Modern.az

Əli Əhmədov: “Prezident kürsüsündə İlham Əliyevi görsünlər”

Əli Əhmədov: “Prezident kürsüsündə İlham Əliyevi görsünlər”

Təhsil

12 İyul 2013, 16:07


Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov partiyanın Göyçay rayon təşkilatının fəalları ilə görüşüb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə MM-in komitə sədri Şəmsəddin Hacıyev, Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov iştirak ediblər.
Toplantını giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədr müavini Sahib Şükürov bildirib ki, rayon təşkilatı 88 ilk özək təşkilatında 7401 nəfər üzv cəmləşdirib. Bunlardan 4228 nəfərini qadınlar, 2846 nəfərini isə gənclər təşkil edir. Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar olaraq seçici siyahıları dəqiqləşdirilərək YAP-ın məlumat bazasına yerləşdirilib. Göyçay rayonu üzrə 2 seçki dairəsi - 88 saylı Göyçay, 89 saylı Göyçay-Ağdaş seçki dairələri fəaliyyət göstərir. 88 saylı seçki dairəsi üzrə 40214 nəfər, 89 saylı seçki dairəsi üzrə isə 21190 nəfər seçici vardır. 88 saylı dairədə 41, 89 saylı məntəqədə isə 17 seçki məntəqəsi fəaliyyət göstərir. YAP Göyçay rayon təşkilatında seçki qərargahı yaradılıb. Hər bir dairə və seçki məntəqəsi üzrə məşvərətçi hüquqlu üzvlərin, müşahidəçilərin və seçici imzası toplayan şəxslərin siyahısı hazırlanıb.

Seçki qərargahının tərkibi dəqiqləşdirilərək 30-50 nəfərdən ibarət təbliğat qurupu yaradılıb.
S.Şükürov son 10 ildə prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində Göyçay rayonunun iqtisadi, sosial, mədəni və digər sahələrdə inkişaf etməsini xüsusi vurğulayıb. S.Şükürov insanların ölkə Prezidentinə dərin rəğbət bəslədiyini diqqətə çatdırıb: "YAP Göyçay rayon təşkilatı 2013-cü ilin 16 oktyabr tarixində keçiriləcək prezident seçkilərinə tam hazırdır və partiyamızın üzüvləri bir nəfər kimi səfərbər olunaraq liderimiz, partiyamızın sədri İlham Əliyevin parlaq qələbəsini təmin etmək üçün bütün səylərini ortaya qoyacaqdır".

YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında ilk olaraq partiyanın Göyçay rayon təşkilatının üzvlərini salamlayıb və bildirib ki, qarşıdan gələn prezident seçkiləri öncəsi sizlərlə görüşün məqsədi budur ki, partiya olaraq fəallığımızı daha geniş şəkildə göstərək: "YAP-ın namizədi Prezident İlham Əliyevin 10 il ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluq həddi 50 faizdən 6 faizə enib. Həyatımızın bütün sferalarında dinamik inkişaf həyata keçirilib. Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib. Həyatımızda baş verən ciddi dəyişikliklər ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmasının nəticəsidir. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabirlik, əmin-amanlıqdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır. Bu şərait insanlarımızı sövq edir ki, növbəti 5 ildə də prezident kürsüsündə İlham Əliyevi görsünlər. Biz əminik ki, göyçaylılar hər zaman olduğu kimi bu dəfəki seçkidə də Heydər Əliyev siyasi xəttini müdafiə edərək cənab İlham Əliyevə səs verəcəklər".

Əli Əhmədov çıxışının sonunda YAP-ın rayon fəallarına tövsiyyələrini verərək qarşıda duran vəzifələrdən bəhs edib.
Millət vəkili Şəmsəddin Hacıyev öz növbəsində İlham Əliyevin alternativsiz olduğununun təkcə Azərbaycan ictimaiyyəti tərəfindən deyil, dünyanın super dövlətləri, Avropa ölkələri tərəfindən birmənalı qəbul olunduğunu diqqətə çatdırıb. Ş.Hacıyev seçkiöncəsi siyasi həmfikirlilərini İlham Əliyevin təbliğatını həyata keçirərkən həqiqətə söykənmələrini, heç bir fantaziyalardan istifadə etməməyi tövsiyə edib: "Çünki İlham Əliyevin 10 illik failiyyəti xalqımıza aydın görünür".
Gənclər adından Ləman Hacıyeva, ağsaqqallar adından Asif Nəbiyev çıxış edərək göyçaylıların prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyərək ona səs verəcəklərini bildiriblər.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək Göyçayda son illər Prezident İlham Əliyevin qayğısı ilə görülən abadlıq, quruculuq işlərindən, rayonda açılan yeni sosial obyektlərin əhəmiyyətindən və insanların rifah halının yüksəlməsindən ətraflı danışıb.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...