətimiz Milli Qəhrəman adını daşıyan insanları daha yaxından tanımalıdır”

- Bu gün cəmiyyətimiz Milli qəhrəmanları tanımaq bir kənara qalsın, onlara nə üçün bu adın verilməsindən xəbərsizdir. Bu müharibə şəraitində olan bir ölkə üçün çox acınacaqlı haldır. Axı bu qəhrəmanlar onlar vətən uğrunda düşünmədən canlarından keçən mərd insanlardır. Düşünürəm ki, həmin qəhrəmanlarla bağlı ölkəmizdə təbliğat yetərincə zəifdir. Ona görə də bu fikirlər ta orta məktəbdən başlayaraq gənclərə aşılanmalıdır. Bu gün mən ətrafımda olan bütün dostlarıma atamla birgə döyüş bölgəsində iştirak edən  insanların göstərdiyi qəhrəmanlıqları fəxrlə danışıram. Atam ermənilərin öldürmək istədiyi qəhrəman  olub. Ona görə də belə insanların tanıdılmasına təkcə məktəb və universitetlərdə deyil, televiziya və radiolarda da yer ayrılmalıdır.

“Milli Qəhrəman övladı adı altında hər hansı iş istəmirəm”

- Üç hərbi məktəb bitirmişəm: Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına ali  hərbi məktəbi və  Silahlı qüvvələrin təlim-tədris mərkəzini. Təhsilimi mükəmməl başa vurmuşam. 8 il hərbi təhsil aldığıma görə, istəyim də hərbi xidməti davam etdirməkdir. Bir neçə ay bundan öncə keçirdiyim qəza ilə bağlı hərbdə işləməyimə qanunla icazə verilmir.
İndi işsizəm. Əvvəlcə hərbi hissədə qulluq etmişəm. Amma onu da deyim ki, Milli Qəhrəman övladı adı altında hər hansı iş istəmirəm. Mən bu addan indiyədək istifadə etməmişəm, bundan sonra da istəmərəm ki, harasa müraciət edəndə deyim ki, mən Milli Qəhrəman övladıyam.


Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI