Modern.az

Avropa YAP-ı sevindirdi, müxalifəti çaşdırdı- RƏYLƏR

Avropa YAP-ı sevindirdi,  müxalifəti çaşdırdı- RƏYLƏR

Təhsil

12 İyul 2013, 14:27


Avropa Parlamenti Azərbaycanda seçki ərəfəsində ölkəmizlə bağlı ciddi qərar verib. Avronest PA-nın vitse-prezidenti, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov “APA” ya açıqlamasında bildirib ki, Avropa Parlamenti Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarıb. Bu qərarı partiyalar necə qarşılayır? Modern.az  mövqeləri öyrənib.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, bu qərar olduqca əhəmiyyətli və təqdirəlayiqdir. “Azərbaycanda həmişə azad, ədalətli, demokratik seçkilər keçirilib. Azərbaycan postsovet məkanında ilk dəfə olaraq özünün seçki qanunvericiliyini təkmilləşdirib. Seçki qanunvericiliyi əvvəl bilavasitə ATƏT-in insan haqları bürosunun nümayəndələri ilə, sonradan isə Avropa Şurasına daxil olduqdan sonra Venesiya Komissiyasının məsləhətləri əsasında dünya praktikasına uyğun olan Seçki Məcəlləsi qəbul edildi. Hüquq baxımından bu gün Azərbaycanın nümunəvi Seçki Məcəlləsi var” deyən hakim partiya funksioneri qeyd edib ki, digər ölkələr də Azərbaycanın seçki qanunvericiliyindən nümunə götürə bilər. “Digər tərəfdən isə Azərbaycan və digər ölkələrdəki seçkiləri müqayisə etdikdə görərik ki, ən çox müşahidəçi bizdə olur”. YAP rəsmisi Azərbaycanda keçirilən seçkilərin legitimliyini  şübhə altına alanları isə tənqid edib və bundan təəssüfləndiyini dilə gətirib.   

“Təəssüflər olsun ki, bəzi hallarda öz gözləri ilə gördükləri halda müəyyən ölkələrin təsiri altında beynəlxalq qurumlar Azərbaycanda keçirilən seçkilər haqqında qərəzli qərarlar veriblər. Mən bələdiyyə və digər seçkilərdə bu cür halların dəfələrlə şahidi olmuşam. Bunlar təmsil olunduğu dövlətlərin təkidi nəticəsində ədalətsiz bəyanatlar veriblər. Azərbaycan yeganə ölkədir ki, verilən tövsiyyələrin əksəriyyətini qəbul edib. Hansı dairədə seçki pozuntuları olursa, onların məhkəmə  Yolu ilə ləğv edilməsi ilə ləğv olunur. Bütün görülən işlərin hər birini nəzərə alaraq Avropa Parlamenti əvvəlki illərdən fərqli olaraq ədalətli qərar qəbul etdi. Amma Azərbaycan hökuməti yenə də elan edib ki, dünyanın istənilən ölkəsindən seçkiləri müşahidə etmək üçün ölkəmizə gələ bilərlər. Ancaq Rusiyada seçkiləri müşahidə etmək üçün ATƏT-ə əlli yer verilmişdi. Amma bizdə xarici müşahidəçilərə məhdudiyyət qoyulmur”-deyə vurğulayıb.

AXCP sədrinin müavini Razi Nurullayev isə bu qərarın onda çaşqınlıq yaratdığını dedi. “Bir ay bundan öncə Avropa Parlamenti İlqar Məmmədovun işi ilə bağlı qətnamə qəbul etdi. Burda həmçinin Azərbaycandakı seçkilərin tam monitorinqinin keçirilməsi nəzərdə tutulurdu. Bunun ardınca indi belə qərar məndə çaşqınlıq yaradır. Amma mən inanmıram ki, Avropa Parlamenti Azərbaycanda demokratiyanın inkişafında maraqlı deyil. Çünki Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycanda azad iqtisadiyyatın inkişafı və liberallaşdırılması ilə bağlı kəskin tələbləri var. Yeni verilən qərarın isə arxasında bir məntiq olmalıdır. Yəqin ki, bunu Avropa Birliyi rəsmiləri özləri açıqlayacaqlar”-deyə bildirib.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım